Qalib Salahzadə Şeyxə verdiyi 260 min dollar danışdı: - “Özümü elə aparmamışam ki, tutub, içəri bassınlar...”

19-01-2024, 12:55           
Qalib Salahzadə Şeyxə verdiyi 260 min dollar danışdı: -
Qalib Salahzadə Şeyxə verdiyi 260 min dollar danışdı:
“Şeyx villasını tikmək üçün borc verdiyim 260 min dolları mənə çoxdan qaytarıb. Deyirlər ki, 260 min dollar Hacı Qalibdə haradan idi? Onda məni tanımırlar. Qoy fikrə getsinlər. Kim inanır, inansın, inanmır, inanmasın. Allah var göydə. Mənim bunu deməkdə məqsədim odur ki, bu kişi borc-xərc edib, ev tikib, özü üçün gün-güzəran düzəldib. Bir dəfə demişdim ki, kişinin evi olar də. Balaca, ya böyük olsun, gərək, kişi ailəsi üçün bir koma tiksin, nəsə yaratsın. Elə “mən gəldim dünyaya, getdim dünyadan, salam, sağ ol, xoş getdin?” İnsan dünyada balaları, nəvələri, nəticələri üçün yaşayır. Hazırda 7 nəvəm, 7 nəticəm var, özüm də 71 yaşın içindəyəm. Bu Allah saxlamışlar on dörd nəfərdir. Onlar üçün gələcək qurmalıyıq ki, yaşasınlar də. Mən heç vaxt kasıb-kusuba gülməmişəm, rişxənd etməmişəm. Elə şeydən acığım gəlir. Allah belə yaradıb. Mən nə etməliyəm?”

Bu sözləri Pravda.az-a açıqlamasında Şeyxülislam Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadə deyib.

“1969-cu ildən əmək kitabçam var. Heç bilirsiniz, respublikanın 95% taxta-şalban fondu məndə olub? Hamısını Sibirdən gətiriblər. Sibirin o qədər şəhərini sayaram ki. Mərd-mərdanə oğlan olmuşam. Əlbəttə, vəzifə sahibi olmamışam ki, indi camaat arxamca desin, iş sahibi, vəzifədə olan adamdır. Oğru olmamışam. Saf ticarət yolu ilə pul qazanmışam. Bununla da həmişə fəxr edirəm. Yoxsa, çoxdan deyərdilər ki, baxın, Hacı Qalib filan şeyi belə etdi. Bu adamlar elə danışırlar ki. Pul qazanmağın yolları olub. Mənə dəyməyiblər, “tutmayıblar”. Yəni özümü elə aparmamışam ki, tutub, içəri bassınlar. Sovet hökumətinin vaxtında pul qazanmaq asan şey deyildi...”, - o deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.