Məhkumluq məzuniyyəti kimlərə şamil olunacaq? - YALNIZ CƏZALARININ...

26-10-2023, 11:34           
Məhkumluq məzuniyyəti kimlərə şamil olunacaq? -
Ötən gün Penitensiar Xidmətin qapalı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı ünvanlara bir neçə günlük qısamüddətli səfərə buraxılıblar.

Səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməyib, məhkumlar yaxınları ilə görüşüb, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıdıblar.

Məlumata əsasən, indiyədək səkkiz nəfər məhkum ailə üzvlərini ziyarət edib və geri qayıdıb. Məlumatı Penitensiar Xidmətdən də təsdiqləyiblər.

Məzuniyyətə buraxılma hansı məhkumlara şamil olunacaq?

Tanınmış hüquqşünas, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyev bu barədə Referans.az-a danışıb.

“Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsində məntəqə tipli cəzaçəkmə müəssisəsində qəsdən və böyük ictimai təhlükəli cinayət törətməyən, yüngül cinayət törətmiş, cəza şəraiti yaxşılaşdırılmış şəxslərə, eyni zamanda ehtiyatsızlıq ucbatından cinayət törətmiş şəxslərə, yaxın ailə üzvlərində ölüm hadisəsi baş verdikdə və ya ağır ziyan dəymişdirsə, onlara qısa müddətli – 7 günlük səfərlərə icazə verilir və 2 gün yol üçün müddət ayrılır. Bu səfər yalnız ölkədaxilində baş verə bilər”.

Hüquqşünas bildirib ki, məzuniyyətlə bağlı bir sıra şərtlər var.

“Yaxşılaşdırılmış 113, 124-cü maddələrin tələblərinə uyğun olaraq cəza şəraitinin yaxşılaşdırılmış şəxslərdir. Özünü yaxşı aparmış, hüquq pozuntusuna yol verməmiş, əmək intizamı qaydalarına əməl etmiş məhkumlara tətbiq olunur. Yəni bu nümunəvi məhkumlara aiddir. Həmçinin bu güzəşt 18 yaşdan yuxarı məhkumlara cəzasının üçdə bir hissəsini çəkdiyi təqdirdə tətbiq oluna bilər”.

Əliməmməd Nuriyev sonda qeyd edib ki, məzuniyyət günləri məhbusun məhkumluq müddətinin daxilində hesablanacaq. Yəni, məhkumluq müddətində hansısa gün artımından söhbət getmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.