Erməni millətçiləri ayağa qalxdı: - “Paşinyan da eyni təfəkkürdədir”
3-01-2024, 15:17
“Əslində, erməni təfəkkürü son 200 il ərzində məhz bu paramillətçi faktorlar üzərində formalaşıb”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.
O, erməni faşizminin banilərindən biri sayılan Qaregin Ter-Arutyunyanın (Njde) ad günündə erməni millətçilərinin onun İrəvandakı abidəsi qarşısında keçirdiyi yürüşdən, o cümlədən onlara qarşı hər hansı bir müdaxilənin olmamasından söz açıb.
Xatırladaq ki, sözügedən fakt Rusiya mediasında rezonans doğurub. Belə ki, erməni millətçiliyinin əsas simalarından biri sayılan Qaregin Njdenin heykəli qarşısında baş tutan məlum yürüş Moskva ilə İrəvan arasındakı gərginliyi bir qədər də artırıb.
Məsələyə münasibət bildirən E. Mirzəbəyli də analoji fikirləri bölüşüb:
“Hələ Erməni Qriqoryan Kilsəsi Türkiyə ərazisində fəaliyyət göstərdiyi zamandan etibarən, Osmanlı dövründən başlayaraq, məhz bu ultramillətçi ideyaları yaymağa başlayıb. Daha sonra isə bu faktorlar “Xnçak” və “Daşnaksutyun” partiyalarının proqramına daxil edilib. Yəni alman faşizmindən öncə məhz erməni faşizmi mövcud olub. Qaregin Njdenin də erməni təfəkküründə bir qəhrəman kimi təqdim edilməsinin amillərindən biri də məhz erməni millətçi ideyalarının formalaşdırılması və təbliği ilə bağlı onun atdığı addımlardır. Njdenin “Tseğakron” (irqin daşıyıcısı – red.) nəzəriyyəsi, mahiyyət etibarilə, erməniliyi bütün dünyadakı xalqlardan üstün tutan bir iddia irəli sürməsi, habelə digər xalqların bu coğrafiyadan silinməsi ilə bağlı etnik təmizləmə siyasətini təbliğ etməsi erməni təfəkkürünün mahiyyətində və təməlində dayanıb”.
Analitik əlavə edib ki, Azərbaycan ərazilərinin işğalı, Azərbaycan xalqının soyqırımına məruz qalmasının təməlində də məhz “Tseğakronizm” ideyasının amilləri dayanır:
“Bu aspektdən, indiki halda Baş nazir Nikol Paşinyanın sələflərindən qismən də olsa, fərqli siyasət yürütməsinə baxmayaraq, onu erməni təfəkküründən ayrı bir insan hesab etmək mümkün deyil. Əgər belə olsaydı, bu şəxs Qaregin Njde ilə bağlı abidənin sökülməsi istiqamətində addımlar atardı. Bu gün İrəvan mərkəzində Njdeyə ucaldılan abidə hələ də öz mövcudluğunu qoruyub saxlayırsa, bu, artıq mövcud “Vətəndaş müqaviləsi” hakimiyyətinin məhz bu təfəkkürlə barışması və onu qəbul etməsi, həmçinin tərkib hissəsi olmasını sübuta yetirir”.
Müsahibimiz düşünür ki, Njde tərəfdarlarının yürüşünün dağıdılması gözlənilən deyildi:
“Moskvanın təəccüblənməsinə gəldikdə isə mən bunu nonsens sayıram. Çünki bu abidə ucalan zaman Rusiya ilə Ermənistan arasında münasibətlər kifayət qədər yüksək səviyyədə idi. Lakin biz məhz abidəyə münasibətdə Rusiyanın prinsipial bir mövqe sərgilədiyinin şahidi olmurduq, çünki tərəflər strateji müttəfiq idilər. Moskvanın indiki təəccübü isə doğrusu, mənim üçün anlaşılan deyil”.