İntiharların qarşısını bu yolla almaq olar – Sosioloq

27-01-2024, 18:24           
İntiharların qarşısını bu yolla almaq olar – Sosioloq
Baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2023-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında 2023-cü ildə ölkə üzrə 620 intihar hadisəsinin qeydə alındığını deyib. Qeydə alınan intiharların 180-i Bakı şəhərində, digər 440-ı isə rayonlarda baş verib.

Mövzunu Globalinfo.az-a şərh edən sosioloq Üzeyir Şəfiyev deyib ki, intihar hadisələri Azərbaycanda heç vaxt aktual olmayıb.

Onun sözlərinə görə, daha əvvəllər cəmiyyətimizdə sosial əlaqələr, gediş-gəliş, problemləri paylaşmaq kimi bir ənənə olub:

“Həm də Qurani Kərimdə intihar birmənalı olaraq pislənilir. Keçmişdə problemlər bölüşən zaman öz həllini tapıb. Lakin kapitalizm cəmiyyətində tənhalıq problemi böyükdür. Təssüf ki, bizdə də özünəqapanma, tənhalıq kimi sosial problemlər var. Digər tərəfdən də virtual həyat, sosial şəbəkələr geniş yayıldığı üçün insanlar real ünsiyyət formalarından daha çox virtual münasibət formasını seçirlər. İntiharın bir neçə səbəbi və növü var. Misal üçün, eqoist intihar növündə insan daha çox tarixə düşmək və hər kəsin ondan danışması üçün bunu edir. Bu hallar da ən çox yeniyetmə və gənclər arasında baş verir”.

Sosioloqun sözlərinə görə, intiharların artmasına mətbuat da kömək edir:

“İntihar xəbəri nə qədər çox işıqlandırılarsa, bir o qədər də artıq olacaq. Məsələn, Avropa tədqiqatçıları deyirlər ki, bir intihar hadisəsi 200 nəfərin intiharına səbəb olur. Fransız sosioloq isə qadınlara nisbətən kişilərin daha çox intihar etdiyini, bunun qışda deyil, yaz-yay aylarında daha çox olduğunu qeyd edir. Bir sözlə, nə qədər intihar varsa, o qədər də səbəb var. Xatırlayırsınızsa, Xırdalan şəhərində bir yeniyetmə özünü binadan atdı, ondan sonra isə eyni üsulla bir neçə intihar hadisəsi baş verdi. Bu da o deməkdir ki, intiharın sirayət gücü var.

Qərbi Avropa ölkələrində intihar edənlərin kimliyi haqqında mətbuatda məlumat gedə bilməz, intiharın hansı yolla baş verməsi ilə bağlı xəbər vermək qadağandır. Çox istərdim ki, Azərbaycan mətbuatında da bu məqamlara diqqət yetirilsin. Təssüf ki, bizim mətbuat orqanları intihar və cinayət hadisələri haqda xəbərlərdən reytinq qazanmaq üçün istifadə edirlər”.

Ü.Şəfiyevin sözlərinə görə, depressiyada olan yeniyetmələrin, gənclərin yanında valideynləri olmalıdır:

“Lakin bəzən valideynlər öz problem və qayğıları ilə o qədər məşğul olurlar ki, uşaqlara zaman ayıra bilmirlər. Çıxış yolu da tapa bilmədikdə intihara əl atırlar. Ona görə də valideynlər uşaqların problemlərini bölüşə bilmələri, intihardan çəkinmələri üçün səmimi ortam yaratmalıdırlar”.

Sosioloq deyib ki, intihar edən şəxs haqqında dəbdəbəli sözlər yazmaq olmaz:

“Xatırlayıram, rayon və bölgələrdə intihar edən adamı şəriət qaydalarına uyğun deyil, hörmətsiz, urvatsız şəkildə dəfn edirdilər ki, digərləri üçün də görk olsun. Hətta həmin şəxsin ailəsinə də yaxşı baxmırdılar. Əslində, bu, insanları intihardan çəkindirmək üçün cəmiyyətin qoyduğu norma və dəyər idi. İntihar iradənin məğlubiyyətidir! İnsan çətin anlara hazır olmalı, çətin situasiyalardan çıxış yolu tapmalı və qalib gəlməyi bacarmalıdır. Bu işdə də onlara yaxınları, dostları, ailələri yardım etməlidir. Heç kəs intihar etmək istəmir. Sadəcə, o insanlara dəstək lazımdır. Bununla bağlı gərək qaynar xətt yaradılsın, depressiya yaşayan, özünə qapanmış potensial intihar etməkdə olan insanlar həmin nömrələrə zəng edərək psixoloji dəstək ala bilsinlər. Bu, çox effektiv olar.

Yaxşı olar ki, din xadimləri televiziyalarda bu məsələlərin sosial tərəfini qabardaraq, intiharın günah olduğunu insanlara çatdırsınlar, yeniyetmə və gənclərə mənəvi dəstək versinlər. Avropa kimi Azərbaycanda da intihar xəbərlərinin yayılmaması ilə bağlı “Media haqqında” Qanuna dəyişiklik olunsun. Təəssüf ki, mediada kriminal adamlar qəhrəmanlaşdırılır, bu da yeniyetmələrə mənfi təsir göstərir. Mətbuat belə xəbərlərin qarşısını alsa, çox faydalı olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.