"Boş-boş danışanlar ömür boyu olub" - QALMAQAL
20-10-2023, 18:17
Tanınmış müğənni Nadir Qafarzadə Füzulidə keçirilən “Şəhər Günü”ndə iştirak etmək üçün Qarabağa yola düşərkən sənətçilərlə bərabər avtobusda çəkib paylaşdığı videonun, eyni zamanda müğənnilərin müharibədə heç bir səy göstərməmələri iddia edilərək torpaqlar azad ediləndən sonra Qarabağa getmələrinin tənqidlə qarşılanmasına münasibət bildirib.
TEREF.AZ bildirir ki, müğənni Pravda.az-a müsahibəsində haqqında səsləndirilən fikirlərə belə cavab verib:
“Boş-boş danışanlar ömür boyu olub. Gəlin, boşluqdan yox, reallıqdan danışaq. Prezidentimizin gücündən, daxili və xarici siyasətindən, hərbçilərimizin şücaətindən, qazilərimizin hünərindən, onların Vətən uğrunda canlarını fəda etməsindən... Ucundan tutub ucuzluğa gedirlər. Sosial şəbəkələrlə yaşasaq, onda ya bu ölkədən köçüb gedək, ya da intihar edək. Sosial şəbəkələr insanların səviyyəsini göstərdi. İstər “Tik Tok”, istər “İnstagram” olsun, orada işsizlər, məqsədsizlər, əxlaqsızlar, tərbiyəsizlər, təhsilsizlər, küçələrdə həyat sürüb, yer üzü boş qalmasın deyə Allah tərəfindən yaradılmış insancıqlar çoxdur. Gözəl şeylərdən danışaq. Azərbaycanın gözəlləşməsindən, Qarabağın yenidən Azərbaycana qovuşmasından danışaq. Danışılmalı şeylər bunlardır. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən konsertə yola düşdük. Təklif almağıma çox sevindim. Açıq söyləyim, belə konsertlərdə yox idim. Birdən-birə mənə təklif gələndə uçmağa qanadım olmadı. Hətta kövrəldim ki, nə yaxşı məni layiq görüblər. Əvvəlcə mahnım qəbul olunmadı, siyahıdan çıxarıldı. Amma sonra gördülər ki, yox, Nadir Qafarzadə bu konsertdə olmalıdır. Yenidən dəvət aldım. Həyatda heç nə elə-belə olmur. Oktyabrın 16-da səhər saat 05:00-də Heydər Əliyev Mərkəzinin qarşısına getdik. Gözəl heyətlə oxuya-oxuya, zarafat edə-edə, sevinclə Qarabağa yola düşdük. Oktyabrın 17-də Füzuli şəhərinə gəldik. Yeni tikilən evlər, öz ata yurduna qayıdan həmvətənlərimiz, Prezidentimizin ora gəlməsi, konsertə hazırlıq, açılış, çal-çağır, küçələrdə Azərbaycan mətbəxinin təqdimatı... Nədən başlayıb, nədə qurtaracağımı bilmirəm. Bu sevinci görmək, yaşamaq lazımdır. Qarabağın havasını Füzuliyə girəndə hiss etdik. Uçulmuş evlər, xarabalığa çevrilmiş Füzuli kəndlərinin mənzərəsi bizi çox kövrəltdi, ağlatdı. Amma göz yaşlarının arasında sevinc də var idi. Hər uğur üçün qurban verməlisən. Biz də qurbanlar verdik, amma artıq şəhidlərimizin ruhu şaddır. Onların qanları yerdə, arzusu ürəyində qalmadı. Düşünürəm, o biri dünyalarında çox xoşbəxtdirlər. Onlar Qarabağ yolunda, torpaq, Vətən uğrunda canlarından keçiblər, Nadirin yolunda yox. Bu gün hansısa jurnalist sənət adamından rahatlıqla müsahibə ala bilirsə, onların sayəsindədir. Qəhrəmanlarımız canlarını fəda ediblər ki, bundan sonrakı illərini Nadir də, ondan müsahibə alan jurnalist də, digər vətəndaşlarımız da xoşbəxt yaşasınlar. Həm “Vətən” deyib döyüşə getdilər, həm də vətəndaş üçün canlarından keçdilər. Xahiş edirəm, insanlar sözümü qəribçiliyə salmasınlar...”
N.Qafarzadə Şuşa barədə təəssüratlarını bölüşüb: “Füzulidən sonra Şuşaya yola düşdük. Bəh-bəh... Şuşanın havası, dağları... Doğrudan da, Şuşa dumanlı nağıllar aləmidir, başqa bir dünyadır. Orada başqa həyat var. Müasir, dünya standartlarına uyğun otellər, evlər tikilib. Şuşaya girişdə Xankəndini gördük, ürəyimiz dağa döndü. Kimisi qışqırdı, kimisi ağladı. İnsanlar sevincdən dəli olmuşdular. Bunları dedikcə bədənim ürpənir. Bunlardan danışmaq lazımdır. Boş danışanlar həmişə olub, olacaqlar da. Onların olmaları bizi daha da yüksəklərə qaldırır. Belə bir deyim var: “Minnətdaram düşmənə, qoymur məni düşməyə...” Yəni düşmən bizə stimul verir ki, daha da irəli gedək. Elələri isə yerlərində addımlayacaqlar, uğurumuza baxıb əriyəcəklər, yox olacaqlar. 52 il sonra Şuşaya getdim. Heç vaxt Şuşada olmamışdım. Şuşa mənim xəyalım, nağıllarım idi. Beynimdə təfsilatlar var idi ki, bəlkə, heç Şuşa deyilən yer yoxdur, bu, nağıldır. Şuşa Azərbaycanın döyünən ürəyidir. Böyük şəhər deyil, amma o kiçikliyin içində necə böyük dünya var. Mən Daşaltını gördüm. Əsgərlərimiz əliyalın, avtomat olmadan o daşları, qayalığı necə qalxıblar? Bilmirəm, sanki nağıldır, inanılmazıdır. İnsan övladı bunu edə bilməz. O qayalığı qalxmaq üçün sənə İlahidən qüvvət gəlməlidir ki, hündürlüyü qalxıb Şuşaya girəsən, əlbəyaxa döyüşüb Şuşanı alasan. Şuşada bəzi darvazalarda güllə izlərini gördüm. Gələcək nəsil bunları görəcək. Düşünürəm, o darvazaları dəyişməzlər, çünki tarixdir. Hər kəsə Şuşaya getməyi, havasını udmağı arzu edirəm, bütün Azərbaycana qismət olsun. Şuşa gələcəkdə turizm mərkəzi olacaq. Dünyanın bütün insanları ora axın edəcəklər. Biz evdə beş nəfərik. Heç beş nəfəri idarə edə bilmirsən, amma bu qədər insanı idarə edə bilmək, problemləri həll etmək, xarici və daxili siyasəti uğurla başa vurmaq böyük işdir. Bunun üçün əsəblərin yerində olmalıdır, buna səbir, ürək, beyin, kişilik lazımdır. Allah cənab Prezidentimizə və ailəsinə cansağlığı versin. Azərbaycan əsgərinə daim yüksəkdə olmağı, güc arzu edirəm”.