İtaliya şirkətinin rəsmisi Naxçıvanda baş verənlərdən şoka düşüb: “Absurddur, ağlasığmazdır...” - MÜSAHİBƏ

21-01-2024, 08:08           
İtaliya şirkətinin rəsmisi Naxçıvanda baş verənlərdən şoka düşüb:
Son vaxtlar ölkədə guya konsaltinq xidmətləri göstərən bəzi dələduzlar meydana çıxıb. Bu dələduzların yaratdıqları şirkətlərin nə fəaliyyət istiqamətləri bəllidir, nə də onların göstərdiyi “xidmətlər” beynəlxalq təcrübəyə uyğundur. Bəs konsaltinq, yəni məsləhət xidmətləri göstərən şirkətlərin fəaliyyəti necə olmalıdır? Beynəlxalq təcrübədə bu necə tənzimlənir? Tikinti sahəsində konsaltinq xidmətləri göstərən şirkətlər sifarişçi ilə, yoxsa podratçı ilə müqavilə bağlamalıdır?

Bu və bu kimi suallara aydınlıq gətirmək üçün tikinti sahəsində konsaltinq xidmətləri göstərən, baş ofisi İtaliyada yerləşən, dünyanın 12 ölkəsində filialları olan “IRD Engineering” şirkətinə müraciət etdik.

“IRD Engineering” şirkətinin rəsmisi, “GMC Consulting” şirkətinin rəhbəri Fatih Dağtaşın TNS-ə müsahibəsini təqdim edirik.

- Fatih bəy, müraciətimizə operativ reaksiya verildiyi üçün təmsil etdiyiniz şirkətə və sizə təşəkkür edirik. Ümid edirəm ki, bugünkü söhbətimiz maraqlı olacaq. Əvvəlcə ondan başlayaq ki, konsaltinq şirkətlərinin fəaliyyət istiqamətləri nələrdir? Beynəlxalq təcrübədə konsaltinq şirkəti deyəndə nə başa düşülür?

- Konsaltinq şirkətləri öz sektorlarında adətən bu işin uzmanları tərəfindən qurulan, sifarişçilərə məsləhət verən şirkətlərdir. Bu şirkətlərin müxtəlif xidmətləri vardır. Tikinti sektorunda fəaliyyət göstərən konsaltinq şirkətləri əvvəlcə bir layihənin həyata keçirilməsinin mümkün olub-olmadığını araşdırır, ilkin olaraq, buna uyğun rəy verir. İlk mərhələ budur. Daha sonra layihənin həmin bölgələrə faydaları, sifarişçilərə maliyyə baxımından nə qədər vaxtda qazanc gətirəcəyi hesablanır. Bundan sonra sifarişçi konsaltinq şirkətinin bu rəyləri əsasında layihəni həyata keçirib-keçirməyəcəyinə qərar verir. Burada son sözü sifarişçi deyir.

Bu işlər başa çatandan sonra konsaltinq şirkəti sifarişçiyə dizayn-layihələndirmə xidməti göstərir. Bunlar layihənin, iş planının hazırlanması, aidiyyəti qurumlardan icazələrin alınması, zərərli istehsal varsa, zərərin aradan qaldırılması üçün hansı tədbirlərin görüləcəyi kimi xidmətlərdir. Daha sonra eyni və ya başqa konsaltinq şirkəti sifarişçinin adından işin auditini və keyfiyyətə nəzarəti öhdəsinə götürür. Bu mərhələdə konsaltinq şirkəti adətən, bütün işə nəzarət edir.

Bu mərhələdə ən önəmli faktor konsaltinq şirkətində öz sahələrində peşəkar mütəxəssis olan işçilərin fəaliyyət göstərməsidir. Məsələn, tikinti sahəsində təcrübəli mühəndislərin olması vacibdir. Layihə rəhbərlərinin beynəlxalq miqyasda ən az 20 illik təcrübəsinin olması tələb edilir. Hazırda bizim layihələrdə belədir.

- Mühəndislərin də 20 illik təcrübəsi olmalıdır?

- Əlbəttə, həm mühəndislərin, həm də layihə rəhbərlərinin 20 il təcrübəsi olması şərtdir.

- Bu, konsaltinq şirkətinin tələbidir, yoxsa sifarişçi belə istəyir?

- Sifarişçi konsaltinq şirkətinə belə bir tələb qoyur. Deyir ki, işin auditini 20 illik təcrübəsi olan mühəndis aparsın. Məsələn, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankının şərtlərindən biri budur. Onların maliyyə vəsaiti ayırdığı layihələrdə işləmək istəyən konsaltinq şirkətinin layihə rəhbərinin 20 il təcrübəsi olması şərtdir. Ayrı-ayrı vəzifələr üçün bu müddət dəyişə bilər. Məsələn, layihə rəhbərlərindən sonrakı personal üçün təcrübə müddəti bir az azalır. Amma işçilər mütləq təcrübəli olmalıdırlar.

- Ali təhsil də tələb kimi qoyulurmu?

- Layihə rəhbəri üçün ali təhsil də əsas şərtlərdən biridir. Biz uzun illərdir, Azərbaycanda işləyirik. Avtomobil yolu, dəmir yolu layihələri kimi böyük miqyaslı işlərimiz olub. Təcrübəsi olmayan konsaltinq şirkəti konsaltinq şirkəti kimi fəaliyyət göstərə bilməz.

- Fatih bəy, təmsil etdiyiniz “IRD Engineering” və rəhbəri olduğunuz “GMC Consulting” şirkətlərinin fəaliyyəti barədə məlumat verməyinizi xahiş edirəm. Belə başa düşürəm ki, daha çox yol tikintisi sahəsində fəaliyyət göstəririsiniz.

- İtaliyanın “IRD Engineering” şirkəti 2000-ci ildə təsis edilib. Şirkətimiz 30-dan çox ölkədə xidmət göstərir. Fəaliyyətimiz yol tikintisi sahəsi ilə məhdudlaşmır. Layihələrin hazırlanmasında, yol, dəmir yolu, su anbarlarının tikilməsi layihələrində iştirak edir, onların auditlərini aparırıq. Daha çox MDB ölkələrində fəaliyyət göstəririk. Balkan ölkələrində - Serbiya, Monteneqro, Bosniya-Herseqovina, Albaniya kimi ölkələrdə də fəaliyyətimiz var. Ukraynada da işləyirdik, məlum hadisələrdən sonra dayandı. Rumıniya, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan, Azərbaycanın qonşusu olan Gürcüstanda fəaliyyət göstəririk. “IRD Engineering” yarandığı gündən bütün dünyada ümumi tikinti dəyəri 40 milyard avrodan çox olan yüzlərlə layihədə iştirak edib. Bizim ixtisalı tikinti mühəndislərindən, memarlardan, şəhər və nəqliyyat planlaşdırıcılarından, dizayn və tikinti ekspertlərindən, iqtisadçılardan, maliyyə mütəxəssislərindən, hüquq və satınalmalar üzrə ekspertlərdən ibarət peşəkar komandamız var. “IRD Engineering” İSO 9001:2015 KİES (Keyfiyyətin idarə edilməsi sistemi), İSO 14001:2015 EKİ (Ekoloji keyfiyyətin idarə edilməsi), İSO 45001:2018 (Əməyin sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemləri) və İSO 37001:2016 (Rüşvətlə mübarizə idarəetmə sistemi) sertifikatlarına malikdir. Şirkətimiz Beynəlxalq Məsləhətçi Mühəndislər Federasiyasının tərəfdaşıdır, nəzarət xidmətlərini yerinə yetirmək üçün beynəlxalq akkreditasiyadan keçib.

Mənim təsis etdiyim “GMC Consulting” şirkəti 2015-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqamətləri avtomobil yollarının tikintisi üzrə konsaltinq xidmətlərinin göstərilməsidir. GMC Azərbaycanda və Gürcüstanda IRD ilə birlikdə çalışır. Bizim İtaliya, Almaniya, Fransa, ABŞ, Cənubi Koreya və Türkiyə şirkətləri ilə tərəfdaşlığımız var.

Bizim peşəkar mütəxəssislərimizlə yanaşı, müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarımız vardır.

İşin gedişi zamanı lazım olan analizlər həmin laboratoriyalarda aparılır.

İndiyədək əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə işləmişik. Son zamanlarda Azərbaycan Dəmir Yolları ilə də danışıqlar aparılır. İnşallah, Azərbaycan Dəmir Yolları ilə də işləməyə başlayacağıq. Biz layihələri, tender sənədlərini hazırlayır, podratçılarla danışıqlarda sifarişçinin mənfəətlərini qorumaq üçün uyğun inşaat firmasının seçilməsinə köməklik göstəririk. Biz sifarişçiyə sadəcə onun istəklərinə uyğun olaraq tövsiyə veririk. Son sözü təbii ki, sifarişçi deyir. Hansı şirkətlə işləyəcəyinə sifarişçi qərar verir. İşi aldıqdan sonra tender sənədlərinə əlavə olaraq texniki şərtnamə hazırlanır. Texniki şərtnamə uzmanlar tərəfindən tərtib olunur. Bu, sektorda həqiqətən böyük təcrübəsi olan, beynəlxalq layihələrdə uzun illər fəaliyyət göstərən şəxslərin oradakı problemləri görüb, eyni problemlərin təkrarlanmaması üçün hazırladığı sənəddir. Tender başlamadan əvvəl bu şərtnamə podratçıya da verilir ki, işi aldığı zaman bu sənədə uyğun çalışacağını bilsin, qiymətləri şərtnaməyə uyğun versin. Sonra sifarişçi ilə podratçı arasında hansısa formada narazılıq, anlaşılmazlıq yaranmasın. İş sistemi belədir. Bu sahədə uzun illərdir, fəaliyyət göstəririk. İtaliya şirkətinin 23 illik, GMC-nin 8 illik təcrübəsi var. Bu şirkətdə işləmək üçün tikinti sektorunda uzun illər çalışıb təcrübə toplamaq lazımdır. Konsaltinq şirkətinin tikinti şirkətləri ilə hər hansı formada orqanik bir bağının olmaması istənilir ki, lazım olanda təkbaşına çox rahat sözünü desin.

- Yəni konsaltinq şirkəti tikinti şirkəti ilə müqavilə bağlaya bilməz.

- Bu, mümkün deyil. Məsələn, bir yol tikintisi aparılır, sifarişçi bir şirkət tapır, bu şirkətin pulunu podratçıdan alır. Belə bir sistem yoxdur. Bu mexanizm belədir ki, sifarişçi məsləhətçi ilə birbaşa öz müqaviləsini, podratçı ilə öz müqaviləsini bağlamalıdır. Sonra sifarişçi deməlidir ki, məsləhətçim mənim adımdan sənin işinə nəzarət edəcək. Biz hər ayın sonunda sifarişçilərə layihənin gedişatı ilə bağlı 100 səhifədən az olmayan detallı hesabat hazırlayırıq. Burada podratçının işindən bəhs edilir. Bir ay ərzində müşahidə etdiyimiz problemləri, problemlərin həlli üçün gördüyümüz tədbirləri həmin hesabatda göstəririk. Sifarişçi hesabatı oxuyur, hansısa formada şərhi olsa, bizə bildirir. Konsaltinq şirkətinin vəzifəsi sifarişçinin adından görülən işə nəzarət etməkdir.

- Konsaltinq şirkətinin hansısa tikintini dayandırmaq səlahiyyəti varmı?

- Konsaltinq şirkəti ancaq sifarişçiyə məlumat verir ki, burda podratçı işi düzgün aparmır, şərtlərə uyğun davranmır. İşin dayandırılmasını tövsiyə edə bilər. Konsaltinq şirkətinin iş şərtnaməyə uyğun olmayanda “Bu iş şərtnaməyə uyğun deyil, sifarişçiyə bildirəcəyəm”, demək səlahiyyəti var.

- Konsaltinq şirkəti layihəçi də ola bilər. Amma bunun üçün Azərbaycanda lisenziya tələb olunur. Sizin şirkətin lisenziyası varmı?

- Əlbəttə var.

- Şirkətin əməkdaşlarının ali təhsilli mütəxəssis olması tələbinin olduğunu bildirdiniz. Sizin peşəniz, təhsiliniz nədir?

- Mən İstanbul Texniki Universitetindən inşaat mühəndisi kimi məzun olmuşam. Türkiyədə 3 ilədək işləyəndən sonra ABŞ-yə getdim. Kaliforniya Universitetində magistr təhsili aldım. Hazırda yüksək ixtisaslı mühəndis kimi fəaliyət göstərirəm. Xüsusilə konsaltinq şirkətlərində ali təhsil mütləq tövsiyə edilir.

- Fatih bəy, tikintisinə nəzarət etdiyiniz şirkətlərin sırasında “Arkoz” Holdinqin tərkibinə daxil olan “Magro Construction” da var. “Magro Construction” həm Azərbaycanda, həm də Gürcüstanda yol tikintisi həyata keçirir. Onların Naxçıvanda gördükləri işlərin keyfiyyəti ilə bağlı bəzi iddialar var. Bu şirkətin fəaliyyətində indiyə qədər hər hansısa bir problem, qüsur aşkar etmisinizmi?

- Biz bu şirkətlə bağlı heç bir problemlə qarşılaşmamışıq. Gəncə-Qazax arasında aparılan yol tikintisinə nəzarət edirik. Tikinti sahəsində bəzən xırda-para problemlər ola bilir. Amma bu sıxıntıları da “Magro Construction”un idarəçiləri, ərazidə işləyənləri ilə çox rahat şəkildə həll edirik. Həmin şirkətin bizim çalışdığımız layihədə işləyən mütəxəssisləri, mühəndisləri çox təcrübəli insanlardır. Onlarla heç bir problem olmadan layihəni həyata keçiririk.

- “Arkoz Holdinq”in gördüyü işlərdə keyfiyyətlə bağlı problem yoxdur?

- Heç bir problem yoxdur. Lazımi qədər təcrübəyə, biliyə sahibdirlər. Demək olar, hamısı mütəxəssisdir. Xüsusilə layihə rəhbərləri, ərazidə işləyənlər uzun illər yol tikintisi sahəsində fəaliyyət göstəriblər. Biz onlarla danışanda bir-birimizi çox rahat şəkildə başa düşürük.

- Şirkətinizin gələcək planları nədir?

- Biz 2011-ci ildən Azərbaycandayıq. Biz əlimizdən gələn qədər Azərbaycanda tikintilərdə keyfiyyətin artırılması istiqamətində fəaliyyət göstərməyə hazırıq. Buradakı xidmətimizin müddətini uzatmağa çalışırıq. Çünki biz özümüzə güvənirik. Azərbaycanda çox yaxşı şeylər edə biləcəyimizə inanırıq. Burada böyük potensial da var. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu işlərin sürətləndirilməsi, keyfiyyətin artırılması üçün böyük təşəbbüslər göstərir.

Müsahibdən sonra Fatih Dağtaşla səmimi söhbətimiz oldu. Fatih bəylə razılaşdıq ki, növbəti dəfə tikinti sahəsində görüşəcək, onların göstərdiyi xidmətlərlə yerində tanış olacaq, oxucularımıza bu barədə daha ətraflı məlumat verəcəyik.

Bu sahədə çox böyük təcrübəsi olan, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən tanınmış bir şirkətin rəsmisi Fatih Dağtaşa Naxçıvanda konsaltinq “xidmətləri göstərən” bir şirkətin sifarişçi ilə deyil, podratçı ilə müqavilə bağlamağı tələb etdiyini deyəndə o, təəccübləndi. “Bu, absurddur, ağlasığmazdır, beynəxalq təcrübəyə ziddir” dedi. Bildirdi ki, əgər bu sahədə təcrübələri, bilikləri yoxdursa, IRD onlara kömək edə bilər.

İndi biz sual edirik. IRD, GMC konsaltinq şirkətləridirsə, Naxçıvanda fəaliyyət göstərən, heç bir tikinti təcrübəsi, ali təhsili olmayan İsmayıl Əhmədovun yaratdığı və rəhbərlik etdiyi, peşəkar mütəxəssisləri olmayan “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti nədir? Yəqin ki, bu sualımız da cavabsız qalacaq. İndiyə qədər İsmayıl Əhmədovun yaratdığı bu şirkətlə və onun qanunsuz əməlləri ilə bağlı verdiyimiz bütün sualların cavabını əslində Naxçıvanda yüksək vəzifə daşıyan şəxslər bilirlər. Amma...

Tural Səfərov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.