“Həmin blogerlər “çirkli pullar”ın yuyulmasında iştirak edirlər”

6-12-2023, 19:58           
“Həmin blogerlər “çirkli pullar”ın yuyulmasında iştirak edirlər”
“Aidiyyəti orqanlar bu barədə tədbirlər görməlidir”
“Azərbaycanda kifayət qədər istifadəçi sayına malik olan “TikTok” sosial şəbəkəsindən təəssüflər olsun ki, bəzən fərqli məqsədlər üçün də istifadə edirlər”.

Bu sözləri Musavat.com-a açıqlamasında İT mütəxəssisi Fərhad Mirəliyev deyib.

Mütəxəssis qeyd edib ki, yüngül həyat tərzi keçirən, intellektual səviyyəsi aşağı olan şəxslər öz qeyri-etik davranışları ilə tamaşaçı, istifadəçi auditoriyası toplamağa çalışır, məqsədinə nail olduqdan sonra isə öz səhifələrində müxtəlif biznes xarakterli oyunlar və yaxud reklamlar təşkil edərək qazanc əldə edirlər:

““TikTok” sosial şəbəkəsində kifayət qədər keyfiyyətli məzmunların olmasına baxmayaraq, bəzən biz görürük ki, istifadəçilər daha çox bu cür yüngül həyat tərzi keçirən, intellektual səviyyəsi aşağı olan insanların göstərdiyi şoulara maraq göstərir, hədiyyələr göndərir, onlar isə artan tamaşaçı sayından ruhlanırlar. Məlum məsələdir ki, həmin şəxslər kifayət qədər böyük məbləğlər qazanırlar. Xeyli sayda səhifələr var ki, onlar canlı yayımlar zamanı atılan bəxşişlərin müəyyən faizinin, yarısının həmin adamlara geri qaytarılması barədə vədlər verirlər. Bunun özü ciddi bir siqnaldır. Çünki burada “çirkli pullar”ın yuyulmasından söhbət gedir. Həmin pullar da dərhal ölkə xaricinə çıxarılır.

Burada həmçinin vergidən yayınma məsələsi də aktualdır. Vergi orqanları bu barədə müəyyən tədbirlər görməlidir”.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyədə “çirkli pullar”ın yuyulması ittihamı ilə sosial media fenomenləri Dilan Polat və həyat yoldaşı Engin Polat polis tərəfindən saxlanılıb. Aparılan araşdırmadan sonra daha 24 şübhəli fenomen istintaqa cəlb olunub. Onlardan 16-sı barədə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, istintaqa cəlb edilən fenomenlərin 12-nin əmlakı müsadirə edilib.

Ölkəmizdə də bir çox blogerin sosial şəbəkələrdən böyük pullar qazanıb, dəbdəbəli həyat yaşadığı məlumdur. Türkiyədə baş verənlər fonunda azərbaycanlı blogerlərin də “çirkli pulların yuyulmasında” iştirakı ilə bağlı iddialar səslənir.

Xalidə Gəray












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.