Qeydiyyatsız evlər sənədləşdirilir - Bu evlər sökülə bilər (ŞƏRH)
15-11-2023, 07:09
"Hazırda Bakı və ətrafında mövcud olan və təxminən sayı 500 minə yaxın olan fərdi yaşayış evlərinin qeydiyyat sənədi yoxdur. Onların qeydiyyatının aparılması hökumətin özünə də vacibdir. Çünki büdcəyə vergi və digər xidmətlərdən maliyyə gələcək. Həmçinin, bu, bir neçə sektora, o cümlədən bank sektoruna da ciddi təsir edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Qasımzadə deyib.
Ekspert bildirib ki, bu məsələ ilə bağlı Prezident illər öncə rayon icra hakimiyyətlərinə müəyyən tapşırıqlar verib:
"Yerlərdə olan evlərin araşdırılması, onların mövcud vəziyyəti, kommunikasiya xətlərinə yaxın ərazidə tikilməsi və s. bağlı sənəd təqdim olunmalı idi. Məsələ ilə bağlı tək rayon icra hakimiyyətləri deyil, Əmlak Məsələləri Dövlət Xidməti, bələdiyyələr, həmçinin hökumətin bəzi qurumları, Arxitektura və Şəhərsalma Komitəsi də daxil olmaqla araşdırmalara başlayıb. Məndə olan məlumata görə, hətta qeydiyyatı olmayan evlərin bir-bir inventerlaşdırılması aparılıb. Harada hansı ev yerləşib, vəziyyəti necədir bununla bağlı müvafiq işlər başa çatdırılıb və sənəd ümumilikdə Nazirlər Kabinetinə təqdim edilib”.
Ekspert hazırda bu sənədin hökumətdə müzakirə mərhələsində olduğunu vurğulayıb:
"Orada da ən çox müzakirə yaradan məsələ kommunikasiya xətlərinin üzərində yerləşən fərdi yaşayış evləri ilə bağlı olub. Bu sosial məsələdir, məhz bu üzdən hökumət məsələyə ehtiyatla yanaşır. Nəyə görə? Bəzi evlər var ki, doğrudan da sökülməlidir. Həmin evlər insanların sağlamlığına ciddi təsir göstərən və təhlükəli olan zonalarda yerləşir. Yüksək gərginlikli elektrik xətlərinin altında, yüksək təzyiqli qaz kəmərlərinin altında yer, yüksək təzyiqli su xətlərinin üstündə və neft müqaviləsinin ərazisində olan torpaqlarda yerləşən evlərdə insanların yaşaması belə onların sağlamlığına ziyan vurur. Hökumət bununla bağlı məsələdə ehtiyyatla davranır. Yaşayış məntəqələri olan torpaqlarda tikilən evlər isə sənədləşəcək”.
Ramil Qasımzadə hətta bəzi evlərin kənd təsərrüfatlı təyinatı olan torpaqlarında tikildiyini diqqətə çatdırıb:
"Artıq bununla bağlı işlər yekunlaşıb. Əsas məsələ kommunikasiya xətlərinin üzərində olan evlərlə bağlıdır. Orada hökumət araşdırma aparır ki, hansı xətləri qəsəbədən yan keçirmək, hansı xətlərin yerini dəyişmək olar və yaxud da çıxılmaz vəziyyət olarsa kompensasiya ödənilməsi yolu ilə həmin evlərin sökülməsi məsələsi gündəmə gələ bilər. Prosesin yubanmasının əsas səbəblərindən biri dunur”.
Əmlak ekspertinin fikirincə, oktyabr ayının 1-dən etibarən Nazirlər Kabinetinin verdiyi sərəncam da məhz gələcəkdə qanunsuz tikilinin qarşısını almaq və belə tikililərin olmaması üçün qəbul edilib.