Samir Kazımlı: Cəmiyyət artıq islahatlara inanmır

4-08-2023, 12:44           
Samir Kazımlı:
Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə müsahibəsində son aylarda Azərbaycanfa insan hüquq və azadllıqlarının təmin olunması sahəsində vəziyyətdən, o cümlədən ADR sədrinin həbsinin səbəblərindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda “Siyasi partiyalar haqqında” qanunun tətbiqi müxalif təşkilatlar tərəfindən tənqid olunur. Xüsusilə də Ədliyyə Nazirliyinin partiyaların reyestr məlumatlarının yoxlanılması qaydaları narazılıq doğurur. Sizcə siyasi azadlıqların təmin olunması baxımından yaranmış vəziyyətdən çıxış yolu nədir?

Samir Kazımlı: Çıxış yolu odur ki, burada siyasi mühit açılmalıdır. Siyasi fəaliyyətə imkan verilməlidir. Təəssüf ki, hakimiyyətin yeritdiyi siyasət və yeni qanunun qəbul edilməsindən sonra Ədliyyə Nazirliyinin partiya üzvlərini yoxlaması bunun əksini deyir. Görünür ki, burada daha çox qapanmaya gedilir. Ona görə də bu, ümumiyyətlə siyasi fəaliyyətin qapanması deməkdir. Siyasi azadlıqların fəaliyyətinə imkan verilməsi üçün partiyaların fəaliyyəti mühümdür. Amma görünür ki, burada partiyaların fəaliyyətinə imkan verilmir. Süni əngəllər yaradılır. Gözlənilməz bir mənzərə formalaşıb. Ədliyyə Nazirliyinin istifadə elədiyi metodologiya köhnə sovetdən qalmanı xatırladır. Bu uğurlu bir metodologiya deyil, cəmiyyəti inandırmır və ağlabatan bir izah da verilmir. Siyasi azadlıqların təmin olunması baxımından yaranmış vəziyyətdən çıxış yolu, həmişə qeyd eləmişik, cəmiyyətdən siyasi proseslərə dəstək olmalıdır. İkincisi burada Azərbaycan hakimiyyəti bu prosesin yanlış olduğunu fərk etməli və ya bunu onlara kimsə qeyd etməlidir. Hazırda Azərbaycan hakimiyyəti fərqli bir siyasət yürüdür. Özünün ənənəvi siyasətini davam etdirir. Eyni zamanda qeyd etdiyim kimi cəmiyyət, vətəndaş cəmiyyəti, siyasi partiyaların özü aktiv olmalıdır. Beynəlxalq təşkilatlar da bu məsələdə ciddi mövqe ortaya qoymalıdır.

Amerikanın Səsi: Ölkədə hüquq-müdafiə sistemi nə dərəcədə effektiv işləyir, hüquq müdafiəçilərinin özləri hansısa problemlərlə rastlaşırlarmı?

Samir Kazımlı: Hakimiyyət ictimai müqaviməti mərhələli şəkildə sındıra-sındıra gedir. Bunun birincisi QHT-lərlə bağlı fəaliyyət idi. QHT-ləri sıradan çıxardı və ya zəiflətdi. Növbəti addım media ilə bağlı idi. Reyestr məsələsi gündəmə gəldi. İndi də “Siyasi partiyalar haqqında” qanun. Bu, ümumilikdə cəmiyyətin, ictimai şüurun, düşüncənin, tənqidi fikrin boğulması, sıradan çıxarılması deməkdir. Hakimiyyət istəyir ki, hər şey onun nəzarəti altında olsun. Ona görə də aparılan bu sistemli siyasət uzun müddətdir aparılır və bu gün də davam etdirilir. Təəssüf ki, cəmiyyətin müqavimətini qırıb. Eyni zamanda QHT-lər öz haqlarını tələb edə bilmirlər. Media öz problemlərini həll edə bilmir. Hansı ki, bütün bu sadaladığımız cəmiyyətin problemini həll etməlidir. Bu gün onlar öz problemlərinin içində boğulurlar.

Amerikanın Səsi: İllərdir hüquq müdafiəçiləri ölkədə xeyli sayda siyasi məhbusun olduğunu iddia edir. Bu problemin həlli yollarını necə görürsünüz?

Samir Kazımlı: Problemə yanaşmalar olmalıdır. Bəzi yanaşmalar var ki, məsələn, bəlli siyasi məhbus siyahısı var. Onların azadlığa buraxılması çağırışı edilir. Hakimiyyət də bir müddət sonra onları həbsdən buraxır. Amma müəyyən müddətdən sonra yeni həbslər həyata keçirir. Məsələn, son dövrlərə baxsaq Bəxtiyar Hacıyev, Nazim Bəydəmirli, Qubad İbadoğlunun həbsləri var. Ona görə də artıq siyasi məhbus yaradacaq müxanizmlər aradan qaldırılmalıdır. Bunun üçün isə məhkəmələr müstəqil olmalıdır. Hakimiyyətin siyasi iradəsi olmalıdır.

Amerikanın Səsi: Müxalif siyasətçi Qubad İbadoğlunun həbsi ölkədə siyasi mübarizə mühitinə nəcə təsir edir?

Samir Kazımlı: Bura müxtəlif yöndən baxmaq olar. Burada insanlarda qorxu mühiti də yarada bilər. Məsələn, Qubad İbadoğlu kimi tanınmış bir insan həbs olundu. Amma bu əks effekt də verə bilər. İnsanlar artıq əsəbləşə bilər. Bəzi insanlar fikirləşir ki, Azərbaycan hakimiyyəti yumşalıb, siyasi təzyiqlərə getməyəcək. Buna ehtiyac yoxdur. Müəyyən islahatlar olmalıdır. Hakimiyyət artıq siyasi məhbus problemini həll etməlidir. Bu gözləntilər artıq sıradan çıxa bilər. Bu onu göstərir ki, artıq hakimiyyət belə siyasət keçirməyəcək. Buradan belə bir məsələ də yarana bilər ki, beynəlxalq təşkilatlar hesab edir ki, Azərbaycanda siyasi təqiblər azalıbdır. Hakimiyyətin özü də bəzən onlara bildirirdi ki, artıq əvvəlki kimi siyasi həbslər etmirik. Tanınmış adamlar həbs olunmur. Amma, Qubad İbadoğlunun həbsi göstərdi ki, hakimiyyətin dedikləri doğru deyir və Qərb təşkilatlarının da bu inamı yanlış imiş. Mənə elə gəlir ki, bu həbs beynəlxalq təşkilatları bir dilemma qarşısında qoyacaq.

Amerikanın Səsi: Ölkədə siyasi hüquqların təminatı sahəsində hökumətin verdiyi qarantiyalar reallığı əks etdirirmi?

Samir Kazımlı: Xeyr əks etdirmir. Hökümət imitasiya ilə məşğuldur. Dindirsəniz deyəcək ki, Azərbaycanda siyasi məhbus məsələsi yoxdur. Heç bir adam siyasi təzyiqə məruz qalmır. Onlar həm də deyəcəklər ki, əslində bu “Siyasi partiyalar haqqında” qanun irəliyə doğru addımdır. Necə ki, QHT-lərlə bağlı qanunlara da belə deyirdilər. Əslində bütün bunlar gerilikdir. Geriyə atır prosesləri. Hakimiyyət də öz hakimiyyətini qorumaq üçün bu tipli imitasiya xarakterli addımlar atır. Bunlar inandırıcı deyil. Məsələ burasındadır ki, cəmiyyət bu məsələyə inanmır. Müəyyən müddətdən sonra hakimiyyətin yalan danışdığı praktikada üzə çıxır.

Qeyd: Bu Samiq Kazımlının fikirləridir. Rəsmi Bakı ölkədə davamlı islahatların aparıldığını bildirir. İnsanların əqidəsində görə təqib edilmədiyini, vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir. Dövlət rəhbərləri ölkədə siyasi məhbusların oldğunu qəbul etməsə də Avropa Şurası Parlament Assambleyasında Azırbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.