“Kino gününə bir gün qalmış onun ölümü mənim üçün çox ağır xəbər oldu”-FOTO
2-08-2023, 14:13
“Rasim Balayev mənim həyatımda böyük rol oynayıb”
“Milli kino günündən bir gün öncə Cəmil Fərəcovun dünyadan köçməsi məni həqiqətən də təsirləndirdi. Onun ölüm xəbərini eşidib çox pis olmuşam. Mən bilirdim ki, Cəmil axır vaxtlar xəstəlikdən əziyyət çəkir. Amma həmişə bizi görəndə gülürdü, xəstəliyini gizlədirdi. Allah rəhmət etsin. Kino gününə bir gün qalmış mənim üçün çox acı, üzücü xəbər oldu. Bundan əvvəl də yaxın rəfiqəmin həyat yoldaşı səhər saat 5-də ürək iflicindən vəfat etmişdi. İndi də Cəmil.. Cəmil Fərəcovla bağlı gözəl xatirələrim var. Bir yerdə neçə il çalışmışıq, gözəl filmlər çəkib. Hər şeydən əvvəl o böyük insan, yaxşı, sadiq dost idi. Böyük ürəyi var idi. Allah ona qəni-qəni rəhmət etsin. İnanın ki, bu kino bayramından öncə aldığım ən kədərli xəbərdir”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib.
“O ki, qaldı kinomuzun gələcəyinə... Əlbəttə ki, hamı kimi mən də ümid bəsləyirəm. Yeni Mədəniyyət Nazirinə inanıram ki, ən yaxşı qüvvələri, sənətkarları, kinonu sevən adamları səfərbərliyə alacaq və kinomuzun gələcəyi naminə əlindən gələn köməyi əsirgəməyəcək” deyə aktrisa bildirib.
O daha sonra xalq artisti, sənət dostu Rasim Balayevdən danışıb.
“Rasim Balayev mənim həyatımda böyük rol oynayıb. O vaxt kinostudiya bağlanandan sonra aktyorlar, rejissorlar üçün çox pis günlər başladı. Rasim həmişə Rüstəm İbrahimbəyovun yanında işləyib və həmişə ona dayaq olub. O, Rüstəm müəllimin ən etibarlı adamlarından idi. Buna özüm şahid olmuşam. Bir hadisəni heç vaxt unuda bilmərəm. 1992-ci il idi, Rasim mənə zəng edib dedi ki, Kinematoqrafçılar İttifaqına gələrsən, orada Mədəniyyət şöbəsinin müdiri olarsan. Getdim, 3 il həmin şöbədə çalışdım. Mən onda gördüm ki, Rüstəm müəllim içəri girəndə gözü birinci Rasimi axtarır. Rüstəm İbrahimbəyovun ruhu şad olsun ki, onun Rasim Balayev kimi davamçısı var” deyə aktrisa bildirib.