Bir həftəyə sülh sazişi imzalana bilər, Başkənd məsələsi isə...

16-12-2023, 12:38           
Bir həftəyə sülh sazişi imzalana bilər, Başkənd məsələsi isə...
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, İrəvan rəsmi şəkildə Mosvanın təşəbbüsü ilə reallaşan bütün proseslərdən imtina edir. Ermənistanın anti-Rusiya ritorikasının necə nəticələnəcəyi ilə bağlı suallar var...

- Nikol Paşinyan Rusiya ilə bütün bağlantıları qırmağa çalışır. Əsas diqqəti KTMT-yə yönəldib. Təşkilatın bütün görüşlərində imtina edir. Beləliklə Paşinyan Moskvadan tamamilə uzaqlaşmaq niyyətini ortaya qoyur. Bunun Ermənistana necə başa gələcəyi ilə ilə bağlı suallar açıq qalır. Yaxın aylarda ola bilsin bununla bağlı müəyyən dəqiqləşmələr olsun.

- Ermənistanın Moskva platformasında imtinası Azərbaycanla aparılan danışıqlara necə təsir edə bilər?

- Azərbaycan-Rusiya və Ermənistanın yaratmış olduğu birgə platformadan da Paşinyan faktiki olaraq imtina etməkdədir. Bu Azərbaycan üçün heç bir təsirə malik deyil. Ölkəmiz ikitərəfli görüşlərlə məsələləri həll etmək mövqeyini ortaya qoyub. Amma Ermənistan daha çox Avropa platformasında danışıqlara üstünlük verir.

- İrəvanın Avropa məkanında müzakirələrə meyl etməsi nə ilə bağlıdır?

- Ermənistanın məhz bu platformalardan Azərbaycana qarşı mümkün qədər təzyiqlər etmək niyyəti var. Onlar sülh sazişində müəyyən üstünlüklər qazanmaq istəyir. Amma Azərbaycan dövlətinin iradəsi ortadadır. Biz qalib dövlətik Ermənistanın bu kimi niyyətləri baş tutmayacaq.

- Ermənistanın üçtərəfli anlaşmalardan çıxa biləcəyi ilə bağlı ehtimallar səslənir. İrəvanın bu razılaşmadan çıxması necə bir situasiya yarada bilər?

- Paşinyan Moskva platformasında aparılan danışıqlardan imtina etmək niyyətindədir. Onun bu niyyəti ardıcıl xarakter daşıyır. İndiki halda erməni tərəfi sülh sazişini Azərbaycanla razılaşdırıldığını və təklifləri Bakıya göndərdiklərini açıqlayır. Öz növbəsində Azərbaycan Xarici İşlər nazirliyi Ermənistanın bu təklifləri üzərində iş getdiyini qeyd edib.

- Sizcə, son razılaşmalar fonunda sülhün qısa zamanda əldə edilməsi nə dərəcədə realdır?

- Azərbaycan tərəfi Ermənistanın təklifləri ilə razılaşsa üç günə, bir həftəyə sülh sazişi imzalana bilər. Təkliflərdən erməni tərəfinin hansı fikirləri ortaya qoyduğu məlum deyil. Amma birmənalı olaraq Qazağın 7, Naxçıvanın 1 kəndi Ermənistan tərəfindən Azərbaycana təhvil verilməlidir. Görünən odur ki, bu kəndlərin geri qaytarılması müzakirə mövzusu deyil. Erməni tərəfi gülünc bəhanələrlə bundan yayınmağa çalışır. Gədəbəy rayonu ərazisində olan Başkənd məsələsi gündəmə gətirilir. Amma bu ərazinin Ermənistana heç bir aidiyyatı yoxdur. Başkənd tarixi Azərbaycan ərazisidir. Ötən əsrin 50-ci illərdə bu ərazilərdən ermənilər örüş sahəsi kimi istifadə edib. 70-ci illərin sonunda isə erməni tərəfi bu ərazi ilə bağlı müvafiq “qərar” verib. Amma dövrə qədər ərazi Azərbaycanın olub. Ona görə də, Başkəndə məsələsi müzakirə predmeti ola bilməz.

- Türkiyə-Ermənistan sərhədlərin açılması və münasibətlərin normallaşması ilə bağlı nə kimi gözləntilər var?

- Ötən gün qardaş Türkiyənin Xarici işlər naziri Hakan Fidan Bakıda səfərdə olarkən bir daha açıq mətnlə Azərbaycanla münasibətləri normallaşdırmadan Türkiyə ilə Ermənistan arasında hər hansı formada sərhədlərin açılmasından və digər məsələlərdən danışmağın mümkünsüzlüyünü dilə gətirdi. Bu bir daha qardaş Türkiyənin sona qədər Azərbaycanın yanında olduğunun bariz nümunəsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.