İranı kim viran qoyur? - Mühüm açıqlama
7-01-2024, 19:23
İranşünas, politoloq Sədrəddin Soltanın “Yeni Sabah”a müsahibəsi:
- İranın Kirman ostanında baş verən partlayışdan sonra bu ölkədə silsilə terror aktlarının baş verdiyini görürük. İranda nə baş verir?
- Heç bir dövlət qeyri-adi hadisələrdən və terror partlayışlarından sığortalanmayıb. İranı dünyanın bir üzvü hesab etsək, İran da bu tip partlayışlardan xali deyil. Məsələn, ABŞ-dakı 11 sentyabr hadisələrinin baş vermə səbəbi bu idi ki, Birləşmiş Ştatlar “Əl-Qaidə”ni təqib edirdi deyə bu partlayış “Əl-Qaidə”nin Vaşinqtona cavabı oldu. Bu gün İŞİD-in varlığı, deyilənə görə, yoxdur. Maraqlıdır, əgər İŞİD məhv olunubsa, ayrı-ayrı ölkələrdə terror hadisələri niyə baş verir? Deməli, İŞİD tamamilə məhv edilməyib, yaxud İŞİD-i maliyyələşdirənlər zamanında ondan öz maraqlarının təmin olunması üçün yararlanıblar. Ola bilsin ki, İranda da bu maraqların təmin olunması üçün İŞİD-dən istifadə olunub.
İkinci bir məsələ isə budur ki, Əfqanıstanda “İŞİD Xorasan” adlı bir təşkilat fəaliyyət göstərir. “İŞİD Xorasan”ın məqsədi və hədəfi Əfqanıstan ərazisi, İranın Xorasan əyaləti, Türkmənistan, Özbəkistan və Tacikistanın bir hissəsi daxil olmaqla böyük bir şəriət dövləti yaratmaqdır. Bu baxımdan, “İŞİD Xorasan” İrana təzyiq edə bilər. Bu gün İranda etirazlar mövcuddur. Bu etirazlar isə cəmiyyətin haqlı tələbi ilə əlaqəlidir. 2022-ci ilin 17 sentyabrında İranda hicaba qarşı etiraz aksiyaları başladı bu və günə qədər də məlum aksiyalar ara-sıra davam etməkdədir. Tehran hakimiyyəti isə cəmiyyətin hicaba və hicabla yanaşı müxtəlif sosial-mədəni tələblərinə qarşı silah və dəyənəklə çıxdı. Həmin etiraz aksiyalarında 600-ə yaxın dinc nümayişçi qətlə yetirildi. Sonradan isə 5 etiraz aksiyası iştirakçısı edam olundu.
- Bunu ölkədə baş verən etiraz dalğasının yeni bir mərhələsi saymaq olarmı?
- Ötən ilin hər cümə günündə İranın Sistan və Bəlucistan ostanının Zahidan şəhərində rejimin qətlə yetirdiyi dinc sakinlərin qatillərinin tapılması tələbi ilə etiraz aksiyaları keçirilir. Zahidanın imam-cüməsi hər həftə rejimə qarşı tənqidi çıxışlar edir. Bu hadisədən sonra İran hakimiyyəti öz qüvvələrini Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan ostanına yerləşdirib və elan edib ki, Əfqanıstan ərazisində antiterror əməliyyatı keçirəcək. Deməli, Tehran hakimiyyəti hesab edir ki, bu terror hadisəsini Bəlucistandakılar törədiblər. Çünki orada “Ceyşullah”, “Ceyşül-Ədl” və digər silahlı qruplaşmalar mövcuddur. İran hakimiyyəti də hesab edir ki, bu tip qruplaşmalar məlum aksiyaları törədə bilər. İran hakimiyyətinə dəyən zərbə ölkədə daha çox təzyiq, qətl və hüquq pozuntusuna məruz qalan Sistan və Bəlucistan əyalətində baş verə bilər.
Hazırda İran ərazisində PKK-nın İrana bağlı qolları - “Komilə” və PJAK fəaliyyət göstərir və onlar da İranda terror hadisəsi törədə bilər. Çünki Tehran hakimiyyəti artıq onların istək və tələblərini təmin etmir. Eləcə də Xuzistan ostanında mövcud olan təşkilatlar da terror hadisəsi törədə bilər. Ona görə ki, Tehran rejimi Xuzistan ərəblərinin milli haqlarını təmin etmir, bölgədə sosial problemlər var və s. Yəni Kirmandakı silahlı hücumun baş verməsinin əsas səbəbi hakimiyyətə etirazdır. Bu, o deməkdir ki, rejim 17 sentyabr 2022-ci il aksiyalarına cavab vermir, aksiya iştirakçılarını döyüb öldürür və məhz cəmiyyətin buna qarşı başqa yolu qalmadığı üçün ölkədə terrora əl atılır.
- Niyə məhz məkan olaraq Qasım Süleymaninin məzarı seçilib?
- Bu gün Tehran rejimi SEPAH-ın Qüds qüvvələrinin sabiq komandanı Qasım Süleymanini cəmiyyətin aparıcı qüvvəsinə çevirib onu təbliğ edir. Rejimin başlıca təbliğ etdiyi şəxsin ölüm günündə həmin aksiya törədilir. Çünki Qasım Süleymani artıq İranda Seyid Əli Xamaneiyə bərabər bir şəkildə təbliğ olunur. Fikir versək, görərik ki, ötənilki etiraz aksiyalarında yandırılan posterlərdən biri də İmam Xomeyni, Xamanei ilə yanaşı Qasım Süleymaninin posterləri idi. Ona görə də bu hadisələr ümumilikdə rejimə qarşı kin və nifrət bəsləyən qüvvələrin hakimiyyətə xəbərdarlığıdır.
2018-ci ilin sentyabrında SEPAH-ın Əl-Əhvaz şəhərində keçirilən paradında silahlı hücum olmuşdu. Orada 25 nəfər insan ölmüş, çoxlu sayda yaralılar var idi. Bu aksiyalar dinc insanlara qarşı deyil, əksinə, rejimin əsas dayağı sayılan İslam İnqilabı Keşikçiləri Korpusuna - SEPAH-a qarşıdır. Orada iştirak edənlərin əksəriyyəti SEPAH-çı, digər bir kəsimi isə SEPAH-ın əsas sosial bazası sayılan “Bəsiclər” olub. Bu hücumlar rejimin ürəyinə qarşı edilən etiraz, silahlı basqı və partlayışdır. Ona görə ki, İranda bütün məsələlərə SEPAH nəzarət edir və bunlar hakimiyyətin əsas dayağına qarşı etiraz, ona tuşlanmış zərbədir. Hadisənin arxasında xarici qüvvələr dayanır, ya yox, bu, ikinci bir məsələdir. Onsuz da zaman-zaman İranda bu kimi partlayışlar olub və rejim törətdiyi təzyiqlərin qarşısında cəmiyyətdən bu cavabı alır.
Rafi MÜSLÜMOV