Qazaxın 7 kəndi və Kərki qaytarılır? – Tofiq Zülfüqarovun ŞƏRHİ
4-11-2023, 11:49
“Anklavlar məsələsi dəfələrlə xatırlanıb, bildirilib ki, əgər hüquqi əsası varsa, ikitərəfli razılaşmalarda qeydiyyata və xəritəyə alınıbsa, bu, Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası çərçivəsində müzakirə ediləcək”.
Bunu Ermənistan parlamentinin sədr müavini Hakop Arşakyan deyib.
O qeyd edib ki, hər iki tərəfin istifadə edə biləcəyi xəritələr var.
“Yəni burada qaranlıq otaqlar, künclər axtarmağa ehtiyac yoxdur”, - deyə Arşakyan bildirib.
Azərbaycan və Ermənistan arasında davam edən sərhəd delimitasiyası çərçivəsində ən mühüm məsələlərdən biri anklav formada Ermənistan ərazisində qalan və işğal olunan Qazaxın 7 kəndi və Sədərək rayonunun Kərki kəndinin qaytarılması ilə bağlıdır.
Anklavların aqibəti necə olacaq?
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov mövzunu Bizim.Media-ya şərh edib.
O qeyd edib ki, delimitasiya və demarkasiya texniki prosesdir: “Beynəlxalq təcrübədə konkret xəttlər təyin olunur. Ümumiyyətlə, postsovet məkanında ümumi bir prinsip təklif olunub. Adminstrativ sərhədlər əsasında bu məsələ həll edilməli idi. Dövlətlərin əksəriyyətində məsələ bu şəkildə həllini tapır.
Azərbaycan və Ermənistan arasında vəziyyət daha mürəkkəbdir. Çünki sözügedən ölkə zamanında bəyan edib ki, Qarabağı Ermənistana birləşdirib və ərazi bütövlüyü tamdır. Ancaq Ermənistan artıq o prinsipdən, adminstrativ sərhədlərdən imtina edib.
Yəni bizdə prinsip olaraq yeni bir xətt müəyyən olunmalıdır.
Paşinyan əvvəlcə təklif edib ki, 1975-ci il xəritəsi əsas götürülsün. Daha sonra 1991-ci il Qranada xəritəsinin əsas olduğunu dilə gətirdi. Bəzi yerlərdə çıxış edəndə deyirdi ki, Ermənistanın kadastrı yoxdur. Bu baxımdan ölkələrarası sərhədin hansı prinsip əsasında müəyyən olunacağı danışıqlar mövzusudur. İstisna etmirəm, Azərbaycanın mövqeyi ondan ibarət olacaq ki, işğaldan öncəki sərhədlər müəyyən olunsun.
Anklavlarla bağlı məsələdə danışıqlar çox vaxt aparacaq. Azərbaycan öz mövqeyindən çəkilməyəcək. Təbii ki, çəkilməli də deyil. Ermənistan öz ərazi bütövlüyünü ləğv edibsə, bizim ərazi bütövlüyümüzü tanımayıbsa, artıq yeni bir siyasi vəziyyət fonunda məsələni müzakirə etməliyik”.