Polis kimi mənim vəzifə borcum odur ki, köməyə ehtiyacı olanlara köməklik edim, əlimdən gələni əsirgəməyim.
20-05-2015, 16:16
Bu da dünənki faciə içində bütünləşən və qəhrəmanlaşan polis nəfəri. Biz onu ayaqda gördük. Yanan binanın içindən sağ çıxartdığı dördüncü şəxsin həyatını əmin əllərə təslim etdikdən sonra...
Onu bir də ayaqüstə görə bilmədik.
Sorağını ağır vəziyyətdə reanimasiyadan aldıq. Biz qəhrəmanımıza baş çəkəndə artıq özünə gəlmişdi.
- Özünüzü təqdim edərdiniz?
- Qocayev Şahin Alı oğlu.25 yaşım var.
- Vəzifəniz?
- Hal-hazırda Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan çevik polisdə xidmət aparıram.
- Hadisə barədə bir balaca məlumat verərdiniz.
- Hadisə belə oldu ki, idarənin məlumat hissəsinə bildirdilər ki, binada yanğın hadisəsi baş verir, dərhal ora yaxınlaşın. Hadisə yerinə gələndə gördük ki, bina od tutub yanır, çox güclü yanğın idi. Əlehqazı geyinib binaya daxil oldum. 3 nəfəri xilas etdim, axırıncını çıxardanda özüm huşumu itirmişəm.
- Artıq sosial şəbəkələrdə, KİV-də hər kəs sizi bir qəhrəman olaraq tanıyır.
- Çox sağ olun. Amma mən bunu qəhrəmanlıq üçün eləmədim, bu mənim vəzifə borcum idi. Çünki yananlar arasında mənim anam, bacım, yaxınlarım da ola bilərdi. Polis kimi mənim vəzifə borcum odur ki, köməyə ehtiyacı olanlara köməklik edim, əlimdən gələni əsirgəməyim.
- Ancaq öz həyatını təhlükəyə atdın, ölməkdən qorxmadınmı?
- Elə an idi ki, heç ölümü düşünmədim. Binaya daxil olanda insanların fəryadını eşitdim. O an ölüm çox ucuz və gözdən düşmüş olur. İstəyirsən ki, gücün çatdığı qədər insanları xilas edəsən. Bütün bu olanları göz önümə gətirib, qərar vermişdim. Mənim həyatım bir nəfərin taleyidir, amma mən orada 4 insanı xilas edə bildim.
- Xilas etdiyin şəxslərin yaşları, özləri barədə məlumatın varmı?
- Birinci xilas etdiyim yaşlı kişi idi, ikisi orta yaşlı idi, lap axırıncı xilas etdiyim isə tələbə idi. Verilən məlumata görə, həmin tələbəni xilas edəndə huşumu itirmişəm və həmin tələbə ilə birgə xəstəxanaya çatdırılmışam.
- Özünü indi necə hiss edirsən?
- Normal. Rəhbərliymizin də xüsusi diqqətindəyik. Hər kəsə təşəkkür edirəm.
- Xilas etdiklərin şəxslərdən sənə baş çəkən olubmu?
- Bəli. Axırıncı xilas etdiyim tələbənin valideynləri gəlmişdilər.
- Yormayaq səni, çox sağol. (Atv.az)