“Təəssüf ki, bəzən media özü zorakılığı təbliğ edir”
15-10-2023, 07:36
Məşhur jurnalist: “Qadın hüquqlarının müdafiəsi adı ilə yayımlanan televerilişlərin çoxu birbaşa qadınların əleyhinədir”
“Mediada işimiz çətindir, yazdığım mövzular qadın cinayətləri, uşaqların istismarı, zorakılıq məsələləri olduğundan məsuliyyət, işin ağırlığı ikiqat artmış olur”.
Bu etirafı söhbətimiz əsnasında, Türkiyə mediasında imzası ilə tanınan və iyirmi illik təcrübəsi olan Evrim Kepenek deyib.
Müsahibim Türkiyənin “Cumhuriyyət” “Birgün”, “Taraf”, kimi məşhur qəzetlərində, DİHA agentliyində, həmçinin bir neçə TV kanalında müxbirlik edib. Daha çox ekoloji vəziyyət və hüquq mövzusunda ixtisaslaşıb. Bir neçə media ilə bağlı kitaba töhfəsini verib, aktiv media nümayəndəsi kimi mükafatlara layiq görülüb.
Evrim xanım hazırda https://bianet.org/ media qurumunda redaktor kimi fəaliyyət göstərir. Eləcə də, internet mediada “Kadınların gündəmi” adlı bloqun köşə yazarı, işlədiyi saytda Türkiyə üzrə aylıq və illik “Qadın və uşaqlara qarşı zorakılıq” (“Erkek şiddeti”) hesabatının müəllifidir.
İlbəil qadın qətllərinin sayı artır...
Evrim Kepenek tək Türkiyədə deyil, dünyada qadınlara qarşı zorakılıqla mübarizədə çarəsizliyin mövcudluğunu dilə gətirib: “Desək ki, yalnız Türkiyədə bu problem var, doğru olmazdı. Görülən tədbirlərə, mövcud qanunvericiliyə və qadın hüquq müdafiəçilərinin davamlı faəliyyətinə baxmayaraq, qadın və uşaqlara qarşı zorakılıq halları qarşısında acizik. Buna baxmayarq, səylərimizi həm media nümayəndələri olaraq, həm də bir vətəndaş olaraq davam etdirməliyik. Mən uzun illərdir bu məsələlər içərisindəyəm, əvvəldə də dediyim kimi, belə xəbərləri işləmək və yayımlamaq o qədər həssaslıq tələb edir ki, gərək qızıl ortanı tapasan, kimsənin hüquqlarını pozmayasan. Jurnalistlərə qarşı da haqsızlıqlar olur, zorakılıq görmüş uşaq və qadını müdafiə edənlər də bəzən zərbə altında qalır, amma başqa yolumuz yoxdur, bu, bizim işimizdir. Mənim də indiyədək məhkəməyə düşdüyüm sirr deyil, xəbərini yazdığım insanlar tərəfindən şikayət olunmuşam. Sözsüz, peşəkar kimi işimi icra etdiyimi sübuta yetirmişəm. Məni şikayət edənlər aqressiv insanlar, zorakılıq qurbanlarının yaxınları olub. Onlar məni hamıya və mediaya açıq olan xəbərləri yaymaqda təqsirləndiriblər”.
Evrim xanımın sözlərinə görə, Türkiyədə də qadın cinayətləri məişət zorakılığı qurbanı kimi çox halda statistikaya düşmür: “İnsanın hansısa qəza, yaxud hadisə nəticəsində ölməsi ilə zorakılıq nəticəsində dünyasını dəyişməsi fərqli məsələdir. Zorakılıq aktı cinsindən, yaşından asılı olmayaraq bir insanın hüququnun pozulmasıdır. Qadınların zorakılılqa bağlı şikayətləri polis orqanlarında bəzi hallarda diqqətə və rəsmi qeydiyyata düşmədiyi kimi, onların davamlı zorakılığın fəsadı kimi öldürülməsi də saya alınmır. Mən ictimailəşdirilən belə cinayətləri bir araya toplamaqla aylıq və illik rəqəmləri əldə edirəm. Bu, tam Türkiyədəki mənzərəni göstərməsə də, yenə də rəqəm olaraq çoxdur. Türkiyənin ilk qeyri-dövlət qadın sığınacağı olan “Mor çatı” (“Bənövşəyi dam”) təşkilatının da maraqlı hesabatları var. Onların sonuncu dəfə “260 gündə 266 qadın qətl edildi” etiraz dolu çıxışları böyük əks-səda doğurmuşdu. Bu təşkilatın da hesabatında maraqlı faktlar var. Birini qeyd edim. Bilirsiz ki, sığınacağın yeri anonim olmalıdır, amma polisin orada qalan qadının ərinə ünvanı verməsi qətllə nəticələnmişdi, ər arvadını oradaca tapıb öldürmüşdü”.
“Bianet.org” səhifəsində “Erkek şiddeti” adlı araşdırmada rəqəmləri görmək olur. Misal üçün, bu ilin iyununda 25, iyulunda 22, avqustda 31, sentyabrda 42 qadın öldürülüb. Göstəricilərə nəzər yetirdikdə belə mənzərə ortaya çıxır: qətllərdən əlavə, hər ay orta hesabla 60-65, bəzən daha çox qadın zorakılığa məruz qalır, orta göstəriciyə görə, təqribən 10-12 (daha çox) qız və oğlan uşağı istismar olunur.
Qanundakı boşluqdan “endirim” alanlar yarıda qoyduğu işi tamamlağa cəhd edir
Həmkarım müsahibəsində Türkiyədə zorakılıqla mübarizə ilə bağlı qanunlarda hələ də boşluqların olduğunu bildirib: “Əslində hüquq müstəvisində hər şey gözəl görünür. Çox halda mexanizmlərin olmaması, qadınların müraciət və şikayətlərinin gözardı edilməsi yeni və daha sərt zorakılıqlara yol açır. Qadına qarşı zorakılıqlar əsasən ailə içində olur, ailənin kişi üzvləri, həyat yoldaşı, keçmiş ər tərəfindən həyata keçirilir. Son vaxtlar hökümət sanki həbsxanaları boşaltmağa yönəldilmiş “islahatlar” keçirir. Məişət zorakılığı ilə bağlı qanunvericilikdəki boşluqlardan “endirim” alanlar çoxalıb. Qapalı cəza evlərində olanlar, qətl törətmiş bir qrup məhkum açıq cəzaçəkmə müəssislələrinə keçiriliblər. Bir qrupunun cəzası yüngülləşdirilib, hətta əfv edilənlər var. Araşdırmalarım zamanı aralarında həyat yoldaşını ağır yaralayanlar var, əminəm ki, onların çoxu azadlığa çıxdıqda yarımçıq qoyduğu işi tamamlamaq istəyəcək. Necə ki, belə acı nəticələrin dəfələrlə şahidi olmuşuq. Bu məqamlar bizi narahat etməyə bilməz. Qadınların bəzi hallarda mühafizəsi vaxtında olmur, ya da qadınların özləri də qarşı tərəfin zalımlığına inanmaq istəmir”.
Qadın platformaları ədalət üçün mübarizəsini gücləndirib
Müsahibimizin dediyinə görə, Türkiyə qanunlarında qadınların zərərinə dəyişikliklər də var: “Hətta, deyərdim ki, bəziləri ictimai müzakirələrə çıxarılmadan, çox sürpriz şəkildə edilib. İstanbul Konvensiyasından Türkiyənin qəfil çıxması kimi”.
Evrim xanım çox sayda təcrübəli vəkil qadınların hesabına məhkəmə qərarlarının dəyişdirilməsinə nail olduğunu da vurğulayıb: “Bizim qadın təşkilatları və fəal müdafiəçilərimiz sayəsində bəzi hökumət qərarlarına etirazlarımız olur. Hülya Gülbahar kimi vəkillərimiz qadınların əzilməsinə yönəldilmiş qərarları ictimaiyyətə detallı açıqlayır və qaldırılmış çox məsələ də əzmkarlıq sayəsində həllini tapıb. Qadın qətllərinin ədalətsiz araşdırılmasına qarşı dayanmadan mübarizələr olub. Misal üçün, 2018-ci ildə Şüle Çet adlı universitet tələbəsi iş görüşündən sonra çoxmərtəbəli binadan özünü ataraq intihar etdiyi xəbəri yayıldı. Ailəsi və vəkillər Şülenin bu addımının mümkünsüzlüyünü desə də, iş bağlandı, lakin aktivistlərin uzun mübarizəsindən sonra Şülenin məsələsi yenidən istintaqa verildi. Məlum oldu ki, gənc qıza iki kişi cinsi təcavüz etdikdən sonra onu balkondan atıblar”.
Jurnalistin sözlərinə görə, Türkiyədə mövcud olan problemlərdən biri də uşaq yaşında ərə verilən qızların taleyidir: “Erkən yaşda uşaqların evləndirilməsini, belə izdivacları dəstəkləyənlərin sayının az olmadığını desək, daha doğru olar”.
Media da çox halda zorakılığı təbliğ edir
Evrim Kepenek “vəziyyyəti yaxşılığa doğru dəyişmək üçün nə etmək lazımdır” sualını belə cavablandırıb: “Bu gün ən vacib olanı cəmiyyətdə, sosial, iqtisadi, ictimai mənada qadınlara qarşı ayrı-seçkilik aradan qaldırılmalıdır. Misal üçün, bir də görürsüz, sosial mediada bir xanım zorakılıq edən şəxs haqqında nə isə yazıb, zorakılıq edənin qınanması əvəzinə, həmin xanım tənqid atəşinə tutulur. Bu məsələdə çox nümunələr var, qadına sosial şəbəkə üzərindən təzyiq və çirkin təklif edənlər hər hansı məsuliyyətə cəlb edilməyib, əksinə bunu ictimailəşdirən şəxs barədə xoş olmayan ölçü götürülüb. Bundan başqa, bu gün bizdə də iş elanlarında qadınlara qarşı diskriminasiyalar mövcuddur. Qadının da görə biləcəyi işlərdə yalnız kişi işçi tələbləri yer alır. Təhsildə qızlara verilən haqlar da oğlanlar qədər olmalıdır. Hökumətin bu barədə şifahi tələbləri çoxdur, amma hər il Türkiyədə yüzlərlə qız ibtidai təhsildən uzaq qalır. Hüquq mühafizə orqanlarının işçiləri, polislər zorakılıq halları ilə bağlı ciddi təlimatlandırılmalıdır. Təəssüf ki, zorakılığın ört-basdır edilməsində polis əməkdaşlarının da olması halları var. Hökumət İstanbul Konvensiyasının bərpası yönündə nələrsə etməlidir. Demirik ki, yenidən sənədi qəbul etsin, buna inamım yoxdur, sadəcə oradakı vacib məqamları qadın hüquqlarının müdafiəsi naminə tətbiq etməlidir”.
Həmsöhbətim medianın da zorakılıqla mübarizədəki rolunu əlavə edib: “Təəssüf ki, bizim mediada da çox halda qadını müdafiə etmək əvəzinə, zorakılığı təbliğ effekti yaradanlar var. Mən illərdir, teleseriallarda və TV verilişlərindəki problemlərlə bağlı tənqidi məqalələr yazıram. Qadın hüquqlarının müdafiəsi adı ilə yayımlanan TV proqramlarının demək olar ki, çoxu birbaşa qadınların əleyhinədir və uşaqların zərərli informasiya ilə təminatına xidmət edir. TV kanallar çox mövzuda mikrofonu kişi ekspertlərə uzadır, sanki əmlak, inşaat, texnologiya, iqtisadiyyat və başqa sahələrdə qadın mütəxəssis yoxdur”.
P.S. Türkiyəli jurnalistlə müsahibə BMT-nin Əhali Fondunun (UNFPA- Azerbaijan) dəstəyi ilə yollandığım İstanbul səfəri zamanı hazırlanıb. Təşkilatın jurnalistlər üçün təşkil etdiyi yazı müsabiqəsinin qalibi kimi Türkiyədə təcrübə keçmək şansı əldə etmişəm.
Müəllif: Raminə Eyvazqızı