“Azərbaycanda FETÖ-çuların əksəriyyəti iqtidara yaxın şəxslər olub və onların bir çoxu bu günədək iş başındadır”

4-08-2023, 11:24           
“Azərbaycanda FETÖ-çuların əksəriyyəti iqtidara yaxın şəxslər olub və onların bir çoxu bu günədək iş başındadır”
İyulun 23-də Türkiyə mediası, eyni zamanda yerli media yazdı ki, Azərbaycanda FETÖ-ya qarşı əməliyyat keçirilib, dörd nəfər həbs edilib. Yayılan məlumatlara görə, FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıb.

Daha sonra isə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad ibadoğlu saxlanıldı. Daxili İşlər Nazirliyindən yayılan məlumatda bildirilirdi ki, Qubad İbadoğlu FETÖ ilə əlaqədə şübhəli bilinir. Məlumata görə, FETÖ-çu adı ilə həbs olunan Anar Əliyev ifadəsi zamanı Qubad İbadoğlunun ona saxta dollar satdığını deyib. Bunun əsasında iqtisadçının ofisində axtarış aparılıb. Qubad ibadoğlu məhkəmədə çıxışı zamanı Anar Əliyevi tanımadığını deyib.

Yeri gəlmişkən, mediada yayılan məlumatlarda FETÖ-nun Azərbaycan mediasında da şəbəkəsinin olduğu bildirilir.

Nə baş verir? FETÖ məsələsi yenidən niyə gündəmə gəldi?

Təhlükəsilik məsələləri üzrə ekspert, siyasi şərhçi Ərəstun Oruclu ASTNA-nın bu mövzuda suallarına cavab verib.

* * *

Sual: Ərəstun bəy, “nurçu”, “gülənçi”, “FETÖ-çu” məsələsi 2016-cı ildə Türkiyədə həyata keçirilən uğursuz “darbe” əməliyyatından sonra Azərbaycanın gündəminə gəlmişdi. Həmin zaman Azərbaycanda “nurçu ovu” adı altında xeyli həbslər oldu (hətta bəzi müxalifətçiləri də bu ad altında həbs etdilər), universitet, liseylər bağlandı. Bəs indi nə baş verdi ki, FETÖ məsələsi yenidən gündəmə gəldi?

Cavab: Türkiyədə bu mövzu hər zaman aktual olub və 2016-cı ilin yayındakı baş tutmayan “darbe” nəticəsində başladılan FETÖ-çu ovu həmin prosesin yalnız bir mərhələsi idi. Elə həmin vaxt da Türkiyə iqtidarı öz daxili rəqiblərinin Azərbaycandakı mövqelərini də hədəfə aldı. Yeri gəlmişkən, həmin kampaniya təkcə Azərbaycanı əhatə etmədi, FETÖ-çuların bir çox postsovet ölkələrdəki mövqelərinə də zərbə vurdu. Bütün bunlar o zaman Ərdoğan iqtidarının tələbi ilə baş tutmuşdu və “nurçu” adlandırılan həmin cameənin bu ölkələrin təhsil, biznes, xeyriyyə və media strukturlarındakı mövqelərini sıradan çıxarmışdı. Azərbaycanda həmin kampaniya çərçivəsində bir neçə məktəb (lisey), bir universitet, bir məscid və bir sıra biznes qurumları bağlanmışdı. Bundan sonra da zaman-zaman Türkiyə hökumətinin müraciəti əsasında bu ölkənin həmin şəbəkəyə aid olduğu iddia edilən ayrı-ayrı vətəndaşları da saxlanılaraq Türkiyənin hüquq-mühafizə orqanlarına təslim edilmişdi. Bu gün mövzunun yenidən gündəmə gəlməsi isə məncə daha çox Azərbaycan tərəfin istəyi ilə baş tutub. Ən azı görünən budur. Formal olaraq tələbin Türkiyənin hüquq-mühafizə orqanlarından gəldiyi deyilsə də, saxlanılan şəxslərin hamısı Azərbaycan vətəndaşlarıdır və onların nə dərəcədə FETÖ-çu olub-olmadığı məlum deyil. Yeri gəlmişkən, Azərbaycandaki FETÖ-çu adlandırılan şəxslərin mütləq əksəriyyəti iqtidara aid və ya ona yaxın şəxslər olub ki, onların bir çoxu da bu günədək iş başındadır. Təbii ki, biznes qurumları da öz növbəsində. Odur ki, baş verənlərin nəyə hədəfləndiyini söyləmək belə də asan deyil, hərçənd müəyyən ehtimallar irəli sürülməkdədir. Məsələn, belə iddialar var ki, bu mövzu son zamanlar PKK terror təşkilatına bağlı olduğu deyilən gizli şəbəkənin Azərbaycandakı fəaliyyətilə bağlı durmadan genişlənən ictimai müzakirələri arxa plana keçirmək üçün ortaya atılıb. Başqa bir fikir də var ki, FETÖ-çulara qarşı kampaniya ölkədə vüsət almaqda olan repressiya kampaniyasının tərkib hissəsidir. Bunların hansının və nə dərəcədə həqiqət olduğunu isə zaman göstərəcək. PKK ilə iddianı tam əsassız saymaq olmur, çünki məntiqlə Türkiyə dövləti üçün daha təhlükəli olan və bu ölkənin suverenliyini təhdid altında qoyan PKK-çılarla bağlı Azərbaycan-Türkiyə birgə əməliyyatının olmasını mən nədənsə xatırlamıram.

Sual: Ümumiyyətlə, Azərbaycanda FETÖ təhlükəsi varmı? Varsa, hardan və kimlərdən qaynaqlanır?

Cavab: Belə bir şəbəkə yəqin ki, var və yuxarıda qeyd etdiyim kimi, onların mütləq əksəriyyəti iqtidar düşərgəsinə aid olan şəxslərdir. Bu da təbiidir, çünki ən FETÖ barəsində ortada olan iddialara inansaq, nurçular adlandırılan şəbəkənin əsas hədəfi dövlət və hakimiyyət strukturlarına sızmaq, biznes şəbəkəsi qurmaq və bütün bu resurslar vasitəsilə dövlətin siyasətinə təsir etməkdən ibarətdir. Xatirinizdədirsə, elə 2016-cı ildə və ondan sonrakı mərhələdə də mediada bu təşkilatla əlaqədə adı hallananların mütləq əksəriyyəti iqtdar düşərgəsindən olan şəxslər idi. Onların arasında Prezident Administrasiyasının yüksək rəsmilərinin, parlamentin bəzi deputatlarının da adları çəkilirdi ki, son nəticədə də həmin şəxslərin hamısı tutduqları vəzifələrdən kənarlaşdırıldı. Bu gün FETÖ təhlükəsinin olmasına gəldikdə, düzü bu, çox da inandırıcı görünmür. Ən azı bu mövzu ölkə gündəmində yoxdur və dediyim kimi, daha çox hansısa başqa mövzuları arxa plana keçirməyə yönəlmiş addıma bənzəyir. Hər bir halda, mənə bu versiya daha inandırıcı görünür. Xüsusilə də PKK-ya bağlı olduğunu düşündüyüm kəsimin FETÖ mövzusunda müstəsna canfəşanlığı bunu deməyə əsas verir.

Sual: Bildiyiniz kimi, ADR partiyasının sədri Qubad İbadoğluna qarşı da bu ittiham irəli sürüldü. Qubad İbadoğlunun FETÖ ilə əlaqəsinin olması nə dərəcədə inandırıcıdır?

Cavab: Qubad İbadoğlunun FETÖ ilə əlaqəsinin olması barədə iddialar daha çox siyasi spekulyasiyaya bənzəyir və ADR sədrinin həbsindən bir qədər sonra DİN-nin yaydığı yumşaq desək, solğun açıqlama da bu fikri gücləndirir. Mən şəxsən buna inanmıram və inanmamaq üçün də ciddi səbəblərim var. Birini deyə bilərəm: BİZ (Birlik İnkişafa Zəmanətdir) platforması yaradılanda oraya daxil olmaq istəyən bəzi şəxslərə rədd cavabı verməyimizin əsas səbəbi Qubad bəyin onların Gülən şəbəkəsinə aid olması barədə irəli sürdüyü arqumentlər olmuşdu. Sonrakı mərhələdə şəxsən apardığım araşdırma da deyilənləri təsdiq etmişdi. Odur ki, Qubad İbadoğlu ilə bağlı həmin iddianı zəif fantaziyanın məhsulu hesab edirəm.

Sual: Hakimiyyətyönlü mediada yayılan məlumatlarda FETÖ-nun Azərbaycan mediasında da şəbəkəsinin olduğu bildirilir. Bu cümlə nələrdən xəbər verir?

Cavab: Yəqin planda tənqidçi jurnalistlərə əncam çəkmək də var, ona görə də belə bir fikir ortaya atılıb. Başqa bir səbəb görmürəm. Söhbət vaxtilə Əli Həsənovun formalaşdırmış olduğu media plarformalarından gedirsə, onların mütləq əksəriyyəti bu gün ya sıradan çıxarılıb, ya da “paqonlarını” dəyişərək mövcud siyasi konyunkturanın xidmətinə keçib. Belə olduqda sual meydana çıxır ki, növbəti “FETÖ-çuları” harada tapacaqlar? Bu suala təbii cavab budur ki, onsuz da bir ovuc qalmış tənqidçi jurnalistlərin arasında.

Sual: Son vaxtlar siyasi həbslərin artması, siyasi partiyalar haqqında qanun, şiələrə qarşı həbslər, indi də FETÖ-çu adı altında həbslər. Bütün bunlar nədən xəbər verir? Hakimiyyət nəyə hazırlaşır? Bütün bunlar nəyə hazırlıqdır?

Cavab: Ölkənin bir sıra idarəetmə qurumlarında dəyişikliklər olacağı haqda gedən söz-söhbətlər təsadüfi deyil, məncə. Bunların arasında ən inandırıcı görünən yeni parlamentin formalaşdırılması və bununla əlaqədar qanunvericilikdə müvafiq dəyişikliklərin tətbiq ediləcəyi barədə dolaşan fikirlərdir. Bu da öz növbəsində referendum keçirilməsini nəzərdə tutur. Başqa sözlə, mümkündür ki, qarşıdan gələn mərhələdə referendum və onun da ardınca parlament seçkiləri keçirilsin. Görünür, əsas hazırlıq da həmin mərhələdə və onun ərəfəsində ölkədə “sakitliyin” təmin olunması məqsədilə aparılır. Deyilənlər həqiqətdirsə, demək hələ xeyli “FETO-çu”, “İran casusu”, “Soros uşağı” və s. ifşa edilərək zərəsizləşdiriləcək. Başqa bir səbəb də Azərbaycan və bölgə ətrafında kəskinləşən geosiyasi mübarizə fonunda baş verə biləcək daxili narazılıqların qarşısını almaq üçün indidən “profilaktik tədbirlərin” həyata keçirilməsi ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.