“Kirayədə yaşayırdıq, gözləyirdik ki, ayın sonunda maaş alacaq” – Şəhid General Polad Həşimovun xanımı ilə MÜSAHİBƏ
21-03-2024, 00:05
“Polad Həşimovla evlənən ilk andan anladım ki, o fərqli insandır. Çox sadədir, sənin üçün canını ortaya qoyar, ancaq səsini çıxarmaz”.
TEREF xəbər verir ki, bu sözləri modern.az-a müsahibəsində Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova deyib.
Həmin müsahibəni təqdim edirik:
– Ofelya xanım, Polad Həşimovun şəhid olduğu gündən 4 ilə yaxın vaxt keçir. Bu zaman kəsiyi kimlər üçünsə bəlkə də bir saniyəyə, başqaları üçünsə bir əsrə bərabərdir. Bu illərə general Polad Həşimovun həyat yoldaşının gözüylə baxmaq olarmı?
– Əslində illər heç nəyi unutdurmur. Əksinə, hər şeyi dönə-dönə, təkrar yaşadır. Çoxu düşünə bilər ki, uzun müddət keçib, zamanla hər şey yoluna düşüb. Uşaqlar böyüyüb, mən öz işimə başlamışam, gündəlik həyatımızı davam etdiririk, yaşayırıq. Elə deyil…
Ancaq o itkinin yeri getdikcə daha çox bilinir, o yara sağalmır. Getdikcə ağrılar-acılar bir az da artır. Çünki ona duyduğumuz ehtiyaclar çoxalır. Mən həyat yoldaşı, bir qadın kimi ona ehtiyacı hər gün bir az da çox hiss edirəm. Bir ailə başçısı kimi onu həmişə yanımda istəyirəm. Polad Həşimov çox gözəl ailə başçısı, həyat yoldaşı, ata idi. Övladları böyüyür, onlar haqqında qərar verməliyəm. Bəzən tərəddüdlərim olur. Çox düşünürəm, birdən səhv qərar verərəm. Polad Həşimov tarixi şəxsiyyətdir, birdən onun əmanətləri ilə bağlı hansısa addımları düz atmaram. Bu mənada çətinlik çəkirəm. Bəzən düşünürəm ki, həyat yoldaşım olsaydı, bunlara ehtiyac olmazdı. Bu qədər çətinliklər yaşamazdım. Təkrar edirəm, bir qadın, həyat yoldaşı kimi ona çox ehtiyacım var.
– Hər xanım istəyər ki, Polad Həşimov kimi həyat yoldaşı, hər övlad istəyər ki, Polad Həşimov kimi atası olsun. O, indi yalnız sizin deyil, Azərbaycan xalqınındır. Bölüşməkdə tərəddüd yoxdur ki…
– Mən Polad Həşimovu şəhadətindən sonra yox, ilk görüşümüzdən tanımışam. İlk tanışıqlıqda bildim ki, o, necə insandır. Onun ətrafında sevən insanları çox idi, güclü hərbçi idi. Mən onu tanıyanda 28 yaşı var idi. 2 aydan sonra “mayor” rütbəsinə qalxacaq bir zabit idi. O vaxt 10 ilə yaxın idi ki, Murovdağda xidmət edirdi. Orada çox hörmət qazanmış, başına yüzlərlə insan toplamışdı. İlk gündən şahid oldum ki, həyat yoldaşım kimdir. Belə bir şəxsiyyətə qısqanclıq etmək doğru deyil axı… Əksinə, mən həmişə dua etmişəm ki, hər bir Azərbaycan xanımının Polad Həşimov kimi həyat yoldaşı olsun. Çünki bu, bir qadın üçün çox böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi Allah mənə nəsib etdi. Mən həyat yoldaşımı vətən sevgisi ilə paylaşmışam, buna görə də onu heç vaxt qısqanmaram. Polad Həşimov olmağın arxasında çox böyük mücadilə dayanır.
– Yəni onu bölüşə bilirsiniz?
– Əlbəttə… Polad Həşimov mənim həyat yoldaşımdır, xalqın isə qəhrəmanıdır. Əgər qısqansam, onu insanlara tanıtmaq üçün bu qədər çalışmaram.
– Maraqlı məqama toxundunuz. Siz özünüzü şəhid generalın həyat yoldaşı kimi göstərmirsiniz. Bu xarakteriniz Polad Həşimovdan gəlir, ya özünüzdən?
– Özümü tanıtmağa ehtiyac duymuram. Polad Həşimovu isə tanımayan yoxdur. Mən Polad Həşimovla ailə quranda 23 yaşım var idi. Gözəl bir ailədə formalaşan, tərbiyə alan, yetkin gənc idim, magistraturada oxuyurdum. Evliliyim də təsadüfi olmayıb. Allah iki insanı birləşdirmək istəyirsə, onları mütləq qarşılaşdırır. Allah bilirdi ki, Polad Həşimovla mən eyni xarakterli insanıq, ona mən lazımam, mənə də o. Həmçinin bildirməliyəm, mən də çox hörmətli, tanınmış bir nəslin qızıyam. Mənim də babalarım çox sayılıb-seçilən, xeyriyyəçi insanlar olublar. Hacı Abbas nəslini bizim el-oba çox yaxşı tanıyır. Bu əsil-nəcabətlik mənim genlərimdən gəlir. Polad Həşimovla çox uzaq qohumluğumuz da var. Yəni dediyiniz məsələ mənim xarakterimdədir.
Polad Həşimovla evlənən ilk andan anladım ki, o fərqli insandır. Çox sadədir, sənin üçün canını ortaya qoyar, ancaq səsini çıxarmaz. Misal deyim, məclislərdə onun başına toplaşırdılar, ancaq o, heç vaxt keçib başda özündən razı şəkildə əyləşməzdi. Çox sadə həyat tərzi yaşayırdı.
Kənd insanları ilə iç-içə olurdu.
Xoşlayırdı ki, bir çəmənlikdə onlarla otursun, yemək yesin, söhbət etsin. Sadə ruhlu bir insan idi. Bu qədər sadə olmasına səbəb də o idi ki, hər bir əməli Allah rizası üçün edirdi, göstəriş üçün deyil…
“Başqa insanlar üçün yaşayacağam, onlara xidmət edəcəyəm. Fərqi yoxdur, yüksək vəzifədə əyləşmişəm. Mənim qarşıma qoyulan vəzifə mənə aiddir, onu doğru yerinə yetirməliyəm”, – bu idi onun həyat yolu. Baş leytenant Polad Həşimov ilə general Polad Həşimov arasında fərq onda idi ki, məsuliyyəti və zəhməti daha da çoxalmışdı.
– Yəni Polad Həşimovun həyat tərzi, davranışı heç vaxt dəyişmədi?
– Bəli, o, kirayədə yaşayan bir general idi. Onun uşaqları məktəbə avtobusla gedirdi və bu gün də belədir. O, Şəmkirdən Bakıya Müdafiə Nazirliyinin təyin etdiyi maşınla gəlirdi. Bir qohum evinə gedərdisə, ictimai nəqliyyatdan istifadə edərdi. 2015-ci ildə Bakıya kursa gəlmişdi. Biz onda bir ay kirayədə qaldıq. Onda da hər gün avtobus və metrodan istifadə edirdi.
– Heç demirdiniz ki, generalın həyat yoldaşısınız, siz də başqaları kimi yaşamaq istəyirsiniz?
– Son illər hiss edirdik ki, bizim üçün həyat çətinləşir. Biz evləndik, cəmi bir həftə Sumqayıtda qaldıq. Sonra Göygöl rayonuna getdik. Mən bu həyatı əvvəldən qəbul etmişdim. Evlənəndə bilirdim ki, o, Murovdağda xidmət edir. Mən onunla evlənərkən hər şeyi geridə qoydum. Magistraturada oxuyurdum. Bakı Dövlət Universitetində təhsilimi davam etdirmək istəyirdim. Ancaq onunla tanışlıqdan sonra hər şeyə “yox” dedim və bütün arzularımı kənara qoydum. Həm də bir var, çıxıb hansısa bir şəraitli şəhərə, bir də var, Göygöl rayonunun Hacıkənd kəndinə gedəsən. Buna baxmayaraq, bu gün də doğru addım atdığımı düşünürəm. Biz Göygölə getdik, Polad Həşimovun heç nəyi yox idi.
İlk görüşə gələndə gördüm ki, onun sifətində yanıq izləri var. Murovdağda xidmət etdiyi üçün soyuqdan yanmışdı. Hiss etdim ki, fərqli insandır, zəhmət çəkir. 28 yaşı olsa da, sanki 58 yaşı vardı, ağayana, nəfsinə hakim, əsl Azərbaycan kişisi… Həmin an düşünürdüm ki, bu insanda nəsə var, onu açmaq, tapmaq lazımdır. Biz 16 il müxtəlif rayonlarda kirayədə yaşadıq. Sonra uşaqlar böyüyəndə gördük ki, artıq bizim üçün çətin olur, bir evimiz olmalıdır. Qəbələnin Vəndam kəndində bir ev tikməyə başlamışdıq. Ancaq o evi başa çatdıra bilmədik.
Sualınıza gəlincə, bizim ailədə belə bir problem olmadı ki, “mən də general xanımıyam, hər kəs kimi cah-calal içində yaşamaq istəyirəm”, – deyəm. Həm də general xanımlarının həyatından xəbərdar deyildim, o ailələrlə bizim get-gəlimiz də yox idi axı… Heç bilmirdim onlar necə yaşayırlar. Həmişə sadə insanların, hərbçilərin, əsgərlərin əhatəsində idik. Bütün bunlar olsa belə, xarakterim, ailəmdən gördüklərim heç vaxt imkan verməzdi ki, ondan nələrsə artıq şeylər tələb edim. Çünki bilirdim ki, onun bəlli bir maaşı var, biz bu maaşla nə qədər addım ata bilərik. Bu həyat bizim üçün o qədər gözəl idi ki, onun həyəcanı ilə yaşayırdıq ki, ayın sonunda maaş alacaq. Biz bu gün də uşaqlarla eyni həyat tərzini davam etdiririk. Bu baxımdan özümə qiymət verirəm ki, həyat yoldaşımı heç vaxt yormamışam.
– Bəs heç fikrinizdən keçmirdi ki, maaş bizə yetmir, ali təhsilli qadınam, mən də çalışım?
– O vaxt işləməyim mümkün deyildi. Çünki hərbçi ailəsiydim, tez-tez yerdəyişmələr olurdu. Həm də uşaqlarımız kiçik idi, onları böyütməklə, tərbiyələri ilə məşğul idim. Nə gizlədim, ancaq içimdə bu arzum qalırdı. Çünki müəllimlik peşəsinə marağım çox idi. 2018-ci ildə biz Şəmkirdə yaşayırdıq. Baxdım ki, uşaqlar da böyüyür, Poladın işi də elə bir formadadır ki, mən bunu edə bilərəm. Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə baş vurdum. Şəmkir kənd məktəblərinin birinə işə qəbul olundum. Hər gün kənd məktəbinə işə gedib-gəlirdim. Xatırlayıram ki, Qəbələdən Şəmkirə gedirdik. Yolda mənə zəng gəldi ki, sizin cavabınız çıxıb, işə qəbul olunmusunuz. Mən həmişə maşında onun arxasında əyləşərdim. Bu onun qaydası idi, bir dəfə demişdi, vəssalam. Bu xəbəri alanda arxadan gördüm ki, o yumruğunu sıxaraq, mənim uğur qazanmağıma sevindi.
– Onunla ilk görüşünüzdən nələr yadınızda qalıb?
– Bizi ailələrimiz tanış edib. O qədər də həyəcan keçirmədim, sanki olmalı bir görüş idi. Sanki çoxdan tanıdığım, gözlədiyim insan qarşımda idi. Bakı Dövlət Universitetinin həyətində görüşdük. Başladıq söhbət etməyə, demək olar ki, hər şeydən danışdıq. Ancaq özünü çox açmırdı, suallardan yayınırdı. Bu, hərbçi olmağın ona verdiyi xüsusiyyət idi. Sonra tanıdım ki, bu həm də Poladın xasiyyətidir. Çox az danışardı, bir cümlə deyərdi, o bəs edərdi. Mən ona dedim “belə baxıram, söhbətimiz alınmayacaq… Bir dünya danışdıq, ancaq evlilik yoluna çıxacaq söhbəti edə bilmirik”. Bunu deyib üzümü tutub getdim, sonra gördüm arxamca gəlir…
– Magistraturada təhsil alırdınız. Bu ərəfədə hərbçi ilə ailə quracaqdınız. Rəfiqələriniz, ətrafınızda kimsə hərbçi ilə ailə qurmağın çətin olduğunu deyirdimi?
– O vaxt hərbçilərin həyatı haqqında anlayışım az idi. Mən bilmirdim ki, hərbçi həyatı bu qədər keşməkeşlidir. Çətinlik olacağını bilirdim, ancaq bu qədər yox… Xatırlayıram, həyat yoldaşımın şəhadətindən iki ay öncə universitet illərindən tanıdığım bir xanım mənə zəng etdi, soruşdu ki, harada yaşayırsan? Dedim ki, Şəmkirdə. Qayıtdı ki, nə var orada, çıx gəl, torpaq dərdi sənə qalıb? Bu söz mənə o qədər ağır təsir etmişdi ki…
Ondan iki ay sonra Polad şəhid oldu. O insan çox istədi ki, mənimlə əlaqə saxlasın, razı olmadım. Mənim 16 il cəbhə bölgəsində yaşadıqlarımı bir kəlmə ilə “torpaq dərdi sənə qalıb?” kimi ifadə etməsi mənə çox ağır gəldi.
– Ailə quranda həyat yoldaşınız baş leytenant idi… Sonra general oldu. Bu xəbəri nə zaman eşitdiniz?
– Biz bu həyəcanı ilk dəfə 2016-cı ildə yaşamışdıq. O zaman evə zəng etdi, dedi ki, tez paltarlarını hazırlayım, Bakıya gedir. O vaxt belə düşünürdülər ki, Polad Həşimov Aprel döyüşlərində göstərdiyi xidmətlərinə görə “general” rütbəsi alacaq. Bu, orduda, camaat içində danışılırdı. Tez evə gəldi, çıxmağı 5-10 dəqiqə çəkdi. O üzünü qırxır, mən köynəyini düymələyir, uşaqlar ayaqqabısının ipini bağlayırdılar… O zaman cənab Prezident qəbul edəcəkdi, biz çox həyəcanla onu yola saldıq. Gözləyirdik ki, necə təltif olunacaq. Bu həyəcanı onda yaşamışdıq. Qürur duymuşdum ki, mənim həyat yoldaşımın xidməti qiymətləndirilir. O zaman dövlət başçısı ona “İkinci dərəcəli Vətənə xidmətə görə” ordeni verdi.
2019-cu ildə isə “general” rütbəsi aldı. Rütbənin təqdimatından sonra mənə zəng etmişdi. Fərqli hiss idi, əziyyətinin bəhrəsini aldı. Poladın nə gəncliyi olub, nə rahat həyatı. Ayağındakı yara heç vaxt sağalmadı, elə o yara ilə də şəhid oldu. Özü, ailəsi üçün heç nə etməyən insan olub, ancaq xalq üçün çalışıb. Onun “general” rütbəsi almasının bizim üçün heç bir fərqi olmayacaqdı, həyat tərzimizi heç vaxt dəyişmədik. Biz bilirdik ki, nəsə dəyişməyəcək. Çünki insanın getdiyi bir yol var. Biz bu yolu sadə, səssiz-səmirsiz hörmətlə gedirdik. Rütbənin bizim həyatımıza qatacağı şey sadəcə məsuliyyət idi. Bir də onun zəhməti qiymətləndirilmişdi axı. “General” rütbəsi alanda çox sevinmişdi. Evə gəlib qızı ilə uzun-uzadı söhbət etmişdi. Başa salırdı ki, insan necə zirvəyə qalxa bilər.
– Hərbçilər adətən səngərdə yaşadıqlarını evdə daşımırlar. Bəziləri isə öz həyat yoldaşları ilə çox yaxın dost olurlar. Bu baxımdan Polad Həşimov necə idi?
– Mən onun həm həyat yoldaşı, həm də dostu idim. Dostu idim ona görə ki, etibarını qazanmışdım. Elə şeylər var idi ki, yalnız mənimlə bölüşürdü. Açma deyirdisə, açmırdım. Hələ də bildiklərim mənim özümdədir. O şəhid oldu, ancaq hələ də mən onun həyat yoldaşı kimi bunu davam etdirirəm. Elə şeylər olurdu ki, danışmasa belə, mən ondan inciməzdim. Müharibə şəraitində olan ölkə idi. Həm özlərini, həm də Vətəni qorumalı idilər. Onun sirlərini hələ də qoruyub saxlayıram. Bəlkə zaman gələr, açılmasına ehtiyac olar, onu bilmirəm, ancaq indi də bu dostluğumuza sadiqəm.
– Polad Həşimov əsgərlərinə necə yanaşırdı?
– Bunu insanlar çox müzakirə etdilər, bizim üçün isə adi hal idi. Biz öyrəncəli idik, Polad Həşimovun maaşının hər qəpiyində əsgərin də haqqı olub. Baxırdı mən qab-qacağı, paltarı nə ilə yuyuram, onu götürüb aparırdı ki, əsgərin əlinə yara düşməsin. Olurdu ki, bayram günü, mənə xoşladığı şirniyyatları bişirtdirirdi, bir də baxırdın, hamısını yığıb apardı əsgərlərə. Əslində bu, məni də çox xoşbəxt edirdi. Belə məqamlar bizim üçün adi hal idi. Təsəvvür edirsiniz, Polad Həşimov general olsa da, onun cəmi bir çəkməsi var idi. Çəkmələrini, isti geyimlərini əsgərlərə verirdi. Əlində nə olubsa, yerli camaatla, ehtiyacı olanlarla paylaşırdı. Xatırlayıram, yaşadığımız kəndlərdə tək yaşayan yaşlı insanlar deyirdilər ki, “komandir xeyriyyəçi insandır, mənim evimin qapısının, pəncərəsinin təmirinə kömək etsin” və s. Kəndlərdə yolları abadlaşdırdığı vaxtlar da olub, deyirdi ki, həm buradan camaat istifadə edir, həm də hərbi maşınlar keçir… Nə yaxşı ki, bu ənənələri bizə miras buraxdı.
– Övladlarınız necə, onun xarakterini davam etdirə bilirlərmi?
– Onu deyim ki, hər insan Poladın getdiyi yolu gedə bilməz. O elə böyük ürəyin sahibi idi ki…
Amma əlbəttə, övladları onun genini, qanını daşıyır. Onlar öz atalarına bənzəyirlər. Öz gücləri daxilində imkanı olmayan insanlara həmişə yardım etməyi düşünürlər. Mən də aldığım maaşdan ehtiyacı olanların payını ayırıram, uşaqlar da bunu görürlər. Polad Həşimovun övladı ona oxşamalıdır. Başqa cür ola bilməz. Onun tərbiyəsini alıblarsa, gerisini düşünmək gərək deyil. Və getdikcə övladlarımın hər birində Poladı görürəm.
– Siz şəhid xanımları ilə mütəmadi görüşürsünüz?
– Bəli, zaman-zaman görüşürük. Biri-birimizə yol göstəririk, kömək edirik. Çox yaxşı münasibətlərimiz var.
– Sizi o qədər də sosial aktiv görə bilmirik. Bəlkə siz də Polad Həşimov kimi gördüyünüz işləri göstərməyi xoşlamırsınız?
– Dəqiq elədir. Çox sevmirəm efirlərdə olum. Davranışımı da, danışığımı da Poladın istəyi ilə tənzimləyirəm. Polad şəhid olanda bir çox çəkilişlər oldu. O zaman saytlar, telekanallar çox müraciət edirdi. Mən onların hamısına razılıq versəm, hər gün ekranlarda olardım. Belə olsam, Polad Həşimovun adını layiqincə qoruya bilməzdim. Polad Həşimovu yaşatmaq çox danışmaq, çox görünmək deyil. Əlbəttə, onu yaşadan birinci insan mənəm. Zaman-zaman danışacağam, görünəcəyəm, müsahibələr, çəkilişlər olacaq. Amma qədərini, vaxtını mən bilirəm ki, onu necə qoruyub yaşatmaq lazımdır.
– Polad Həşimovun dostu olduğunuzu dediniz. Onun çoxmu dostu var idi, sizin yeriniz dostları arasında harada idi?
– Yanında olan, dəstək verən uşaqlıq, məktəb yoldaşları, həmkəndliləri idi. Yəni daha çox sadə insanlarla ünsiyyətdə idi. Doğrudur, onun dostluğunu qazanmaq çox çətin idi, dost zamanla olur. Dostluq fədakarlıqla, etibarla qazanılır. Polad Həşimov insanlara qarşı sevgi, hörmət, qayğı ilə dolu idi, amma özünə də yüksək hörməti var idi. Yəqin ki, Polad Həşimov onun həmişə yanında olduğumu gördü, güvənini qazandım. Onun dostluğunu qazandığım üçün çox sevinirəm, özümlə fəxr edirəm. Ümumiyyətlə, biz biri-birimizə çox bağlı idik. Aramızda fərqli bağ yaranmışdı.