Türkiyə və Azərbaycan yeni həmlə qarşısında - Arxasından yenə o ölkə çıxdı
14-12-2023, 11:48
Türkiyədə fəaliyyət göstərən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Son zamanlarda ABŞ Suriyada YPG/PKK terror təşkilatı ilə birgə təlimlərinin sayını artırıb. Sizcə, Türkiyədən də etirazla qarşılanan bu fəallıq nədən irəli gəlir?
- ABŞ-ın terror təşkilatlarına dəstək verdiyi kimsəyə sirr deyil. Son zamanlardakı fəallıq isə yeni deyil, Suriya müharibəsindən əvvəlki prosesin davamıdır. İsrail-Fələstin münaqişəsinin qızışmasından sonra Yaxın Şərqdə artan gərginlik bu prosesə də rəvac verir. ABŞ da həmişə istənilən bölgəyə nəzarətini təmin etmək üçün ya orada yeni münaqişə ocaqları yaradır, ya da mövcud konfliktlərdən yararlanır. Bunu da iqtisadi maraqları və öz silahlarını satmaq üçün edir. Bu baxımdan, terror təşkilatları ABŞ-ın əsas gəlir mənbələrindən biridir. Ümumiyyətlə, Qərbin bir çox dövlətləri belə edir. Azərbaycan ətrafında gedən gəlişmələr də ABŞ-ın bu oyununu gördük. Amerika Yaxın Şərqdəki oyununu Cənubi Qafqazda qurmaq istəyir. Azərbaycan isə bu və bundan əvvəlki gəlişmələrdən müsbət nəticələrlə çıxdı. Azərbaycan Amerikanın oyunu qarşısından geri çəkilmədi, çəkilsəydi, üstünə daha çox gələcəkdilər.
Cənubi Qafqazla müqayisədə Yaxın Şərqdə vəziyyət fəqlidir, ora həmişə gərginlik içindədir. Yaxın Şərqdə həmişə müharibələr və ya həmişə partlayışa hazır vəziyyətdə olur. Amerika və Avropa dövlətləri də bundan yararlanırlar. Bir çox hallarda isə Qərb Yaxın Şərqdə baş verən savaşların arxasında dayanan güc rolunda çıxış edir. İndi ABŞ bölgədəki terror təşkilatlarından bu məqsədlə regional dövlətlərə qarşı istifadə edir. Məsələn, ABŞ-ın silahlandırdığı və təlim verdiyi PKK/YPG Türkiyəyə qarşı bir təzyiq-təsir alətidir. Halbuki Türkiyə ABŞ-ın NATO üzrə müttəfiqidir. Amerika Türkiyənin Yaxın Şərq və Cənubi Qafqazda güclənməsinin önünə keçmək üçün bu terror təşkilatlarını dəstəkləyir.
Türkiyə illərdir həm sərhədləri daxilində, həm də bundan kənarda terror təşkilatları ilə savaşır. ABŞ isə Türkiyənin onun bu təzyiq rıçaqlarını məhv etməsinə imkan vermək istəmir. Amerika bu terror təşkilatlarından təkcə Türkiyə yox, Suriyada mövqeləri güclü olan Rusiyaya qarşı da istifadə edir.
Bu gün Yaxın Şərqdə baş verənlərin günhkarı kimi ABŞ-ı görürəm. Hazırda İsrail və HƏMAS arasında gedən savaşı körükləyən və bunun başlamasına rəvac verən də Amerikadır. Yaxın Şərqi çıxılmaz dalana aparan “Ərəb baharı” prosesini də ABŞ başlatmışdı. Bölgənin odun içinə atılmasının səbəbi buranın neft-qaz və digər səvətlərlə zəngin olmasıdır. Qəddafini də, Səddam Hüseyni də, Hüsnü Mübarəki də, digər ərəb liderlərini də bu məqsədlə devirdilər – bu sərvətlərə yiylənmək üçün. ABŞ əvvəlcə çaxnaşma yaradır, başları qarışdırır, sonra bu sərvətləri daşıyır. Yəni Yaxın Şərq ABŞ üçün həm silahlarını satdığı gəlirli bazar, həm də sərvətlərlə zəngin xəzinədir. ABŞ-ın bu siyasətindən zərər çəkən dövlətlərdən biri də Türkiyədir.
- Ermənistan cidd-cəhdlə Türkiyə ilə əlaqələrini bərpa etməyə çalışır. Hətta bəzi məqamlarda İrəvan bu məsələni Azərbaycanla sülh müqaviləsindən önə çəkməyə çalışır. Türkiyə ilə münasibətlər necə olacaq?
- Ermənistan illərdir bu əlaqələri bərpa etməyə çalışır. Amma Türkiyə Azərbaycan ərazilərinin işğalı faktına görə buna getmədi. 44 günlük müharibədən sonra isə normallaşma üçün zəmin yarandı. Hətta Türkiyə əlaqələrin bərpası üçün Ermənistana təkliflər verdi. Ankara İrəvanı Türkiyə və Azərbaycana yaxınlaşmağa çağırdı. Söhbət sərhədlərin və nəqliyyat dəhlizlərinin açılmasından, Azərbaycanla sülh müqaviləsinin imzalanmasından, ərazi iddialarından imtina edilməsindən gedir. Ermənistan bir qədər çəkingən davransa da, indi görünən budur ki, gedişat yoluna düşməyə başlayıb. Türkiyənin iqtisadi, turizm, ticarət, logistika və digər üstünlüklərinə baxanda Ermənistan bu ölkə ilə münasibətlərini normallaşdırmaq istəyir. Bunun da yolu Azərbaycanla sülh müqaviləsinin bağlanmasından keçir.
Sülh müqaviləsi nə qədər tez bağlansa, Türkiyə-Ermənistan əlaqələrinin bərpası da o qədər tez baş verəcək. Bu, Ermənistandan asılıdır. Prezident Ərdoğan hər dəfə çıxışında bildirir ki, hər şey sülh müqaviləsinin imzalanmasına bağlıdır. Sülh müqaviləsini imzalamaması çətin durumda olan Ermənistanın vəziyyətini bir qədər də ağırlaşdıracaq. Zatən, ölkədə vəziyyət getdikcə daha da çətinləşir. Artıq Ermənistan daxilində Paşinyan və komandasına qarşı narazılıq artır. İqtisadi-siyasi durum pisləşdikcə Ermənistan rəhbərliyi çıxış yolu axtarmağa məcbur qalır. Çıxış yolu da böyük bazarlarda özünə yer etməkdir. Məsələn, Türkiyə Ermənistan üçün böyük bazar ola bilər. Buna görə də, Ermənistan münasibətlərin normallaşmasını tezləşdirmək istəyir. Əks halda, gedişat həm Ermənistan, həm də onun rəhbərliyi üçün mənfi nəticələrə səbəb olacaq.
- Bəs sülh müqaviləsindən gözləntiniz necədir? Hansı müddətdə imzalana bilər? Bakı və İrəvandan verilən son mesajlar kifayət qədər müsbətdir.
- Dediyim kimi, Ermənistanın başqa çıxış yolu yoxdur, imzalamalıdır. Vəziyyətdən çıxmaq üçün bölgə ölkələri ilə əlaqələr normallaşdırılmalıdır. Ermənistan buna görə artıq təkcə sülh müqaviləsinə yox, Zəngəzur dəhlizinin açılmasına da razılıq verib. Paşinyanın son çıxışlarından gəlinən qənaət budur ki, Ermənistan sülh müqaviləsinə doğru gedir. Müqavilə ilə bağlı Bakı və İrəvan arasında mübadilə var, amma Paşinyan ləngiyir. Çünki yenə eyforiyadadır ki, Qərbdən yardım olacaq. Bu, mümkün deyil. Ermənistan çox yaxında sülh müqaviləsinin bəndlərini qəbul etməlidir ki, sonradan ona zərər verəcək yanlış addımlar atmasın. Amma dediyim kimi, Paşinyan Avropa Birliyi və ABŞ-dan bir dəstək, Azərbaycan, Türkiyə və Rusiyaya qarşı bir həmlə gözləyir. Amma Ukrayna, Gürcüstan, Moldova və digərlərinin timsalında gördük ki, Qərbin verdiyi vədlər elə vəd olaraq qalır. Qərb Ermənistanın da arxasında durmayacaq. Qərbə güvənib sülhdən uzaqlaşmaq Ermənistanın böyük yanlışı olardı. Yəqin ki, Ermənistan yaxın zamanda müqaviləni imzalamaq üçün gələcək.
- ABŞ-ın Cənubi Qafqazda hansı maraqları var?
- ABŞ Cənubi Qafqazda güclənmək istəyir, o, artıq Gürcüstan vasitəsilə bölgədədir. İndi Amerika bölgənin digər ölkəsi – Ermənistanda da özünə yer etməyə çalışır. ABŞ bunu Gürcüstanda olduğu kimi, Ermənistan da onun zəifliyindən, iqtisadi durumunun pis olmasından yararlanaraq həyata keçirmək istəyir. Ermənistan rəhbərliyinin anti-Rusiya mövqeyi də ABŞ-ın işinə yarayır. Amerika illərdir Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq siyasətinin üzərində işləyir. Artıq Ermənistan Qərbə və ya ABŞ-a yaxınlaşmağa başlayıb.
Hazırda ABŞ üçün ən böyük məsələ Azərbaycana girməkdir. Amerika hələlik bunu bacara bilmir, ilk həmlələri uğursuz oldu. Son hadisələr göstərdi jki, bu, baş tutmadı. Azərbaycan açıq formada ABŞ-a bildirdi ki, sənin maraqların naminə başqalarına qarşı alət olmayacam. ABŞ Ermənistan və Gürcüstanda olduğu kimi, Azərbaycanı da Rusiya ilə üz-üzə qoymaq istəyir. Amma bu siyasəti alınmadı, Azərbaycan imkan vermədi. Çünki Rusiya bizim qonşumuzdur, Amerika isə okeanın o tayındadır.
- Həmlələr Rusiyaya qarşıdırsa, bəs ABŞ öz müttəfiqi Türkiyə ilə niyə Cənubi Qafqazda əməkdaşlığa getmədi?
- ABŞ-ın Türkiyə ilə bağlı siyasəti problemlərlə doludur. Amerika Türkiyəyə F-16 satmadı, S-400 məsələsini problemə çevirdi, PKK/YPG-ə dəstək verir, dövlət çevrilişinə cəhd edən FETÖ-yə ev sahibliyi edir və sair. Bütün bunlar ABŞ-ın Türkiyəyə münasibətindən xəbər verir. İndi Amerika belə bir münasibət bəslədiyi bir ölkənin Cənubi Qafqazda güclənməsində maraqlı olarmı? Türkiyə haradadırsa, ABŞ orada ona quyu qazmaqla məşğuldur. Yaxın Şərqdə də, Cənubi Qafqazda da, Afrikada da belədir. Əksinə, ABŞ Rusiya ilə yanaşı, Türkiyəni də Cənubi Qafqazdan uzaqlaşdırmağa çalışır, bunun üçün üçün qardaş ölkəni Azərbaycandan aralamaq cəhdləri edir. 44 günlük müharibənin gedişində ABŞ Türkiyəni şantaj etmişdi ki, Azərbaycana dəstəyi dayandır, F-16 al. Türkiyə buna getmədi. Türkiyə qürurlu və əldalətli ölkədir.
ABŞ-ın səylərinə baxmayaraq, Türkiyə və Azərbaycanın bir-birindən uzaqlaşması mümkün deyil. Türkiyə və Azərbaycan liderləri siyasətlərini elə qurublar ki, kənar güclərin regiona girməsi mümkünsüzdür. Amerikanın nə istəməsindən asılı olmayaraq, Türkiyə Cənubi Qafqazdadır və olacaq.