Bakıya sürpriz səfər: Maneə aradan qalxdı – Zəngəzur dəhlizi belə açılır

15-12-2023, 12:49           
Bakıya sürpriz səfər: Maneə aradan qalxdı –
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının çox real olduğunu bildirdi. Sizcə, Ermənistan rəhbərinin nikbinliyi üçün əsas varmı?

- Açığını deyim ki, artıq Ermənistanın bütün rəsmiləri sülh müqaviləsi və kommunikasiyaların açılması haqda çox nikbin bəyanatlar verirlər. Hətta sərhədlərin delimitasiyası ilə bağlı da müsbət mesajlar verməyə çalışırlar. Belə anlaşılır ki, Azərbaycanla Ermənistan arasında birbaşa əlaqələr qurulub, telefon xətti açıqdır, videogörüşlər keçirilir. Tərəflər arasında sülh müqaviləsi ilə bağlı birbaşa mübadilə var. Görünən budur ki, pərdə arxasında intensiv danışıqlar gedir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan da bildirdi ki, sülh müqaviləsi üzrə bütün prinsipial məqamların hamısı uzlaşdırılıb, təkcə sazişin çərçivəsini müəyyənləşdirmək lazımdır, bu da sadəcə texniki məsələdir. Yəni Simonyanın nöqteyi-nəzərinə görə, sülh müqaviləsi hazırdır, qalır onu imzalamaq. Ermənistan çox tələsir. Çünki Ermənistanda da erkən seçki keçiriləcək, tələsirlər ki, buna qədər sülh müqaviləsi bağlansın.

ABŞ-ın da təzyiqi var. Hətta məlumat var ki, yanvarın əvvəlində Bayramov və Mirzoyan Vaşinqtonda görüşəcək. Üstəgəl, Avropa Şurasının prezidenti Şarl Mişel bildirdi ki, hər gün sülh məsələsi ilə məşğuldurlar və tərəflər müqavilənin imzalanmasına çox yaxındır. Baş verənləri və deyilənləri ümumiləşdirib bu qənaətə gəlirəm ki, sülh müqaviləsinin müxtəlif parametrləri üzrə ciddi danışıqlar gedir və bu müzakirələr nəticə verməkdədir. Ermənistan ilin axırında qədər olacağını deyir, bunu zənn etmirəm, amma gələn ilin əvvəlində sülh müqaviləsi imzalana bilər.

- Paşinyan nəqliyyat yolları və ya dəhlizlərini açmağa hazır olduqlarını da söylədi. Amma bunu o şərtlə dilə gətirdi ki, bu yollara nəzarət Ermənistanda olmalıdır. Eyni zamanda, o, keçid üçün prosedurları sadələşdirə biləcəklərini də bildirdi. Bunlar bizim istək və tələblərimizə nə qədər yaxındır?

- Paşinyan nikbin danışdı. Zəngəzur dəmir yolunun açılacağını da bəyan etdi, eləcə də Türkiyə ilə sərhədlərin açılmasına da hazır olduqlarını bildirdi. Belə bir fonda Türkiyə xarici işlər naziri Hakan Fidanın Bakıya səfəri diqqət çəkdi. Yəqin ki, bu səfərdə məqsədlərdən biri də sülh müqaviləsi ilə bağlıdır. Türkiyə prosesi sürətləndirməyin tərəfdarıdır, eləcə də Ermənistanla sərhədlərin açılmasına tam hazır vəziyyətdədir. Türkiyə bunun üçün Azərbaycan tərəfinin siqnalını gözləyir.

Zənnimcə, Ermənistan kommunikasiyaların açılması ilə bağlı əvvəlki mövqelərində deyil. Ermənistan bu xətlərin onun suverenliyində olmasını istəyir. Amma Paşinyan Zəngəzur dəmir və nəqliyyat yolları ilə bağlı sadələşdirilmiş rejimin tətbiqinə hazır olduqlarını da söyləyir. Qənaətimə görə, bu, məsələnin qarşılıqlı razılaşma ilə həlli üçün böyük irəliləyişdir. Paşinyan onu da vurğuladı ki, Qazax-İcevan dəmir yolu da açılacaq. Üstəgəl, ermənilərin bir arzusu da var ki, Qars-Gümrü dəmir yolu da işə düşsün. Artıq bu xətt açılması üçün hazır vəziyyətdədir. Ermənilər bu xətt vasitəsilə Bakı-Tiflis-Qars dəmir yoluna qoşulmaq istəyirlər.

Bütün bu gəlişmələrdən belə anlaşılır ki, proses lazımi sürətlə irəli gedir və sona çatmağa çox vaxt qalmayıb. Sərhədlərin delimitasiyasına gəlincə, bu məsələnin həlli sülh müqaviləsindən sonra da davam etdirilə bilər. Çünki bu, uzun zaman tələb edən məsələdir.

- Ermənistan hökumətinin xüsusi səfiri Edmon Marukyan dedi ki, 10 noyabr üçtərəfli bəyanatının bütün şərtlər artıq etibarlı deyil. Ermənistan rəsmisinin bu açıqlamasının izahı nədir və bu anlaşmanın imzalanmasında vasitəçi olan Rusiyanın buna təpkisi necə olacaq?

- Ermənistan bununla demək istəyir ki, artıq Rusiyanın olduğu yerdə biz yoxuq, Moskvada imzalanmış bütün anlaşmaların müddəaları qüvvədən düşüb, bundan sonra yalnız Azərbaycanla ikitərəfli müqavilələrə üstünlük verəcəyik. Rusiya bunu qısqanclıqla qarşılayacaq. Hətta Rusiya o həddə çatıb ki, Ermənistanı müharibə ilə hədələyir. Düzdür, Qərb buna imkan verməz, amma Ermənistan Rusiyaya qarşı münasibətdə çox böyük risklərə gedir. Bunun bizə o qədər də dəxli yoxdur, öz aralarında nə edirlər etsinlər.

- Avropa Şurasının prezidenti Şarl Mişel isə Qarabağ ermənilərinin qayıdışından danışdı. Onun sözlərinə görə, ermənilərin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası çərçivəsində təmin edilməlidir, təhlükəsizliyin qarantı da Azərbaycan hakimiyyəti olmalıdır. Bura qədər Avropa Birliyi ermənilərin Qarabağa beynəlxalq müşahidəçilərin müşayiəti ilə qayıtmasında təkid edirdi. Hesab etmək olarmı ki, artıq Avropa Birliyi bu iddiasından geri çəkilib?

- Şarl Mişelin açıqlamasından məlum oldu ki, Avropa Birliyi artıq ermənilərin Qarabağa qaytarılması məsələsi ilə bağlı əvvəlki kimi təkidli mövqe tutmur. Bu məsələdən yayınmağa çalışırlar. Yenə də bu məsələni gündəmdə saxlamaq müəyyən maneələr yaratmağa çalışırlar, amma əvvəllər Qarabağ ermənilərini daha qızğın müdafiə edirdilər. Bununla belə, son zamanlarda sanki bu məsələyə münasibətdə mövqeləri yumşalıb. Belə bir qənaətə də gəlmək olar ki, zamanla bu məsələni çıxarmağa da çalışırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.