Zəngəzur dəhlizində 45 yox, 16 km məsafə qalacaq: - “Qalan torpaq Azərbaycana...”
24-10-2023, 16:22

Rusiyanın xarici işlər naziri Sergey Lavrov növbəti dəfə Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqları ilə bağlı danışıb.
O, Tehranda “3+3” formatında xarici işlər nazirlərinin görüşündən sonra bildirib ki, Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub, indi tərəflər münasibətlərin tam şəkildə normallaşması üçün növbəti əməli addımlar atmalıdır. Lavrov vurğulayıb ki, heç bir maneə olmadan sülh müqaviləsi bağlanmalı, sərhədlər delimitasiya olunmalı və nəqliyyat əlaqələri qurulmalıdır:
“Rəsmi Moskva Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin başlanmasına faktiki kömək etməyə hazırdır. Bütün ekspertlər yaxşı bilirlər ki, delimitasiya ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiyadadır. Tərəfdaşlar bunu başa düşürlər. Biz çalışmırıq ki, bundan böyük problem yaradaq”.
Maraqlıdır ki, Rusiya rəsmiləri hər fürsətdə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasının müəyyən olunması üçün lazım olan xəritələrin Kremldə olduğunu söyləyirlər. Amma sözügedən xəritələr tərəflərə təhvil verilmir.
Axı nə üçün həmin xəritələr Azərbaycana qaytarılmır?
DİA.AZ-ın məlumatına görə, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Lavrov bu sözləri ilə Brüssel formatında keçirilən görüşlərdə bu işlərin həyata keçməyəcəyini deməyə çalışır:
“Lavrov demək istəyir ki, Ermənistan Avropadan əl çəkməlidir. Lakin rəsmi İrəvanın Avropadan əl çəkmək niyyətində olmadığı görünür. Azərbaycan və Ermənistan SSRİ-nin tərkibində olanda 1925-ci ildən SSRİ-nin daxili sərhədləri ümumi şəkildə müəyyənləşib. Yəni respublikaların sərhədləri bu və ya digər formada SSRİ Nazirlər Kabinetinin qərarı ilə dəyişdirilirdi”.
Politoloq əlavə edib ki, əsas məsələ Rusiyanın hansı xəritələri təqdim edəcəyidir:
“Azərbaycanın SSRİ-nin tərkibində olduğu 1924-1925-ci illərin, yaxud ondan sonrakı 1936, 1945, 1954 və ya müxtəlif illərdəki xəritələr gündəmə gələ bilər. Bütün xəritələr Moskvadadır. Nəzərə almaq lazımdır ki, zamanında Azərbaycanın torpaqları alınaraq Ermənistana, İrana, Rusiyaya və ya Gürcüstana verilib. Ona görə də Kremlin hansı xəritəni təqdim edəcəyi önəmlidir. Ümumiyyətlə, Azərbaycanın torpaqları 114 min kvadrat kilometrdən 86,6 min kvadrat kilometrə düşüb.
Düşünürəm ki, Rusiya-Ermənistan münasibətləri indiki kimi davam etsə, Azərbaycanın xeyrinə olan xəritələr gündəmə gələ bilər. Çünki Rusiyanın da öz milli maraqları var. Əgər 1925-ci il xəritələri olsa, artıq Zəngəzur dəhlizində 45 kilometr deyil, cəmi 16 kilometr məsafə qalacaq. Yəni qalan hissə Azərbaycan torpağı olacaq”.
Cümşüd Nuriyevin sözlərinə görə, həmin xəritələr Azərbaycana təhvil verilməyəcək:
“Tərəflər arasında razılaşma olmadığı üçün sözügedən xəritələr nə Azərbaycana, nə də Ermənistana verilə bilər. Vaxtilə Azərbaycan məcburi şəkildə SSRİ-nin tərkibinə daxil olub. O zaman Azərbaycanın dövlət başçıları o sənədləri imzalayıblar. Ona görə də Azərbaycanla Ermənistan arasındakı delimitasiya və demarkasiyanı müəyyən edəcək xəritələr hələ də Moskvada qalır”.