“Bəzən uşaqlar valideynlərini qaynar xəttə zəng etməklə şantaj edirlər” – Mehriban Zeynalova
24-01-2024, 17:09
Uşaqlara sosial xidmət, psixoloji və hüquqi yardım etmək üçün yaradılmış “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidməti 2023-cü ildə 4500-ə yaxın zəng qəbul edib. Yalnız hüquqi yardım üçün 1329 zəng daxil olub.
Psixoloji problemlərlə bağlı 1080, təhsillə əlaqəli 1004 müraciət cavablandırılıb. 718 zəng sosial, 196-sı isə səhiyyə məsələlərini əhatə edib.
Bu hesabatda maraq doğuran əsas məəslə, psixoloji problemlərlə bağlı edilən zənglərin çoxluğudur. Belə aydın olur ki, istər cəmiyyətdə, istərsə də ailədə baş verən bütün problemlər və münaqişələr uşaqlarımızın psixologiyasına çox pis təsir edir, onlarda dərin izlər buraxır.
Uşaqları qaynar xəttə zəng etməyə nə məcbur edir?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya söyləyən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova uşaqlardakı bu problemləri müxtəlif səbəblərlə əlaqələndirib:
“Elələləri var ki, üzərində nəzarət mexanizmi həddindən çoxdur və onları ifrat dərəcədə sıxır. Ailədə qərar qəbul edərkən fikirləri nəzərə alınmır. Yaxud, ona qarşı seksual xarakterli hərəkətlər baş verir və o, zəng etməyə məcbur olur. Ya da hər iki valideyn işlədiyi üçün övlad nəzarətsiz qalır və buna görə də ailədə sevgi görmür.
Bir çox hallarda isə uşaqda manipulyasiya halı yaranır və hansısa bir səbəbə görə valideynlərini qaynar xəttə zəng edəcəyi ilə şantaj edir. Onları zəng etməyə vadar edən hallardan biri də məcburi nikahla bağlıdır və bu halla bağlı da edilən zənglərin sayı da kifayət qədərdir.
Onun sözlərinə görə manipulyasiya vəziyyətini çıxmaqla, digər hallar bağlı diqqətli olmaq lazımdır:
“Manipulyasiya ilə bağlı isə uşaqlarla ayrıca söhbət aparılmalıdır. Bu günlərdə bir valideyn bizə zəng edərək, övladında davranış pozuntusunun olduğunu söylədi. Belə ki, uşaq valideynlərini qaynar xəttə və ya polisə zəng edəcəyi ilə bağlı şantaj edir. Valideyn isə bizdən övladı ilə söhbət aparmağımızı istəyirdi. Evin ilk övladıdır və onda belə bir hal baş verir. Bu da indiki uşaqların çoxunda müşahidə olunur. Belə hallarda mütləq psixiatrlara müraciət etmək lazımdır”.
Artıq “Himayədar ailə” modeli yaradılıb
Psixi problemlərin daha çox 10-13 uşaqlarda baş verdiyini söyləyən müsahibimiz buna nümunə də göstərib:
“Hazırda sığınacaqda bir qız uşağı var və polis vasitəsilə gətirilib. Anasında alkoqol asılılığı var və evdə zorakılıq hallarına yol vermişdi. Qız da polisə müraciət edərək kömək istəmişdi. O, sığınacağa verildikdən bir müddət sonra ana digər övladlarını da qapımızın ağzına qoyub getdi. Təəssüf ki, bu gün valideynlərin bir çoxunda ciddi davranış pozğunluqları baş verməkdədir. Bunlar da daha çox alkoqol, narkotik və digər asılılıqlardır. Belə hallarda uşaq qaynar xəttə zəng edərək kömək istəyə bilir”.
Ailədaxili münaqişələrin də uşaqların psixologiyasına ağır zərbə vurduğunu söyləyən M.Zeynalova, belə hallarla bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin edildiyini diqqətə çatdırıb:
“Bəzi valideynlər elə düşünür ki, uşaq şəxsi əmlakı olduğu üçün, istədiyi kimi davrana bilərlər. Əslində isə elə deyil. Onların yanında qeyri-etik söhbətlər, hərəkətlər, yaxud zorakılıq hallarına yol vermək olmaz. Artıq ölkəmizdə bununla bağlı “Himayədar ailə” adlı yeni model yaradılıb və getdikcə də gücləndirilir. Yaxın gələcəkdə üzərinə düşən missiyanı yerinə yetirə bilməyən, məsuliyyətini dərk etməyən valideynlərdən uşaqlar alınacaq, dövlətin himayəsinə və ya himayədar ailələrə veriləcək”.
“Bu valideynlər öz hüquqlarından mərhum ediləcək”
Bununla bağlı 10 illik konsepsiya qəbul olunduğunu söyləyən sığınacaq rəhbərinin sözlərinə görə, sənəddə, uşaq hüquqları ilə bağlı çox ciddi dəyişikliklər öz əksini tapıb:
“Baş Prokurorluğun tərkibində də müvafiq şöbə yaradılıb. Bu cür ailələr aşkar olunarsa, əvvəlcə müəyyən məhdudiyyətlər tətbiq olunur. Əgər valideyn öz davranışlarını dəyişməsə, valideynlik hüququndan mərhumetmə tətbiq olunur”.
Mehriban Zeynalova vurğulayıb ki, belə halların yayılmasının qarşısını almaq üçün maarifləndirici tədbirlər həyata keçirilməlidir:
“Valideynlərlə daşıdıqları məsuliyyət, hüquq və öhdəlikləri ilə bağlı söhbətlər aparılmalıdır. Bir çoxunun yeni qəbul olan qanunlardan və uşaqlarla bağlı strategiyadan xəbəri yoxdur. Bir hadisə baş verəndə deyir ki, uşaq mənimdir, özüm bilərəm və heç kim onu məndən ala bilməz. Bu baxımdan da telekanallarda valideynlər üçün ayrıca verilişlər yayımlanmalı və maarifləndirici müzakirələr aparılmalıdır.
Ailə daxilində isə uşağı dinləmək, söhbət etmək və müəyyən müzakirələr etmək lazımdır. Bunu həyata keçirmək bir qədər ağırdır və valideynlərin əksəriyyəti bunu edə bilmir. Bir sözlə, indidən uşaq şəxsiyyət kimi formalaşdırılmalıdır ki, özünü dərk edə və qiymətləndirə bilsin”.
Rövşən Ziya, Bizim.Media