Türkiyə prosesə qoşulur: Sülh üçün məkan göstərildi - Vacib gəlişmə

8-01-2024, 17:16           
Türkiyə prosesə qoşulur: Sülh üçün məkan göstərildi - Vacib gəlişmə
Ermənistanda revanşizm alovlanmasında kilsənin rolu az deyil. Kilsə qondrama rejimin təbliği ilə öz maraqlarına uyğun davranır. Erməni katolikos II Qaregin “Qarabağ klanı"nın nümayəndəsidir. Həmin klan onu bu posta yerləşdirib. Qaregin də açıq şəkildə onlara xidmət edir.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

“Məqsədləri revanşizmin daha da alovlanmasına nail olmaq və Ermənistanda hakimiyyəti ələ keçirməkdən ibarətdir. Yenidən Qarabağa hücum edib guya öz niyyətlərini reallaşdırmaq istəyirlər. Onları bu çirkin kampaniyada erməni diasporası və xaricdəki bəzi siyasi qüvvələr dəstəkləyir”, - deyə o qeyd edib.

Millət vəkili hesab edir ki, bu, sülh prosesini ləngidən amillərdəndir:

“Nikol Paşinyan məhz bu qüvvələrin qorxusundan sülh sazişini imzalamağa cəsarət etmir. Müxtəlif bəhanələrlə prosesi uzadır. Görünən odur ki, bu belə də davam edəcək”.

Deputat hazırda Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi məsələsində Türkiyənin fəal roluna toxunub:

“ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə səfəri zamanı Xarici işlər naziri Hakan Fidanla bu məsələni müzakirə edib. Sözsüz ki, sülh prosesində mütləq Türkiyə yer almalıdır. Bunun əksinə çıxan qüvvələrin sülh prosesində yer almaması vacib şərtdir. Eyni zamanda sülh sazişi üçün hansısa ölkəyə və yeni bir platformaya ehtiyac yoxdur. Sülh Azərbaycanla Ermənistan sərhədində imzalana bilər”.

Asim Mollazadə indiki halda Azərbaycana kənardan edilən təzyiqlərin məqsədinə də aydınlıq gətirib:

“ABŞ-ın Azərbaycanda “dini məsələləri” əsas tutaraq məntiqsiz mövqeyi ortadadır. Bu erməni icmasının hazırladığı “hesabat” idi. ABŞ nədənsə Ermənistanda olan kobud pozuntuları görmür. Vaşinqton elə eynək taxıb ki, Ermənistanda ümumiyyətlə heç nəyi nəzərə almır. Bu yaxınlarda Ermənistanda sinaqoqları yandırılıb, hücumlar olub, erməni katolikləri həbs edilib və ölkədən qaçmağa vadar olur. Onlara sərbəst dini ibadətlə məşğul olmağa imkan vermirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.