"Bu günədək heç 20 Yanvar qətliamının istintaqı da başa çatdırılmayıb" - FAKT BUDUR!
20-01-2024, 10:19
Keçmiş Sovet imperiyası rəhbərliyi və ordusu tərəfindən Azərbaycana xalqına qarşı törədilmiş müdhiş 20 Yanvar faciəsindən artıq 34 il keçir. Onun əsas təşkilatçı və icraçıları; keçmiş SSRİ prezidenti M.Qorbaçov, SSRİ Ali Soveti İttifaq sovetinin sədri Y.Primakov, müdafiə naziri, general D. Yazov və s. vəfat edib. Və təəssüf ki, ölkə səviyyəsində bu qətliama siyasi qiymət verilsə də, beynəlxalq səviyyədə bu istiqamətdə heç bir addım atılmayıb. Görəsən, bundan sonra həmin qətliamın dünya miqyasında tanınmasına nail olmaq üçün hansısa bir iş görmək mümkündürmü?
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında istiqlalçı deputat, Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov bu fikirləri ifadə edib:
“20 Yanvar qətliamının insanlıq əleyhinə bir cinayət olması şəksizdir. Və beynəlxalq hüquqda da belə cinayətlərin müddəti olmur. Yaxın tariximizdə dünyada belə nümunələr olub. Yəni digər faciələr kimi Qara Yanvarın da üzərindən nə qədər vaxt keçməsinə baxmayaraq istənilən vaxt onunla bağlı ittiham beynəlxalq səviyyədə - Beynəlxalq Ədalət Məhkəməsində qaldırıla bilər. Bu haqda hələ 1990-cı illərdə dəfələrlə məsələ qaldırsaq da, təəssüf ki, bu günədək heç 20 Yanvar qətliamının istintaqı da başa çatdırılmayıb.
20 Yanvar qətliamının beynəlxalq səviyyəyə çıxarılıb tanınması rəsmi qurumlardan, hüquq-mühafizə orqanlarından asılıdır. Yəni ilk növbədə həm hüquqi, həm də siyasi qiyməti dəqiqləşdirmək lazımdır. Siyasi qiymət də yarımçıq verilib. Bir sözlə, 20 Yanvar məsələsi Azərbaycan xalqına qarşı baş vermiş bir cinayət, dinc əhaliyə silah qaldırılması, atəş açılması faktı kimi mütləq beynəlxalq səviyyədə qaldırılmalı və lazımi qiymət verilməsinə nail olunmalıdır. Çünki keçmiş SSRİ ərazisində, yəni Qazaxıstanın keçmiş paytaxtı Almatıda, Gürcüstan paytaxtı Tiflisdə, Litva paytaxtı Vilnüsdə sovet ordusunun törətdiyi oxşar cinayətlər həmin dövlətlər tərəfindən beynəlxalq səviyyədə qaldırılaraq SSRİ-nin törətdiyi cinayətlər kimi qiymətini alıb. Bakıda 1990-cı ilin yanvarında baş verənlər isə yalnız ermənilərin qaldırdığı “erməni talanları” səviyyəsində tanınıb...
Hələ 1990-cı illərin sonlarında Litvanın tanınmış dövlət xadimi, ölkə parlamentinin keçmiş spikeri Landsbergis bir beynəlxalq tədbirdə mənimlə söhbətində təklif etdi ki, əgər sizin hökumət 20 Yanvar qətliamının beynəlxalq səviyyədə qaldırılmasına təşəbbüs göstərmirsə, o halda yeganə hüquqi yol sizin hüquqlarınızı qorumaması səbəbindən öz hökumətinizi buna görə beynəlxalq məhkəməyə verməkdir – ondan sonra bunu etməyə məcbur olacaqlar. Lakin bu, bizim üçün normal bir çıxış yolu deyildi. Yəni öz hökumətimizi Azərbaycan xalqına qarşı olan cinayəti təqib etmədiyi üçün məhkəməyə vermək doğru olmazdı...”