AQTA “DÖNƏR TERRORU”NUN QARŞISINI ALMIR – EKSPERTDƏN İTTİHAM
25-10-2023, 12:10

Dönərxanaları illərdir cəmiyyətin bəlası olmaqda davam edir. Mən iki il Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində ictimai şuranın üzvü oldum, dəfələrlə rəhbərlik qarşısında məsələ qaldırdım ki, dönərxanalarla bağlı iş görək, monitorinq aparaq, nümunəvi dönərxanalar yaradaq. Ancaq bu təklif dəyərləndirilmədi. Çox səhv bir siyasət yürüdülür və hər kəs bu fürsətdən istifadə edib dönərxana açır. Hər yerindən duranın bir dönərxana açdığı bir zamanda da belə zəhərlənmə hallarının olması təəccüb doğurmamalıdır.
Bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyil. O bildirib ki, dəfələrlə bölgələrdən Bakıya daşınan ölmüş at, eşşək ətinin, ölmüş, xarab olmuş mal ətinin qarşısını alınıb. Dəfələrlə də həmin şəxslər açıqlayıb ki, bu ətlər dönərxanalara gedir:
“Demək ki, bu kimi hallar olur. Dönərxanalara ölmüş heyvan ətləri verilir. Hətta hansı heyvanın əti olduğu belə bilinmir. Azərbaycanda cəmi iki müəssisəyə dönər ətinin hazırlanması icazəsi verilib. Ancaq ölkədəki dönərxanalardan bəlkə də cəmi bir faizi həmin müəssisələrdən dönət əti alır.
Dönərxanalardakı problem təkcə ətin köhnə olmasında deyil. Gün ərzində qaz qarşısında bişən ət şiş üzərində gecədən səhərə qədər açıq şəkildə qalır. Bu ət necə keyfiyyətli ola bilər?
Təcili olaraq dönərxanalarla bağlı, orada bişən ətlərlə bağlı iş aparılmalı, araşdırılmalıdır. Media olmasa bu cür zəhərlənmələrdən heç kəs xəbər tutmayacaq. Çünki bütün dövlət orqanları bu kimi halları gizlətməklə məşğuldur. AQTA özü il ərzində baş verən zəhərlənmə hallarını dəfələrlə azaldaraq təqdim edir. Ancaq iş görmək, araşdırmaq fikri yoxdur”.