“Məsələ bitdi” demək hələlik tezdir” – Tofiq Zülfüqarov

8-12-2023, 13:19           
“Məsələ bitdi” demək hələlik tezdir” – Tofiq Zülfüqarov
“Azərbaycan və Ermənistanın bir-biri ilə münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar hələlik münaqişənin bitməsinə anlamına gəlmir”.

Bu sözləri Yenisabah.az-la söhbətində Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Müsahibimiz Azərbaycan və Ermənistanın əsirlərin qaytarılması ilə bağlı gəldiyi ilkin razılıqdan sonra tərəflərin sülh müqaviləsi imzalamaq istiqamətində atacağı növbəti addımlardan və danışıqların pərdəarxası məqamlarından söz açıb.

Eks-nazirə görə, razılaşmalar onu göstərir ki, tərəflər sülh prosesinə sadiq olduqlarını bəyan edib:

“Onlar gələcəkdə danışıqlar və sülh prosesinin olmasının tərəfdarıdır. Razılıq əldə olunub, qarşılıqlı etimad addımları atılıb və bizim Ermənistandakı 2 hərbi əsirimizin azad olunmasına nail olundu. Lakin bu bəyanatlar və əməli addımlarla tərəflər, sadəcə, sülh gündəliyinə sadiq olduqlarını nümayiş etdiriblər. Biz hazırda bu mərhələdəyik. Ona görə də “məsələ bitdi” demək hələlik tezdir. Çünki danışıqlar qabaqdadır və öz həllini tapmayan problemlər hələ də mövcuddur. Yəni indiki mərhələdə İrəvanla Bakı bu səviyyədədir”.

Siyasi təhlilçi sual edib ki, sülh deyəndə biz nəyi nəzərdə tuturuq:

“Hələlik söhbət çərçivə sazişindən gedir. Bu da o deməkdir ki, bu sənəd daha çox bəyanatlar səviyyəsində olacaq. Yəni hansısa siyasi tezislər və vaxtilə Azərbaycanın təklif etdiyi prinsiplər orada öz əksini tapacaq. Amma bu prinsiplərin icrası uzun müddət tələb edəcək. Ona görə də bu sazişi çərçivə sazişi adlandırırlar. Misal üçün, tərəflər qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyacaqlar, amma bu ərazi bütövlüyünü də müəyyən etmək lazımdır, yəni bunlar nədən ibarətdir və konkret hansı sərhədlərdən söhbət gedir. Bu məsələlər bu gün də danışıqlar mövzusudur”.

Analitik əmindir ki, bundan sonra müxtəlif istiqamətlərdə danışıqlar başlayacaq:

“Bunlar sərhədlərə və kommunikasiyaların bərpasına aid konkret söhbətləşmələr olacaq. Çünki Baş nazirlərin müavinləri bu barədə uzunmüddətli danışıqlar aparıblar, amma hələlik bunun real nəticəsi yoxdur. Həmçinin humanitar problemlərin həlli də uzun müddət tələb edən danışıqlardır. Fikrimcə, bunlar saziş yox, bəyanat xarakterli bir sənəd olacaq, lakin tərəflər hələ buna belə nail olmayıblar. Ermənistan parlamentinin spikeri Alen Simonyan da məhz bunu nəzərdə tutub”.

Rafi MÜSLÜMOV












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.