“Kimsə mənə bu cür uduzacağımızı desəydi, şoka düşərdim”
6-08-2023, 10:34
“Araz-Naxçıvan”ın forvardı Elvis Maşike Premyer Liqanın açılış turu çərçivəsində “Turan Tovuz”la keçirdikləri matçdan (0:3) sonra Sportinfo.az-a müsahibə verib.
Ötən mövsüm Maltanın yüksək liqasında 18 qolla yadda qalan konqolu hücumçu komandasının məğliubiyyətindən və gələcək planlardan söz açıb.
- Azərbaycanda və yeni komandanda ilk oyuna çıxdın. Təəssüratlarını eşitmək maraqlıdır.
- Xeyli vaxtdır kollektivlə məşq etmirdim. Sonuncu dəfə “Hamrun”un heyətində apreldə rəsmi oyuna çıxmışdım. İki aydan çoxdur məşqsiz idim. “Araz-Naxçıvan”da dünən (aprelin 3-də) ilk məşqimə çıxdım, bu gün əvəzetmədən oyuna qoşuldum. Odur ki, indiki anda öz çıxışımdan razı qala bilmərəm. Bu gün maraqlı oyun alındı. Hiss olunur ki, bizi qarşıda gərgin mövsüm gözləyir.
-Gərgin mövsümdə “Araz-Naxçıvan”ın gələcəyini necə görürsən?
- Bu gün uduzmalı deyildik. İlk hissədə kimsə mənə bu cür uduzacağımızı desəydi, şoka düşərdim. Ehtiyatda oturmuşdum deyə, komandamızın necə oynadığını yaxşı görürdüm. Düzünü desəm, zövq aldım. Belə davam etsək, qələbələr gələcək.
- Ötən mövsüm Malta çempionatında 18 qol vurmuşdun. Burada azarkeşlər səndən neçə qol gözləsin?
- Bu suala konkret cavab vermək çətindir. Bəli, hücumçuyam, işim qol vurmaqdır. Nə qədər çox qol vursam, komandama və özümə fayda vermiş olacağam. Hər zaman öz işimi yerimə yetirməyə çalışmışam. Bundan sonra da əsas məqsədim rəqib qapısına qol və ya qollar vurmaq olacaq. Nə dərəcədə və necə alınacağını mövsümün gedişi göstərəcək.