Əli Həsənovla bağlı AÇIQLAMA
16-12-2023, 09:08
“Əslində, Əli Həsənov Prezident İlham Əliyevlə bağlı fikirlərini söyləməlidir və bilirəm ki, onun fikirləri müsbətdir. Çünki Əli Həsənov milli təhlükəsizlik məsələlərini yaxşı bilir, tarix elmləri doktorudur və savadı var. Savadsız olsa, deyərəm ki, savadsızdır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib. Keçmiş millət vəkili Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənovun 2019-cu ildən bu yana səssizliyini pozmamasının səbəblərini izah edib:
“Əli Həsənovun 2019-cu ildən bu günə qədər niyə danışmadığını deyə bilmərəm, amma ona qarşı heç bir qadağa yoxdur. Necə olur ki, sabiq nazirlər və deputatlar danışa bilir, amma o, yox? Deməli, özü bunu istəmir, yoxsa ki, kimsə ona qadağa qoymur. Amma özünün istəməməyi bir az düzgün deyil. Çünki Əli Həsənov hazırkı iqtidarın vaxtında tanınıb, məşhurlaşıb, müdafiə edib, YAP-ın İdarə Heyətinin üzvü, eləcə də Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri olub”.
“Əli Həsənov müəllim və pedaqoq kimi yaxşıdır, alim kimi də normaldır. Amma niyə danışmır, bu, maraqlıdır. Əgər o, iqtidardan inciyib danışmırsa, bu, çox böyük bir səhvdir. Çünki bu iqtidar ona çox şey edib. O, gərək bu və ya digər formada iqtidarı müdafiə etməsə belə, dövlətin mövqeyini dəstəkləməli idi”, - deyə o, əlavə edib.
“O ki qaldı Əli Həsənov kimi digər danışmayan adamlara, bunlarda natamamlıq kompleksi mövcuddur. Bunlar fikirləşir ki, əgər danışsalar, bunlara nə isə deyəcəklər. Vallah, heç kim heç nə demir. O danışanlara da guya nə deyiblər? O danışanların hamısı da dövlətin mənafeyini qoruyur. Biz konkret olaraq dövlətin yanında olmalıyıq. Bu dövlət bizimdir, hamımızındır. Amma onlar nədən qorxurlar, niyə danışmırlar, bu, onların problemidir. Məncə, bu adamların ya özlərinə inamı yoxdur, ya da hansısa maraqları var ki, ona uyğun olaraq danışmırlar. Deməli, bunların bir qələti var, qorxurlar ki, bunlar üzə çıxsın”, - müsahibimiz fikirlərini yekunlaşdırıb.