“Efir artıq mənlik deyil, nə həvəsim var, nə də vaxtım”
4-11-2023, 12:16
“Efirə qayıtmağı düşünmürəm. Sağ olsunlar dəvət edirlər, təkliflərim olub. Ötən mövsüm də televiziyadan dəvət gəlmişdi, bu mövsüm də. O kitab mənim üçün bağlanıb”. TEREF.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aparıcı Könül Muxtarova deyib. O daha sonra əlavə edib.
“Əvvəl Sumqayıt Regional Mədəniyyət idarəsində, bu ildən isə Abşeron-Xızı Regional Mədəniyyət idarəsində bədii rəhbər vəzifəsində çalışıram. Mən Mədəniyyət nazirliyinin əməkdaşıyam, mədəniyyət işçisiyəm. Orada mənim böyük tədbirlərim, gördüyüm işlər var. Mən həm də anayam. Övladımın hər işinə özüm çatmalıyam. Gecə saat 2-də də, 3 də də məclisdən evə gəlsəm, səhər saat 6-da durub övladımı məktəbə yola salmaq da mənim öhdəliyimdir. Dövlət tədbirlərinə, toylara, məclislərə gedib-gəlirəm. Bəzən heç özümə də vaxt ayıra bilmirəm. Ona görə də mənim efirə ayıracaq vaxtım yoxdur. Sözün düzü heç marağım da, həvəsim də qalmayıb. Efirdə olan dostlarıma hər zaman dəstəyəm, onların sevincinə şərikəm. İmkan olduqca onları izləyirəm, hər bir işlərindən xəbərim var. Çünki mən 16 yaşından televiziyada böyümüşəm. Televiziyanın bütün ab-havasını yaşayan, dadını-duzunu görən adamam. Amma düşünürəm ki, efir artıq mənlik deyil. Bunu heç də kövrələrək, pis olaraq söyləmirəm. Bu tam öz seçimimdir” deyə o bildirib.
Könül Muxtarova artıq çəkilərdən əməliyyat vasitəsilə xilas olduğunu deyib.
“İllərdir əslində bu əməliyyatı istəyirdim. Hətta ana olandan bu yana. Ehtiyac var idi. Bilirdim ki, bu mövsüm əməliyyat olunacam, ona görə də son 3 ayı bir az da çəkimi artırdım. Liposaksiya əməliyyatı idi. Ümumi götürəndə bədən şəkilləndirmə sayılır. 5 ildən çoxdur ki, mənim estetik cərrah olaraq bir həkimim var. Doğma insanım Səkinə Xudiyevadan söhbət gedir. Özümü ona əmanət etdim. Əməliyyata girəndən 1 həftə sonra artıq dövlət tədbirinin aparıcılığını edirdim. Hətta saatlarla hündürdaban ayaqqabıda qaldım. Heç bir problem də olmadı. Hətta əməliyyatımın 1 həftəliyində eşidib-bilən dostlar yanıma gəldi. Hər kəsi özüm qəbul edirdim. O qədər rahat, xoşbəxt idim. Bu gözəllik üçün olunan bir əməliyyatdır. Özü də cüzi toxunuşlarla. Bir az çəki almışdım, sadəcə olaraq onları aradan qaldırdıq ki, səhnədə libaslarımızı daha ideal formada daşıya bilək” deyə Könül Muxtarova deyib.