Gərginlik “qırmızı xətt”ə yaxınlaşır: İkinci cəbhə açılır – Türkiyədən sərt etiraz

20-10-2023, 13:25           
Gərginlik “qırmızı xətt”ə yaxınlaşır: İkinci cəbhə açılır –
“HƏMAS-İsrail münaqişəsi böyüyür. Birmənalı İsraili müdafiə edən ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır və bu da onun özünü hədəfə gətirir. Artıq Türkiyə ABŞ-ın Şərqi Aralıq dənizində hərbi gücünü artırmasına kəskin etirazını bildirib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

“Görünən budur ki, ABŞ bir qayda olaraq NATO-nun şərq cinahını təşkil edən Ankaraya güvənmir və elə ona görə də Aralıq dənizində əsas hərbi güc olmaq rolunu öz üzərinə götürməyə çalışır.

Digər tərəfdən isə bölgədəki İran proksiləri ABŞ hərbi kontingentinin İraqda dislokasiya olunduğu hərbi bazanı atəşə tutub. Yəməndəki İran tərəfdaşı olan husilər isə İsrailə raket atıblar. Atılan raketlərin ABŞ donanması tərəfindən vurulduğu bildirilir. Bu fonda İsrail Qəzzada quru əməliyyatına mütləq başlayacağını açıqlayıb. Bir çoxları, o cümlədən ABŞ Baş nazir Netanyahunu bu addımdan çəkinməyə çağırır. İsraillə “Hizbullah” arasında da ara-sıra mərmi-raket mübadiləsi baş verir”, - ekspert vurğulayıb.

Ərəstun Oruclu hesab edir ki, bütün bunlar Yaxın Şərqdə baş verənlərin hələlik ancaq görünən hissəsidir:
“ABŞ mediası Ukrayna üçün nəzərdə tutulmuş silah-sursatın bir hissəsini İsrailə göndərildiyini bildirir ki, bu da Yaxın Şərqdə vəziyyətin kritik olduğunu deməyə əsas verir.

ABŞ daxilində Bayden adminstrasiyasının siyasətinə yönəlik tənqid artır. ABŞ-ın daxili siyasətindəki vəziyyət onun istər Yaxın Şərq, istərsə də digər bölgələrə yönəlik siyasətinə təsir edən ən mühüm amildir. Xüsusilə də qarşıdan seçki ili gəldiyini nəzərə aldıqda.

Göründüyü kimi, “ABŞ bizə ikinci, üçüncü və sair cəbhə açır” deyənlər çox məharətlə Vaşinqtonun özünə ikinci cəbhəni açmağa nail olurlar. Bundan bütün vasitələrlə yayınmağa çalışan ABŞ isə hələlik yalnız güc nümayişi ilə kifayətlənməyə məcburdur.

Vəziyyəti bir qədər də ağırlaşdıran Yaxın Şərq ölkələrinin əksəriyyətində mövcud durumla bağlı hər hansı planın olmamasıdır. Bu da ölkələr arasında tərəfdaşlığın olmadığını şərtləndirir. Hələlik aydın olan ABŞ-İsrail və Rusiya-İran formatlarıdır. Amma hər bir halda böyük müharibə üçün şərait hələ yetişməyib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.