Rusiya-Ukrayna cəbhəsində nələr baş verir? – Hərbi analitik Aqil Rüstəmzadənin şərhi
15-11-2023, 10:54
“Əvvəlki 7 gündə Ukraynanın Rusiya ordusunun arxa hədəflərinə qarşı hücumlarının sayı artıb. Rusiya da öz növbəsində Ukrayna qüvvələrinin arxa cəbhəsinə qarşı eyni səviyyədə zərbələr endirib”.
“AzPolitika.info” xəbər verir ki, bunu hərbi analitik Aqil Rüstəmzadə Rusiya-Ukrayna cəbhəsində baş verən son yenilikləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ukrayna qüvvələrinin Qara dənizdə effektiv fəallığı Rusiya donanmasının döyüş qabiliyyətinin azaldılması tendensiyasını davam etdirir: “Rusiya aviasiyası “Miq-31” qırıcılarının hücumlarına görə Ukraynada hava hücumu xəbərdarlığı elan edildiyini nəzərə alaraq, bu qırıcıların uçuş sayını və uçuş müddətini artırır. Ümumiyyətlə, döyüş bölgəsində tərəflər arasında paritet yaranıb. Hər iki tərəfin resurslarında ciddi artım olmasa, bu vəziyyət davam edəcək”.
Hərbi analitik qeyd edir ki, cəbhədəki vəziyyət tərəflərin mövqe üstünlüyünə nail olmaq istəyindən xəbər verir: “Hər iki tərəf müxtəlif əməliyyat zonalarında lokal hücum hərəkətləri həyata keçirir. Hücum hərəkətləri, mövqe döyüşləri və silahlarla qarşılıqlı zərbələrdən ibarətdir və nəticədə döyüş əməliyyatlarının xarakteri dəyişməz olaraq qalır”.
A.Rüstəmzadə qeyd edir ki, Rusiya ordusunun əsas fəaliyyəti şərqdə qeydə alınır: “Belə ki, Avdeyevka kəndində nisbi uğur qazanılıb və Rusiya ordusu bütün kəndi nəzarət altına almağa çalışır. Həmçinin Rusiya Baxmutun Svatovo qəsəbəsi istiqamətində mövqe döyüşləri aparır”.
Analtik vurğulayır ki, Ukrayna ordusunun əsas fəaliyyəti cənubda hiss olunur: “Kryinki yaşayış məntəqəsində əməliyat dairəsini genişləndirir və kənddə nəzarət zonasını artırır. Ehtimal ki, əməliyyatın məqsədi Yeni Kaxovka qəsəbəsinin təchiz olunduğu M-14 yolunu nəzarətə götürməkdir. Ukrayna ordusu cəbhənin müxtəlif sahələrində mövqe döyüşləri aparır. Əməliyyat şəraitinin təhlili göstərir ki, yaxın 5-7 gün ərzində cəbhədə əhəmiyyətli dəyişikliklərin olma ehtimalı azdır”.