Riç Outzen: Livanda və Qırmızı dənizdə eskalasiya artsa münaqişə uzana bilər

6-01-2024, 13:04           
Riç Outzen: Livanda və Qırmızı dənizdə eskalasiya artsa münaqişə uzana bilər
Vaşinqtonda Atlantik Şuranın baş elmi işçisi, ABŞ Dövlət Departamentində hərbi və mülki məsələlər üzrə müşavir kimi çalışmış Riç Ouzten Amerikanın Səsinə müsahibədə Yaxın Şərqdə münaqişənin yayılması riskləri və bunun region ölkələrinə mümkün təsirlərini şərh edib.

Amerikanın Səsi: İsrail və HƏMAS arasında davam edən münaqişənin üçüncü ayının tamam olduğu bir vaxtda İranda öldürülən generalın anım mərasimi yaxınlığında baş verən iki partlayışdan və Livanda HƏMAS-ın yüksək səviyyəli rəsmisinin öldürülməsindən sonra Yaxın Şərqdə daha geniş münaqişənin mümkünlüyü ilə bağlı narahatlıqlar artıb. Bundan əvvəl İsrail müharibədə yeni mərhələnin başladığını elan edib. Yaxın Şərqdə münaqişənin potensial eskalasiyası ilə bağlı hansı risklər var?

Riç Outzen: İlk növbədə onu deyə bilərəm ki, bizim gördüyümüz iş müəyyən mənada münaqişənin yeni mərhələsinə daxil olmaq deyil. Biz münaqişənin yeni mərhələsinin fərqindəyik. İran faktiki olaraq, artıq bir müddətdir ki, proksi qüvvələr vasitəsilə İsrailə qarşı və açığını desək, ABŞ-a qarşı Qırmızı dənizdə, İraqda və Suriyada kiçik miqyasda müharibə aparır. Düşünürəm ki, bu, İranın “böyük şeytan” və “kiçik şeytan” (ABŞ və İsrail nəzərdə tutulur-red.) adlandırdıqlarına qaraşı birbaşa hücum etmək deyil, öz ərazisi və öz rəsmiləri üçün riski minimuma endirmək üçün dəstəklədiyi qüvvələr vasitəsilə hücum etmək kimi böyük strategiyasının bir hissəsidir. Beləliklə, hesab edirəm ki, oktyabrın 7-də baş verənlər və Qırmızı dənizdə gəmilərə hücumların artmasından sonra ABŞ və İsrail belə bir nəticəyə gəldilər ki, təmkin göstərilməsi, İran və onun dəstəklədiyi Hizbullah, Həmas və Husilərin heç bir ciddi cavab təhlükəsi olmadan istədikləri zaman və seçdikləri yerdə hücum etmələrinə bir növ imkan verilməsi uğursuz strategiyadır. Buna görə də indi strategiya bu insanların yaşadığı yerlərdə onlara bədəl ödətməkdir. Yəni, Aururi üçün bu Beyrut deməkdir. Bu, İrana zərbə endirilməsi deməkdir. Düşünürəm ki, biz tezliklə Qırmızı dəniz sahillərində nüvə hədəflərinə hücumların şahidi ola bilərik. Beləliklə də mənim fikrimcə, baş verənlər Qərbin, İsrailin və xüsusilə ABŞ-ın bir əlinin arxada bağlandığını göstərir. Hesab edirəm ki, onlar artıq əlləri arxada bağlı qalmayacaq dərəcədə bu vəziyyətdən kifayət qədər beziblər.

Amerikanın Səsi: Sizin fikrinizcə, münaqişənin müddəti, intensivliyi və yayılması ilə bağlı hansı ssenarilər ola bilər?

Riç Outzen: Birincisi, Qəzza zolağının özündə hərbi əməliyyatlar gedir. Düşünürəm ki, bu, bir neçə ay və ya bəlkə də həftələr ərzində davam edəcək, çünki HƏMAS-ın hərbi, döyüş və ya terror infrastrukturunun çoxu artıq məhv edilib. Fikrimcə, bir-iki aydan sonra sabitliyə və humanitar əməliyyatlara doğru keçidin şahidi olacağıq. Əgər Livanda Hizbullah tərəfindən gərginlik olarsa və ya İran körfəzi və Qırmızı dənizdə müharibə olarsa, bu, müəyyən nöqtəyə qədər eskalasiyaya və aylarla davam edən döyüşlərə səbəb ola bilər. Əgər 1980-ci illərdə İraq və İran arasında baş vermiş müharibənin tarixinə nəzər salsanız, o zaman tanker müharibəsi adlanan müharibə baş vermişdi və orada İranın İnqilabı Keşikçiləri Korpusu və onunla əlaqəli kiçik qayıqlar və dəniz qüvvələri beynəlxalq gəmiçiliyə indi olduğu kimi hücum edirdi. Bu, aylarla davam etmişdi, lakin kifayət qədər aşağı intensivliklə. Ona görə də düşünürəm ki, yalnız dar çərçivədə Qəzzaya baxsaq, bir neçə aydan, bəlkə də iki ay, ya da bir ay yarımdan söhbət gedir. Livanda və ya Qırmızı dənizdə daha geniş mənada hərbi əməliyyatların mümkünlüyünə baxsaq, bu, bir neçə ay uzana bilər. Bu, İranın getməyə hazır olduğu riskdir.

Amerikanın Səsi: Türkiyə rəsmiləri bu günlər İsrailin kəşfiyyat agentliyi ilə əlaqədə olmaqda şübhəli bilinən 34 nəfəri həbs edib. Keçən ay Türkiyə rəsmiləri İsrailə HƏMAS silahlı qruplaşmasının üzvlərini Fələstin ərazisindən kənarda, o cümlədən Türkiyədə təqib etməyə cəhd etdiyi halda bunun ciddi nəticələri ilə bağlı xəbərdarlıq edib. Türkiyənin Yaxın Şərq münaqişəsində mövqeyi nədən ibarətdir və bu mövqe digər NATO üzvlərindən nə ilə fərqlənir? Eyni zamanda, bu fərq Ankaranın İsrailin əsas müttəfiqi olan ABŞ-la münasibətlərinə necə təsir göstərir?

Riç Outzen: Türkiyə Avropada və ya NATO-da Fələstin xalqının müdafiəsinə dəstək verən yeganə ölkə deyil. Düşünürəm ki, müharibənin ilk iki həftəsindən sonra Ankara Yaxın Şərqin bir çox digər ölkələri və Avropanın bir çox ölkəsi ilə müqayisədə öz tənqidində daha kəskin idi. Hesab edirəm ki, bu, bir sıra səbəblərlə bağlıdır. Bununla belə, Türkiyənin İsraillə ticarəti davam edirdi və müəyyən dərəcədə təhlükəsizlik sahəsində əməkdaşlıq da həmişə davam edirdi.

Türkiyədə şübhələnilən kəşfiyyat agentlərinin həbsi hadisələrin yeni dönüşüdür. Bu yerdə İsrailin Yaxın Şərqdə İran və Hizbullah və ya HƏMAS agentləri kimi gördüyü şəxslərin arxasınca getmək əzmi Türkiyənin öz milli suverenliyinə güclü hörməti və suverenliyinin müdafiəsi hissi ilə birbaşa toqquşur. Ona görə də düşünürəm ki, bu, ABŞ və Türkiyə və ya ABŞ və İsrailin əvvəllər fərqli məsələlərdə fikir ayrılıqlarının olduğu situasiyalardan fərqlənmir.

Məsələn, İsrail və ABŞ arasında bir neçə onilliklər əvvəl casusluq qalmaqalları olub. Həqiqət budur ki, dövlətlər yaxşı münasibətlərdə olsa belə bu kimi şeylər edirlər.

Hazırda İsraillə Türkiyə arasında münasibətlərin çox yaxşı olduğunu deyə bilmərəm, lakin onlar hələ də açıq ünsiyyət saxlayırlar. Bunun faydası olmayacaq. Amma Türkiyənin öz ölkəsində cəzasız olaraq heç kimə bu cür hərəkətlər etməsinə yol verməməsini nəzərə alaraq, bunun gözlənilə bilən bir addım olduğunu hesab edirəm.

Sizin sualınızın son hissəsinə gəlincə, bu, ABŞ və Türkiyə əlaqələri üçün nə deməkdir? Hazırda iki ölkə arasında münasibətlər yaxşı deyil, böhran deyil, amma "aşağı tarazlıq" adlandırdığım bir vəziyyətdədirlər. 1974-cü ildə Kipr müharibəsindən sonra daha pis vaxtlar olub. 70-ci illərin sonu daha pis idi. Düşünürəm ki, cəmi üç-dörd il əvvəl Suriya münaqişəsi və S-400 böhranının pik nöqtəsində vəziyyət daha pis idi. Biz əməkdaşlıq edirik. ABŞ və Türkiyə Ukraynada müharibə, həmçinin Türkiyədə suriyalılara humanitar yardım və bir çox başqa sahələrdə əməkdaşlıq edir. Buna görə vəziyyət nə qədər gərgin olsa da, bu gərginlik qalmağa davam etsə də və bir növ yenidən yaxınlaşmanın qarşısını alsa da, mən bunun başqa bir böhrana gətirib çıxaracağını düşünmürəm. Bu, daha çox bir müddətdir bir növ olduğumuz durğunluq vəziyyətidir.

Amerikanın Səsi: Bu sualım isə Azərbaycanla bağlıdır. Azərbaycan İsraillə yaxın münasibətlərə malikdir və İranla qonşu ölkədir. Yaxın Şərqdə İranın dəstəklədiyi qrupların iştirakı ilə daha geniş regional münaqişənin mümkünlüyü ilə bağlı narahatlıq artır. Bu geosiyasi faktorlar nəzərə alındıqda, Yaxın Şərqdə münaqişənin Azərbaycana hansı potensial təsirləri ola bilər? Münaqişə Azərbaycanın İsrail və İranla münasibətlərinə necə təsir edə bilər?

Riç Outzen: Fikrimcə, İran əslində Azərbaycana qarşı hərəkətlərində kifayət qədər təxribatçı olub. Bakıda və Azərbaycanın başqa yerlərində səhv xatırlamıramsa saxlanılan İran agentləri olub və təbii ki, 2020-ci il müharibəsi və 2023-cü ildə Dağlıq Qarabağda münaqişə zamanı hərbi manevrlər İranın qonşusunu təhdid etməkdən çəkinmədiyini göstərir. İran Azərbaycanın İsraillə əlaqələrindən çox narahatdır, lakin Azərbaycanın həm Türkiyə, həm də İsraillə çox güclü strateji əlaqələri var. Azərbaycan həmçinin başa düşür ki, Tehrandakı rejimin mahiyyəti onun maraqları və dəyərlərinə tamamilə ziddir. Ona görə də düşünürəm ki, bu, hansısa yeni təxribat ehtimalını aradan qaldırmayacaq. Ola bilsin ki, iranlılar yeni hərbi manevrlər həyata keçirsinlər və ya daha çox agent göndərsinlər, hətta bəzi raket hücumları və ya buna bənzər bir şey həyata keçirsinlər. Hesab edirəm ki, bu, çox real riskdir, amma bunun Azərbaycanı qorxudacağını düşünmürəm. Düşünürəm ki, Azərbaycan İsrail və Türkiyə ilə möhkəm əlaqələrə əsaslanan regional mövqeyini davam etdirəcək.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.