İctimai yerlərdə öpüşmək qadağan olunsun? – Psixoloqdan MARAQLI TƏKLİF

6-01-2024, 18:34           
İctimai yerlərdə öpüşmək qadağan olunsun? –
ABŞ-ın Nevada ştatında küçədə öpüşmək qadağan olunub. Bu qərar bir qədər qəribə görünsə də dəyərlərin qorunması baxımdan çox vacib bir addımdır. Çünki, küçə və xiyaban fərdi istəklərin yox, ictimai fəallığın həyata keçirildiyi bir yerdir.

Təəssüflə deməliyik ki, Bakının küçə və xiyabanlarında da anoloji hadisələrlə tez-tez rastlaşırıq. Tez-tez sarmaş-dolmaş olan gənclər yeniyetmələrə və həmyaşıdlarına hansı pis nümunə olduqlarının fərqində belə olmurlar.

Elə isə bizdə də belə bir qadağanın tətbiqinə ehtiyac varmı?

Məsələ ilə bağlı psixoloq Gülnar Orucovanın fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirib ki, istənilən inzibati tədbirin, qadağanın əleyhinədir:

“İnsanları daha çox maarifləndirməklə xoşagəlməz hadisələrdən çəkindirmək lazımdır. İnzibati cəza isə ən axırıncı addımdır. Tərbiyə ailədən gəlir. Lakin, hansısa tərbiyəsizliyin ağrısını cəmiyyət çəkir. Ona görə də cəmiyyət bu ağrılardan qurtulmaq üçün bəzən inzibati tədbirlərə əl atılır.

ABŞ-ın Nevada ştatında küçədə öpüşməyin qadağan edilməsi də bu zərurətdən irəli gəlib. Yəni, özünə və ətrafdakılara hörmət etməyənlər məcbur edilir ki, heç olmasa qanuna hörmət eləsinlər. İlk baxışdan elə bir fikir yarana bilər ki, ABŞ kimi ölkədə belə bir qadağaya nə ehtiyac var?! Amma reallıq onu göstərir ki, Amerikalılar da bəzi məsələlərdə çox narahatdırlar”.

Gülnar Orucova onu da qeyd edib ki, bu gün paytaxtımızda öpüşən cütlüklərə tez-tez rast gəlinir:

“Ən pisi də odur ki, ictimai yerdə öpüşənlərin çoxu yeniyetmələrdir. Onların erkən yaşda ictimai fikri nəzərə almaması isə çox ciddi xəbərdarlıqdır. Ona görə də bu sahədə bizdə də müəyyən profilaktik iş aparılmalıdır.

Demirəm ki, öpüşən cütlük həbs edilməlidir, cərimələnməlidir, yox. Amma hansısa tənbehedici işlər aparılmalıdır ki, yeniyetmə və gənclər özlərində məsuliyyət hiss etsinlər. Sonuncu dəfə 28 may tərəfdən keçəndə məktəbin qarşısında öpüşən iki məktəblini görəndə xəcalət çəkdim. Axı, onların hansı yaşıdır ki?! Biz də nəsə etməliyik ki, yeniyetmələr və gənclər ictimai yerlərdə davranış qaydalarına riayət etsinlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.