İran geri çəkildi: Hakan Fidanla müzakirə edildi – Dəhlizlə bağlı sürpriz anlaşma

8-01-2024, 10:59           
İran geri çəkildi: Hakan Fidanla müzakirə edildi –
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin 2028-ci ilədək açılacağını bildirib. Onun dediyinə görə, bu yöndə Ermənistandan müsbət mesajlar var. Dəhliz ideyasının reallaşması üçün əngəllər qalxıbmı?

- Zənnimcə, bu onu göstərir ki, Zəngəzur dəhlizi ilə bağlı konsensusa gəlinib. Anlaşmaya mane olan isə Rusiyanın tutduğu qeyri-konstruktiv mövqe idi. Rusiya Ermənistanın İranla sərhədinin onun sərhəd qüvvələri tərəfindən mühafizə olunduğunu bildirərək, dəhlizə nəzarətin də onda olmasından israr edirdi. Məncə, artıq bu maneə götürülüb.

Azərbaycan tələb edirdi ki, Zəngəzurdan keçəcək nəqliyyat xətləri dəhliz statusunda olsun, həm dəmir, həm də avtomobil yolları ilə daşımaların sərbəst keçidi təmin edilsin, bunlara görə rüsum alınmasın. Rüsum məsələsində anlaşmaq çətindir, amma Azərbaycan yüklərin və sərnişinlərin yoxlanılmamasında israrlıdır. Məncə, bu məsələdə konsensusa gəlinib.

Rusiya da oyundan çıxmaq istəməsə də çıxarırlar. Başqa sözlə, hesab edirəm ki, dəhlizin açılması ilə bağlı ciddi irəliləyiş var. Bu həm sülhyaratma prosesinə təkan verəcək, həm də bölgədə kommunikasiya xətlərinin tam açılmasına zəmin yaradacaq.

- Türkiyəli nazirin İranla bağlı açıqlaması da diqqət çəkir. Uraloğlu söyləyib ki, Tehran da bu layihəyə qoşula bilər, bunu istəsə, imkan yaradılacaq. Hesab etmək olarmı ki, Türkiyə bu prosesdə İranı əngəl kimi görmür?

- Əlbəttə, Türkiyə İranı maneə kimi görmür. Eyni zamanda, İranın əngəl yaratmaq üçün istifadə etməyə çalışdığı bəhanələrini əlindən alır. Türkiyə bildirir ki, bu, beynəlxalq yoldur, hamı istifadə edə bilər, o cümlədən də İran. Tehranın indiyə qədərki hikkələri siyasi xarakter daşıyırdı. Təkcə siyasi yox, həm də düşmənçilik xarakteri. Gah Ermənistanı “qırmızı xətt” adlandırdılar, gah “minillik yolun bağlanması”ndan danışdılar, gah da başqa absurd iddialardan çıxış etdilər, amma bunların heç biri işə yaramadı. Artıq İranın da bu yöndə ortaya qoya biləcəyi “arqumenet”ləri yoxdur, qurtarıb. Tehran finişə çatmaq üzrə olan prosesi qəbul etməyə məcburdur.

- Türkiyə xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə Azərbaycan-Ermənistan sülh danışıqlarını müzakirə edib. Fidanla Blinkenin son danışıqlarının hamısında bu məsələ müzakirə olunub. Düşünmək olarmı ki, ABŞ bölgə ilə bağlı məsələlərin həllində burada üstün mövqedə olan Türkiyə ilə əməkdaşlığa gedir?

- Zənnimcə, əməkdaşlığa gedir. Vaşinqtonda başa düşürlər ki, Türkiyəsiz ABŞ və NATO-nun Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək mümkün olmayacaq. Ümumiyyətlə, son zamanlarda Türkiyə-ABŞ münasibətlərində bir isinmə prosesi gedir. Bu, digər məsələlərin çözümünü də tətikləyəcək. ABŞ prosesdə obyektiv olacaqsa, bölgədə rolu və nüfuzu arta bilər.

Artıq Rusiya da inadkarlığının və bölgədə qarşıdurmanın davam etdirilməsinin mənasız olduğunu anlayır, amma yenə də zəif də olsa, müqavimət göstərməyə çalışır. Bölgədə mövqeləri zəifləyən Rusiyanın bundan sonrakı səylərinin nəticə verəcəyini düşünmürəm. Çünki Türkiyə-Azərbaycan ittifaqı regionda daha üstün mövqedədir.

- Amerikanın Zəngəzur dəhlizi ilə bağlı yanaşması da maraqlıdır. ABŞ Dövlət Departamentinin son açıqlamalarından birində bu məsələnin də Blinkenin Hakan Fidanla təmaslarında müzakirə edildiyi bildirilmişdi.

- Bu, ABŞ üçün də strateji yoldur. Zəngəzur dəhlizi ABŞ ilə yanaşı, Avropa Birliyi və NATO-nun da geosiyasi maraqlarına xidmət edən xətdir. Bu yolun önəmini bütün dövlətlər başa düşür. Zənnimcə, Avropa Birliyi və ABŞ bu məsələdə yekdil mövqeyə malikdir və açılması üçün səy göstərirlər.

- Sülh müqaviləsi ilə bağlı gözləntiniz necədir? Bakı və İrəvandan verilən son mesajlar müsbətdir. İlin sonunda deyilmişdi ki, yanvarda saziş imzalanacaq.

- Məncə, vaxtı uzatmağa dəyməz. Artıq fundamental məsələlər razılaşdırılıb, prinsipial məsələlərdə fikir ayrılığı yoxdur. Müqavilənin əsas prinsipləri müəyyənləşdirilib. Hesab edirəm ki, xarici işlər nazirlərinin bu yaxınlarda Vaşinqtonda keçiriləcək görüşündən sonra sülh müqaviləsinin imzalanması an məsələsi olacaq.

- Yəni moderator Rusiya olmayacaq?

- Zənnimcə, Rusiyanın moderatorluğu işə yaramayacaq. Rusiya nə qədər təkid etsə də, bu məsələ ya Azərbaycanla Ermənistan arasında vasitəçisiz həllini tapacaq, ya da Tiflis variantı gündəmə gələcək. Yəni sülh müqaviləsi Qərb və ya Rusiyanın moderatorluğu olmadan imzalana bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.