Cerard Toal: ABŞ-ın yardımı Ukraynanın müdafiəsi, ölkə olaraq ayaqda qalması üçün həyatidir
14-12-2023, 12:54
Dekabrın 12-də Vaşinqtonda səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski ABŞ rəsmilərini ölkəsinə Rusiyanın işğalı ilə mübarizəyə yardım üçün 61 milyard dollarlıq yeni yardımı təsdiqləməyə çağırıb. Virciniya Politexnik İnstitutu və Ştat Universitetinin Hökumət və Beynəlxalq Əlaqələr kafedrasının professoru Cerard Toal Amerikanın Səsinə müsahibədə Zelenskinin Vaşinqtona səfərinin və ABŞ-ın Ukraynaya yardımınn əhəmiyyətini şərh edib.
Amerikanın Səsi: Doktor Toal, Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda səfərdə oldu və burada Konqres üzvləri və ABŞ prezidenti Co Baydenlə görüşdu. Bu səfər niyə vacibdir?
Cerard Toal: Əksər insanların bildiyi kimi, Ukrayna hazırda xalqı və ölkəsinin ayaqda qalması üçür mübarizə aparır. Və hazırda bunun üçün hərbi dəstəyə, davamlı hərbi dəstəyə ehtiyacı var. Ağ Ev Ukrayna üçün 61 milyard dollarlıq əhəmiyyətli hərbi yardım planı təklif edib. ABŞ artıq Ukraynanı 111 miyard dollarla təmin edib. Bu, Ukraynanın müdafiəsi, ölkə olaraq sağ qalması üçün həyatidir və hazırda Kapitolidəki Respublikaçılar tərəfindən əngəllənib. Ona görə də Zelenski onu əsaslandırmaq üçün buradadır.
Amerikanın Səsi: Səfərlə bağlı əsas təəssüratlar hansılardır?
Cerard Toal:Məncə ən böyük təəssürat odur ki, Prezident Zelenski öz işini görür, o ölkəsini müdafiə edir. O, Vaşinqtonda Dünya Bankında oldu. O, Milli Müdafiə İnstitutunda oldu. Bundan öncə isə Argentinada Latın Amerikasının liderləri ilə görüşdü və Ukraynanı müdafiə etdi. Yəni, o işini görür. Bu birinci təəssürat. İkinci təəəssürat odur ki, bu, Ukrayna üçün son dərəcə ciddidir və bu yardım həyati əhəmiyyət daşıyır. Bu həm də, təkcə Qərbin Ukraynaya öz müstəqilliyini və təhlükəsizliyini qorumağa kömək etmək qətiyyətinə deyil, həm də Avropada Ukraynaya yardımı blok etmək üçün bir araya gələn sağ qüvvələrə də siqnaldır.
Amerikanın Səsi: ABŞ-ın Ukraynaya dəstəyi nə üçün və necə vacibdir?
Cerard Toal: Birincisi, ABŞ-ın dəstəyi ən böyükdür, və bu dəstək təkcə cəbhədəki əsgərləri silahla təmin etmir, həm də tibb işçilərini, həkimləri, poçt işçilərini, yanğınsöndürənləri, müəllimləri maaşlarla təmin edir. Bu, ölkənin dövlət olaraq ayaqda qalması üçün ehtiyacı olan maliyyə ilə təmin edir, çünki bu ölkə müharibə vəziyyətindədir, və əks təqdirdə çökər, və Rusiya burada böyük qələbə əldə edər.