Azərbaycanda xiyar və pomidor o zaman ucuzlaşır ki...
17-01-2024, 07:24
Son günlər ölkəmizdə pomidor və xiyarın qiymətinin ucuzlaşması gündəmə gəlib.
Belə ki, supermarketlərdə meyvə və tərəvəzlərin qiymətində müəyyən qədər ucuzlaşma qeydə alınıb. Endirimin ilkin səbəbi həftə sonları və ya marketdaxili endirimlər olsa da, sonrakı mərhələdə də qiymətlərin ucuzlaşa biləcəyi ehtimal olunur.
“Cebhe.info”- ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qışda tərəvəzlərin ucuzlaşması hər hansısa bir səbəbdən və ya rəqabət mühitinin təsiri sayəsində baş verə bilər:
“Ölkəmizə Rusiya bazarından pomidor, xiyar və digər məhsullar geri qaytarıldığı an daxili bazarda qiymət kəskin ucuzlaşa bilər. Praktiki olaraq keçən il və ondan öncəki illərdə daxili bazarda pomidorun kifayət qədər çox olmuşdu. Çox olan istənilən məhsul daxili bazarda rəqəbət mühiti yaratdığına görə qiymətin aşağı enməsinə gətirib çıxa bilir”.
Həmsöhbətimiz həmçinin bildirib ki, qış aylarında tərəvəzlərin yetişdirilmə xərci çox olduğuna görə baha satılması təəccüblü deyil:
“Pomidor və xiyar qış aylarında əsasən istixana şəraitində yetişdirilir. Yetişdirilən tərəvəzlərində böyük əksəriyyəti Rusiyaya ixrac edilir. Buna görə də daxili bazarda meyvə və tərəvəz nisbətən baha qiymətə təklif olunur. Lakin Rusiyadan ölkəmizə gömrükdən məhsullar geri qaytarılanda daxili bazarda qiymətlər aşağı düşür. Tərəvəzlərin qiyməti bu formada aşağı düşür”.
Xatırladaq ki, hazırda supermarketlərdə pomidor 2-3 manata, xiyar isə 2.50-3 manata qədər təklif olunur. Bir müddət əvvəl isə bu rəqəm 5-6 manat civarında idi.
Həsən Məmmədov