“Zeynəb Xanlarovanın gəlini mesaj yazdı ki...”

25-01-2024, 09:48           
“Zeynəb Xanlarovanın gəlini mesaj yazdı ki...”
“Nə qədər ki, bizim canımızda can var qoymarıq ki, bu sənət, mədəniyyət tənəzzülə uğrasın. Biz mədəniyyətimizi yaşatmalıyıq. Baxmayaraq ki, mən gənc ifaçıyam, amma illərdən gəlib keçmiş böyük sənətkarların repertuarlarına müraciət edirəm. Biz indi bu dəqiqə elə bir zəmanəyə gəlib çatmışıq ki, sayımız çox azalıb. Barmaq sayı qədər bəstəkarlarımız qalıb. Estrada musiqimiz bu gün layiqincə təmsil olunmur”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Elnarə Xəlilova deyib. O daha sonra əlavə edib.

“Bu gün yeganə niyyətim Azərbaycan mədəniyyətinin qayğısına qalmaqdır. Mən efirlərimizdən də bunu xahiş edirəm. Reytinq, cib doldurmaq xatirinə sənətkarlarımızı efirə çıxarıb bir-birinə qırdırmayın, etməyin. Niyə belə edirsiniz? Siz efiri hesablayırsınız, bunları gözəl bilirsiniz. Ona deyirsiniz ki, bunu de, buna deyirsiniz ki, onu de. Camaat oturub baxacaq deyə belə şeylər etməyin! Özümüz qərar verməliyik ki, biz o sənətkarların qarşısında ya baş əyməliyik, ya da hamımız qərar verməliyik ki, nəyisə düz etmirik. Məgər biz düz etməmişik ki, onlara sənətkar adı qoymuşuq?!. Sənətkar adı qoymuşuqsa, sənətkar kimi davranaq da. Bu mənim yaralı yerimdir. Biz bu qədərmi tükənmişik?! Tükənməmişik axı! Mən “El” yaradıcılıq mərkəzində mərkəzimizin üzvləri və öz adıma hər ay layihə təqdim edən insanam. Deyirəm, altından da xətt çəkirəm. Bəzən yolda məni saxlayıb soruşurlar ki, “Elnarə xanım siz daha oxumursunuz?!”. Hər ay mahnı çıxaran adama necə bu sözü demək olar?! Çünki məni efirdə görmürlər. İkinci sual da bu olur ki, “siz efirlərə çıxmırsınız?!”. Mən də deyirəm ki, efir qoyublar ki, çıxım?! Bu faktdır! Həyəcan təbili çalmaq lazımdır. Artıq elə bir nöqtədəyik ki, ondan o tərəfə uçurumdur. Bu dəqiqə bir sənətçi kimi yox, valideyn kimi danışıram. Evimdə 4 uşaq böyüdürəm. Televizorları açmıram. İstəmirəm ki, övladlarım bizim kanallara baxsın. Qorxuram ki, mənim övladlarımın tərbiyəsi pozular. Bu əlbəttə ki, bütün kanallara aid deyil. Özlərini apara bilən aparıcıların verilişlərinə gedirəm” deyə müğənni bildirib.

Müğənni Zeynəb Xanlarovanın repertuarına müraciət etdiyini də bildirib.

“Böyük sənətkarımız Zeynəb Xanlarovanın kiçik gəlini mənim sinif yoldaşım olub. Ailəlikcə dostluğumuz, gözəl münasibətlərimiz var. Nəsə soruşmaq lazım olanda gəlininə deyirəm ki, qaynanan filan mahnını oxumağa mənə icazə verər? Sonuncu dəfə tədbirlərdən birində onun “Azərbaycan” adlı mahnısını oxumuşdum. Konsertdən sonra mənə hətta dedilər ki, sən bizim Zeynəb Xanlarovamızsan. Özüm də qəribə oldum. Bu adı daşımaq, enerjini hiss etmək mənim üçün qürurverici idi. Videonu yolladım ki, görüm Zeynəb xanımın fikri nə olacaq?! Gəlini mənə səs atdı ki, “qaynanam deyir ki, bütün mahnılarım ona qurbandır, hansı mahnımı ürəyi istəyir oxuya bilər” deyə müğənni bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.