Laçın postuna basqın planı: Ötən gecəki təxribat ...
2-08-2023, 20:32
Ermənistan tərəfindən istənilən təxribat gözlənilir. Azərbaycanın Hərbi Komandanlığı da bu haqda məlumatlıdır. Son günlər erməni tərəfindən edilən təxribat xarakterli gedişlər bunu təsdiq edir. Avqustun 1-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən qaldırılaraq Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməsi də bu cəhdlərin tərkib hissəsidir.
Teref.az bildirir ki, bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, daha bir erməninin Azərbaycan sərhədini pozaraq ərazimizə keçməsi faktı da təsadüfən baş verməyib:
“Erməni tərəfi indi iddia edir ki, guya o, sərxoş halda Azərbaycan tərəfə keçib. Bu da özlüyündə müəmmalı yanaşmadır. Təbii ki, bütün bu məsələlər araşdırılır və Ermənistanın istənilən təxribatına qarşı adekvat addımlar atılacaq”.
Polkovnik hesab edir ki, gərginliyin indiki səviyyəsində bu cür təxribatlar tamam başqa mətləblərdən xəbər verir:
“Azərbaycanla sərhəddə göndərilən kanvoylarda tez xarab olan məhsulların olduğu iddia edilirdi. Deyirdilər ki, guya o maşınlarda ət var. Artıq bir həftəyə yaxındır ki, o maşınlar sərhəddə qalıb. Özləri də işlək vəziyyətdə deyil. Əslində bu, onların növbəti yalanı idi”.
Hərbi ekspert bildirib ki, Laçında sərhəd-buraxılış məntəqəsinə erməni tərəfinin hansısa bir hücum planı ilə bağlı səslənən fikirlərin birmənalı deyil:
“Erməni tərəfi buna cəhd edir. Var gücləri ilə çalışırlar ki, prosesi bu şəkildə həll etsinlər. Amma unudurlar ki, bunun qarşılığı onlar üçün çox ağrılı olacaq. Bundan başqa çıxış yolu sülh masasına oturmaqdır. Çünki təxribatlar onlara baha başa gələcək”.
Üzeyir Cəfərova görə, Azərbaycan Ordusunun erməni tərəfinin bütün hərəkətlərini bloklamaq imkanları var:
“Ordumuz növbəti dəfə qarşı tərəfə daha bir dərs verməyə hazırdır. Sadəcə olaraq Azərbaycan prosesləri səbr və təmkinlə izləyir. Məhz proseslərin yekununa uyğun addım atılacaq”.