Solçuların planını Bakı pozdu: Hücumun istiqamətini dəyişdilər - İlginc faktlar

7-01-2024, 11:10           
Solçuların planını Bakı pozdu: Hücumun istiqamətini dəyişdilər - İlginc faktlar
ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2023-cü il hesabatında Azərbaycanı “dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısına” daxil etməsi açıq şəkildə qərəzi xarakterizə edir. Əslində bu kimi hallar gözlənilən idi. Prezident İlham Əliyev Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciətində bu məsələləri konkret və açıq şəkildə qeyd etmişdi. Çox təəssüf ki, Qərb və onun ətrafında yığılan bəzi qüvvələr Azərbaycanın bu qalibiyyətini qəbul etmir. Ölkəmizin siyasətinə dəstək vermək əvəzinə onun əksinə çıxırlar.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

“Başa düşülməlidir ki, Azərbaycanın milli maraqlarını Qərbdə hansısa bir qüvvə dəstəkləməyəcək. Bu, dəfələrlə müşahidə olunub. Belə hadisələrin canlı şahidi olmuşuq. Regionda güc mərkəzləri siyahısını formalaşdırsaq, Azərbaycanın burada mövqeyinin açıq göründüyünü müşahidə edəcəyik”, - deyə o qeyd edib.

Millət vəkili bildirib ki, ABŞ və Qərb siyasi gücünü burada istədiyi kimi yeridə, maraqlarını təmin edə bilmədiyinə və tam təşəbbüsü itirdiyinə görə, indi belə “bəyanatlar”, “hesabatlar” verməyə məcbur olur:

“Azərbaycana qarşı bu “bəyanatlar”ın verilmə tarixinə də xüsusiilə yanaşmaq lazımdır. ABŞ Dövlət katibi Entoni Blinkenin Türkiyəyə getməmişdən öncə bu “bəyanatı” səsləndirməsi də təsadüfi sayıla bilməz. Əslində bu, onların növbəti yanlışı oldu. Heç olmasa, Blinken hara və kiminlə danışığa getdiyini dərk etməli idi. Çünki Azərbaycanla qardaş, müttəfiq ölkə olan Türkiyə ilə Yaxın Şərqin ciddi məsələlərini müzakirə gedən ərəfədə belə “yanaşma”nın sərgilənməsi məntiqsizlikdir. Bu addımı atan Azərbaycanla Türkiyə arasında olan müttəfiqlik sazişini ya başa daşmür, ya da qəbul etmək istəmir”.

Səməd Seyidova görə ABŞ prezident Cozef Bayden, Entoni Blinken, Avropada olanlar beynəlxalq solçu qüvvələrdir:

“Beynəlxalq solçuların hərəkəti, məqsədi hegemonluq, qlobal ağalıqdır. Tolerantlıq, hansısa dəyərlərin pozulması, guya azlıqlara “təzyiq” kimi məsələlər regionlara, dövlətlərə təsir vasitəsidir. Onlar dünyanı bu istiqamətdə idarə etmək niyyətindədir. Amma Azərbaycan nadir ölkələrdəndir ki, Avropa və Qərbdə sosial demokrat fəlsəfəsini açıq şəkildə ifşa edir. Buna qarşı konkret mövqe sərgilənir. Sözsüz ki, ABŞ-nin indiki administrasiyası bundan razı ola bilməz. Hansısa formada narazılıqlarını bildirirlər. Amma bunun mənbəyi nədir və niyə edilir? Bu bizə məlumdur. Təbii ki, bu siyasətin axırı yoxdur. Ukrayna, Yaxın Şərq, Əfqanıstan və bəzi ərəb ölkələrində bu özünü açıq şəkildə göstərdi. İndi də iflasa uğrayan, reallığı əks etdirməyən siyasəti həmin qüvvələr davam etdirir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.