“250 insanı əməliyyat etmək üçün 12 donuz tələf etmişəm, üzləri yadımda deyil...” - Tanınmış həkim
3-08-2023, 15:24
“Təxminən, 25 il əvvəl böyrəyin funksiyalarını öyrənmək üçün donuz kəsirdik. Donuza narkoz verib əməliyyat edirsən. Sonra bir müddət yaşamağına imkan verib, yenə kəsirsən. Amma bu səfər dərmanın dozunu bir az yuxarı edib heyvanı öldürürsən. Elmi məqaləm azdır. Lakin sidik kisəsinin həcmini və böyrək funksiyasını öyrənən çox məqalələrim var. Akademia platforması hər gün hansısa iqtibas xəbərini mənə göndərir. Bu gün etdiyim laparoskopik əməliyyatları da donuzlarda öyrənmişəm. Hesablamışam, hardasa 250 insanı əməliyyat etmək üçün 12 donuz tələf etmişəm. Üzləri yadımda deyil, amma öldürməzdən əvvəl beşini sığallamışam - donuzları... Mərhəmət nədir? İnsana yazığı gəlmək, yoxsa heyvanlara? Ya bütün canlılara? İnsan övladı canlını yemədən, dərisini geyinmədən məhv olar. İnsan övladı dərmanları və tibbi prodesurları canlıda sınamadan məhv olar. Mən ölümündə iştirak etdiyim hər donuz üçün düşündüm. Onun canının sizin sağlamlığınız üçün yararlı olması üçün çalışdım. Amma mənim prinsipim budur: Ətini yediyin heyvanın dərisini geyinə bilərsən. Kürk dəbdədir, çox istidir - vecimə deyil. Olmaz! Kürk üçün heyvan öldürmək olmaz! Ancaq ətini yediyin heyvanın kürkünü geyinə bilərsən”.
TEREF.AZ pravda.az-a istinadla xəbər verir ki, bu sözləri tanınmış həkim Vasif İsmayıl deyib.
Həkim bildirib ki, ov etməyə də qarşıdır: “İnsan getsin futbol oynasın, yazıq ayını əyləncə xatirinə öldürməsin! Mərhəmət nədir? Əslində dindar deyiləm, amma İslamda bir qayda var: ancaq yemək üçün heyvan öldürə bilərsən. Onu da icazə ilə. Mərhəmət ancaq sənin yaşamağın üçün ən azını edib, əyləncə üçün şiddət göstərməməkdir. Ov etməyin, kürkü üçün heyvan yetişdirməyin, ancaq yemək üçün heyvan kəsin, qadına, uşağa, sizi dişləməyən qarışqaya mərhəmət edin!”