“Mirzə İbrahimov qərəzkar, Mehdi Hüseyn ciddi, Rəsul Rza isə...” - 97 yaşlı yazıçı
15-01-2024, 10:12
Qapını açıb köhnə vaxtın xatirələrinin səliqəylə qorunduğu mənzilə düşürəm. Köhnə üslublu bir otaq. Divarın birini kitab şkafı tutub. Bu şkafda Vidadi Babanlı imzalı 52 kitab yerləşir. Divarın sağında və solunda böyük portret və portret-xalça da köhnə vaxtlardan soraq gətirir.
Yazıçının çarpayısı sağ divardadır. Başının üstündə ağ-qara olsa da, işıqlı duyğuların sirayət etdiyi foto var. Qarabığlı kişi və balaca oğlanın fotosu.
Gələcəyimi bilirdi həmsöhbətim. Ona görə qalxıb yerinin içində oturmuşdu, gözlədiyi hiss olunurdu. 100 yaşın astanasında olan ağsaqqalın nizam-intizamı, məsuliyyəti məni təsirləndirir.
Beləcə, söhbətə başlayırıq qocaman yazıçı Vidadi Babanlı ilə. Qulağı ağır eşidir, sualları təkrarlamalı oluram, o da eşitdiyi və qavradığı sualları titrək, zəif səslə, amma dəqiqliklə cavablayır.
97 yaşlı insanın zehninin itiliyi, yaddaşının oyaqlığı məni valeh edir.
- Mən anamı üç aylıq olanda itirmişəm. 5-6 yaşına qədər ana nənəmin yanında qalmışam, 6 yaşından sonra ata nənəm baxıb mənə. Məni nənələrim saxlayıb.
- Ananız niyə belə erkən dünyasını dəyişib?
- Kənddə doğum zamanı, deyəsən, mikrob keçmişdi. Elə deyirdilər. Mən doğulandan sonra xəstələndi və üç ay keçməmiş dünyasını dəyişdi. Adamların avam vaxtıydı. 1926-1927-ci illər, kənd yeri, həkim, dava-dərman yox, savadsızlıq...
- Sonralar ana nisgilini hiss edirdinizmi?
- Mən həmişə ana nisgilini hiss etmişəm… Bir hadisə danışım. Universitetdə üçüncü kursda oxuyurdum. İyirmi yaşım vardı. İsa Hüseynov məndən bir kurs aşağı oxuyurdu. Tətildə rayona getmişdik. Bir dəfə harasa getmişdim, qayıdanda gördüm ki, anası ona qayğanaq bişirir, üstünə bal töküb, başının üstündə dayanıb, sarı saçlarını sığallaya-sığallaya onu yedizdirir.
Mən bunu görəndə o biri otağa keçdim, özümdən asılı olmadan hönkürüb ağladım. Yəni ana məhəbbəti mən görməmişəm, başqasında görəndə onun xiffətini çəkmişəm.
- Bəs atanız?
- Atam üç dəfə evlənmişdi. Mənim anamdan sonra iki dəfə. Biriylə üç il yaşayıb, boşayıb, sonra o birisini alıb. Axırıncı arvaddan 7, ümumilikdə 9 uşağı olub atamın.
Atam mehriban adam idi. 6 qardaş idilər. Onların içində ən ürəyi genişi, xeyirxahı o idi. Mənim yaddaşımda xeyirxah bir adam kimi qalıb.
- Atanızdır? - yuxarıdakı fotoya işarə edirəm.
- Hə. Yanındakı da mənəm.
- Sizi çox istədiyi hiss olunur.
- Eləydi.
- Sizə atalıq qayğısı göstərdimi?
- Göstərdi. Oxumağıma kömək elədi. Məni 1944-cü ildə Tiflisə Dəmiryolu Mühəndisliyi İnstitutuna oxumağa göndərdi. Ordan əsgərliyə aparmırdılar. Bir kurs oxudum, gördüm bura mənim yerim deyil. Ədəbiyyata lap 5-6-cı sinifdən meylim vardı. İlin axırı sənədlərimi institutdan götürdüm.
"Kommunist" qəzetində belə bir elan verilmişdi ki, Azərbaycan Dövlət Universiteti tələbə qəbulu elan edir. Sənədlərimi Tiflisdən Bakıya göndərdim. Qazağa qayıdıb gələndə atam soruşdu ki, dərslər necə gedir? Onu aldatdım, dedim, dərslərim yaxşı gedir. Mənə inandı, çünki heç vaxt yalan danışmırdım.
Aradan iki ay keçdi. Bir axşam, avqustun iyirmisindən sonra, evə gələndə gördüm atam pərt oturub. "Axşamın xeyir" dedim. Cavab vermədi. Durdu ayağa. Dedi, nə qələt eləmisən? Heç nə başa düşmədim, qaldım mat-məəttəl.
Siyirməni çəkib bir məktub çıxardı. Məktubu üzümə çırpdı, ardınca bir şillə vurdu mənə. Deyinə-deyinə, hirsli- hirsli çıxdı bayıra. Gözümün yaşını sıxırdım, çünki anadan yetim olduğum üçün məni heç vaxt vurmamışdı. Gözümün yaşını birtəhər sildim, ayağımın yanına düşən məktuba baxdım, üstündə "Azərbaycan Dövlət Universiteti" sözlərini oxuyanda yadıma düşdü, tez məktubu götürüb oxudum.
Orda yazılmışdı: "Universitetə qəbul olunmusunuz, sentyabrın 1-dən oxumağa gələ bilərsiniz".
Atam evdə bir həftə məni dindirmədi. Ata ürəyidi də, axırda bilet aldı, göndərdi məni Bakıya. DediŞ sən cızma-qara edirsən, elə bilirsən şeir yazırsan? Hər yazan elə bilirsən yazıçı olur?
Mən 3-cü kursda oxuyanda "Azərbaycan gəncləri" qəzetində iki şeirim çap olundu. Bu şeirləri oxuyandan sonra mənə məktub yazdı. Yazmışdı ki, ay bala, mən sənin ürəyini oxuya bilməmişəm. Səndə doğrudan da istedad varmış.
- Dünyasını dəyişdiyi vaxtı xatırlayırsız?
- 1984-cü ildə, 86 yaşında dünyadan köçdü.
- 9 övladdan yerində-yurdunda kimsə qalıbmı?
- Ata yurdunda balaca oğlu Adil qaldı, ev tikdirdi yanında. Qalanları isə kimisi Moskvada, kimisi Bakıda, kimisi Sumqayıtda binə saldı.
"İsmayıl Şıxlı dedi ki, öz soyadına keç"
- Ədəbiyyata Şıxlı təxəllüsüylə gəlmişdiniz, bəs sonra necə oldu?
- Kəndimizin adı Şıxlı idi. Sonra gördüm məni İsmayıl Şıxlı ilə qarışdırırlar, 1962- ci ildə keçdim öz familiyama - Babanlıya.
-"Şıxlı" təxəllüsünü götürməyiniz İsmayıl Şıxlının acığına gəlmişdi?
- Yox, mən onda tanımırdım İsmayıl Şıxlını. İsmayıl sonra müharibədən gəldi... Bir hadisə oldu. Dağıstana Azərbaycan yazıçı-şairlərindən ibarət nümayəndə heyəti göndəriləcəkdi. Siyahı tutulub, birinci mənim adım yazılıb. Amma məni tapmayıblar, İsmayıl Şıxlını göndəriblər.
Dağıstanda rektor qonaqları salamlayanda mənim adımı oxuyub. Süleyman Rüstəm durub deyib ki, gələn o deyil, başqa yazıçıdır. Buna baxmayaraq, "Daqestanskaya pravda" qəzetində İsmayıl Şıxlının şəklinin altında mənim adım getmişdi: "Vidadi Şıxlı".
Aradan bir müddət keçdi. İsmayıl mənə dedi ki, ay Vidadi, gəl sən öz familiyana keç. Bizi dəyişik salırlar. Mən ona inanmadım. Cibindən qəzeti çıxarıb göstərdi ki, görürsən, şəkil mənim, altındakı ad sənin. Ondan sonra öz familiyama keçdim.
- Siz bir müddət "Azərbaycan" jurnalında işləmisiz. Çap olunacaq əsərlər necə seçilirdi? Yuxarıdan göstəriş olurdumu?
- Yuxarıdan göstəriş olmurdu. Gətirib təqdim edirdilər, əgər bəyənirdiksə, çap edirdik.
- Hansı əsərlər o vaxt sizin yaxşı mənada təəccübünüzə səbəb olmuşdu?
- Dəqiq yadımda deyil. İsmayıl Şıxlının "Dəli Kür" əsəri geniş yayıldı və hörmət qazandı. Başqa əsərlər yadımda deyil.
- "Vicdan susanda"nı yazanda hansısa hadisədən təsirləndinizmi?
- Mirzə İbrahimov o vaxt Yazıçılar Birliyinin sədri idi. 1967-ci ildə məni işdən çıxartdırdı. Məsələni partiya iclasına qoydu, partiyadan da çıxarmaq istədi. Ona Əli Vəliyev, Süleyman Rüstəm, Osman Sarıvəlli etiraz elədilər. Rəsul Rza isə dedi ki, belə məsələ bizim təşkilatın adına yaxşı heç nə gətirməz. Mirzə isə təkid etdi ki, partiyadan çıxarılmalıdır. Onda Rəsul Rza durub iclası tərk elədi. Mən də artıq boğaza yığılmışdım. Partbileti çıxarıb onun üstünə atdım və özüm də iclası tərk elədim.
- Mirzə İbrahimovun sizə qarşı bu hırs, qəzəbi nə ilə bağlı idi axı?
- Onu qandırmışdılar ki, guya yazıçı kimi mən onu bəyənmirəm.
- Aranızı vurmuşdular?
- Hə, aramızı vurmuşdular. Cəlal Məmmədov adlı biri vardı... Paxıl adamlar çox idi.
- Necə bilirsiz, o vaxt cəmiyyətdə vicdanlı insanlar çox idi, ya indi?
- Vallah, dəqiq bir şey deyə bilmərəm. O vaxt vicdanlı adamlar var idi. Amma indiki cəmiyyət haqqında heç nə deyə bilmərəm... Əslində indi də var vicdanlı insanlar, o vaxt da var idi.
- O vaxt əsərlərin tərbiyəvi əhəmiyyəti, cəmiyyətə təsiri olurdumu?
- Cəmiyyətə çox təsiri olurdu. "Vicdan susanda" əsəri əl-əl gəzdi. Onu oxumayan az adam oldu. Rus dilində iki dəfə 1970 və 1983-cü illərdə 100 min tirajla çap olundu. Adətən, kitablar 30 mindən yuxarı tirajla çap olunmurdu. Amma bu kitab oxucuların tələbi ilə dalbadal 100 min tirajla buraxıldı. Burda da 50 min, 30 min tirajla dəfələrlə çap olundu.
Mən bir hadisə danışım. Moskvada "Həyat bizi sınayır" əsəri çap olunmuşdu. Aradan yarım il keçdi. Bir dəfə Yazıçılar İttifaqında dedilər ki, bir cavan oğlan gəlib səni soruşur. Düşdüm aşağı, gördüm cavan oğlandı, bizim adamlara çox oxşamır.
Mənə yaxınlaşdı, dedi, siz Vidadi Babanlısız? Dedim, bəli. Dedi, mən Daşkənddə yaşayıram, özbəyəm, sizin kitabınızı oxumuşam, elə bilmişəm ordakı qəhrəman mən özüməm. Mən o insanlarla tanış olmağa gəlmişəm. Qaldım mat-məəttəl, bilmədim nə deyim.
Sumqayıtda yaşayan bir-iki adam vardı, onların nömrəsini verdim, getdi. Belə hadisələr çox olub. Rusiyanın müxtəlif yerlərindən məktublar almışam. Yəni bədii əsərlərin təsiri güclü idi.
- Bəs nəyə görə iki əsərinizi yaradıcılığınızdan çıxarmaq istəyirsiz?
- Biri "Ayazlı gecələr"dır, biri də "Qəribə eşq". Bədii cəhətdən zəif alınıblar, ona görə xoşuma gəlmir.
"Nəbi Xəzri düz adam idi, Mehdi Hüseyn..."
- Hansı dövrü Azərbaycan ədəbiyyatının yüksəliş dövrü hesab edirsiz?
- 50-ci illərdən sonrakı dövrü. Həmin dövrün əsərləri sovet quruluşunu tərifləməkdən yavaş-yavaş uzaqlaşdı, həqiqi məsələlərə keçdi. 50-ci illərdən sonra gələn yazıçılar tələb olunan həqiqi əsərlər yaza bildilər. İsa Hüseynov, İsmayıl Şıxlı, Sabir Əhmədov, Vidadi Babanlı və digərləri.
- İsa Muğanna ilə, deyəsən, qohumsuz.
- Mənim anam İsanın atasıyla bacı-qardaş idib. İsayla uşaqlığımız demək olar ki, bir yerdə keçib.
- İsa müəllimlə necə yola gedirdiz?
- Çox mehriban.
- Hansınız əvvəl başladı yaradıcılığa?
- Əvvəl mən başladım. İsa mənim izimlə gəldi. Özü də sonralar yazırdı ki, sənin izinlə gəlmişəm. Mən onda şeir yazırdım, o da nədən başlayacağını hələ bilmirdi. Bir oçerk yazdı: "Anadil ötən yerdə". Bu oçerk Mehdi Hüseynin çox xoşuna gəldi və çap etdirdi. Ondan sonra İsa ədəbiyyata gəldi.
İsa böyük yazıçıdır. Yaxşı müşahidə qabiliyyəti vardı. Sovet quruluşunun nöqsanlarını görüb qələmə alırdı. Bunun üstündə onu bir neçə dəfə KQB-yə çağırmışdılar. Buna baxmayaraq, yenə də inadından dönmürdü.
Bir cəhəti var ki, dili ağırdı, çətin oxunur. Amma yaradıcılığı böyükdü.
- Əsərlərinizi bir-birinizə oxuyub məsləhət alırdınızmı?
- Əvvəllər cavan vaxtı hə, sonralar yox.
- Köhnə yazıçı dostlarınızı necə xatırlayırsız?
- Mehdi Hüseyn ciddi adam və ciddi yazıçıydı. Əli Vəliyev xeyirxah idi. Süleyman Rüstəm də xeyirxah adam idi. Mirzə İbrahimov çox qərəzkar idi.
- Rəsul Rza neçə adam idi?
- Rəsul Rza obyektiv adam idi. Düzlüyü sevən idi.
-Bizim dövrdə bir ara nədənsə çox tənqid olundu...
- O vaxt da edirdilər. Sərbəst vəzndə yazdığına görə onu çox bəyənmirdilər.
- Bəs kimi bəyənirdilər, kimi oxuyurdular?
- Səməd Vurğun bir nömrə idi. Bütün xalq onu sevirdi. Rəsul Rza xalq arasında çox tanınmırdı. Yadımdadır, Səməd Vurğun dəfn ediləndə Dağüstü parkda adam əlindən tərpənmək olmurdu, mən geri dönəndə gördüm izdihamın aşağı tərəfi filarmoniyanın yanındadır. Xalq çox sevirdi onu.
- Bəs Səməd Vurğun necə adam idi?
- Səməd Vurğun çox genişürəkli, başqasının uğuruna sevinən adam idi. Mənim gözümün qabağında Əhməd Cəmili qucaqlayıb öpdü ki, "Can nənə, bir nağıl de" şeirini çox gözəl yazmısan. Başqaları haqqında ürək dolusu söz deyə bilirdi. Amma başqaları onun kimi deyildi. O, ürəyi böyük adam idi, yaradıcılığı da böyük idi, ürəyi də.
- O vaxtlar da qələm adamları arasında paxıllıq var idi?
- Çox idi. Elə adamlar həmişə olub. Özləri bir şey yaza bilmirlər, amma ara vururlar, söz gəzdirirlər. İstedadlı adamları bir-birilə düşmən edirlər. Bəstəkarlardan Qara Qarayevlə Fikrət Əmirovu düşmən eləmişdilər.
Moskva yaxınlığında bir yaradıcılıq evi var. Orda Fikrət Əmirovla rastlaşdım. Soruşdum ki, "Fikrət müəllim, hansı əsər üzərində işləyirsiz? Nə vaxtdır yeni əsəriniz gözümə dəymir". Bir az susdu, sonra dedi: "Hardan alım Qara Qarayevi? Yarış bitdi".
- Demək, bir-birinin bəhsinə şedevr yaradıblar... Yazıçılar arasında da rəqabət vardı?
- Vardı. Məsələn, o yaxşı yazıb, çalışım, mən də yaxşı yazım. Çalışım, mən də yaxşı əsər qoyum ortaya. Amma istedadlı adam az olanda rəqabət də olmur. Ədəbiyyata istedadla gələnlər az olur. Çoxu adı həvəslə gəlir, bir-iki əsər yazır, daha ardı gəlmir. Çevrilib olurlar aravuran, paxıl...
- Nəbi Xəzri xatirinizdə necə qalıb?
- Düz adam idi, insanpərvər idi. Şairliyi də pis deyildi, yaxşıydı. Əsərləri nə qədər yayılacaq, nə qədər qalacaq, o, tarixin işidir. Amma mənim zənnimcə, Bəxtiyar Vahabzadə ondan güclüydü. Hərənin öz yaradıcılıq yolu var, hərə bir cəhətiylə seçilir. Ədəbiyyatşünaslar onu daha dəqiq deyə bilərlər.
- Bəs Bəxtiyar Vahabzadənin xarakteri necə idi?
- Onun bir az cığallığı vardı, amma gözəl şair idi. Əsəbi adam idi, tez cırnayırdı. Bir az tənqid edən kimi özündən çıxmağa başlayırdı.
- Bəs sizdən sonra gələn nəsillər barədə nə deyə bilərsiz?
- Nə bilim vallah, istedadlıları da vardı, elə-belələri də... Bizdən sonra gələnlər də layiqli davamçılar oldular. Anar, Elçin, Kamal Abdulla... Dəqiq bir söz deyə bilmərəm, çünki on ildən bəridir heç nə oxuya bilmirəm.
- Hər gələn nəsil bir az inkar etməyə meyilli olur. Sizdən sonra gələnlər, 60- cılar, 70-cilər heç sizi tənqid edirdilərmi?
- Yox, tənqid edə bilməzdilər, çünki 50-cilərin yaradıcılığı göz qabağında idi. Mənim 6 romanım, 5 povestim, çox sayda şeirlərim, hekayələrim, dram əsərlərim, tərcümələrim var. Mən beş janrın beşində də qələmimi uğurla sınamışam.
- Şeirləriniz nəşr əsərləriniz kimi tanınmadı, bunun səbəbi nə idi?
- Çünki arada 30 il şeir yazmadım. "Gəlin" povestindən sonra, 1955-ci ildən. Müstəqillik qazanılandan sonra mənə şeir yenidən gəldi. Çünki nəsr əsəri çox vaxt istəyir. Şeir isə zamanın tələbinə uyğun yazılır. Ona görə daxili tələbat oldu, yenidən şeirə qayıtdım. Bu şeirimi də özüm haqda yazmışam:
Yoxdur heç kimsədən giley-güzarı,
Yazıb yaratmaqdır dərdi, azarı.
Gördü ki, tükənir şeirin bazarı
Sınadı qələmi romanlarda o.
- Yaddaşınız yaxşıdır, Vidadi müəllim.
- Babatdı. Bu uzun şeirdi, iki-üç bəndi yadımdadır.
- Uzun ömrün sirrini bizimlə bölüşə bilərsiz?
- Ay qızım, ömrü Allah-təala verir. İnsanın özündən də asılıdır. Mən ürəyimi təmiz saxlamışam, heç kimə paxıllıq eləməmişəm. Heç kimə həsəd aparmamışam. Mənə yamanlıq edənlərə də mən yamanlıq eləməmişəm. Allah özü cəzalarını verib.
- Gənc olanda etmədikləri üçün heyifsilənən 100 yaşlı yazıçının ürək sözləri bütün dünyada məşhurdur. Siz 97 yaşınızdan baxanda nələr üçünsə təəssüflənirsizmi?
Yazıçı nəsə demək istəyir, amma öskürək boğazını tutur. Bəlkə də vaxtı uzadır - sualı tam qavraya bilmədiyi, bəlkə qavrayıb cavab verməyə özündə güc tapmadığı üçün. Bir az özünə gəlməsini gözləyirəm, sonra söhbət üçün təşəkkür edib ayağa qalxıram.
- Çay içərdin, - deyə adət-ənənə üzrə dil-ağız edir ağsaqqal.
- Başqa vaxt, - mən də Azərbaycansayağı cavab verirəm və qocaman yazıçını xatirələriylə baş-başa qoyub köhnə vaxtların yaddaşının səliqəylə qorunduğu evdən ayrılıram...
Müəllif: Günel Natiq - Mənbə: Teleqraf.com