“XANKƏNDİNDƏ RUSİYA KONSULLUĞU AÇILMASI FİKRİ GÜLÜNCDÜR” - “Ermənistandakı hadisələr sülh prosesinə ciddi əngəldir”

4-06-2024, 12:34           
“XANKƏNDİNDƏ RUSİYA KONSULLUĞU AÇILMASI FİKRİ GÜLÜNCDÜR” - “Ermənistandakı hadisələr sülh prosesinə ciddi əngəldir”
Qabil Hüseynli: “Lazım gəlsə, Türkiyə və Azərbaycan xüsusi təyinatlıları Ermənistandakı vəziyyətin qaydaya salınması üçün müdaxilə edə bilərlər”

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “AzPolitika”-ya müsahibəsində Ermənistandakı etiraz aksiyalarının Azərbayanla sülh prosesinə təsiri, Gürcüstandakı vəziyyət, eləcə də regionda və dünyada gedən proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Qabil bəy, Rusiya Federasiya Şurasının komitə sədri Qriqori Karasin Moskvanın Xankəndidə Baş Konsulluq açmaq niyyətində olduğunu bildirib. Sizcə, həmin təklif nədən qaynaqlanır?

- Rusiya hər vəchlə Cənubi Qafqazı öz əlində saxlamağa çalışır. Karasinin Xankəndində Rusiya konsulluğunun açılması ilə bağlı fikirləri tamamilə gülüş doğurur və heç bir məntiqə sığmır. Sən kim olursan ki, Azərbaycanın suveren torpaqlarında konsulluq açmaq eşqinə düşürsən? Rusiyanın bəzi kütləvi informasiya vasitələrində də şərhlər yazılır ki, guya Rusiya qoşunları Qarabağda olarkən 15 -20 min nəfərə rus pasportu paylayıb, açıla biləcək konsulluq isə həmin şəxslərə xidmət üçündür. Birincisi, siz nə haqla Azərbaycan ərazisində Azərbaycan vətəndaşı ola biləcək şəxslərə Rusiya vətəndaşlığı paylayırsınız? Paylamısınızsa, yığın o adamları aparın Rusiyanın əkin-biçinə yararlı, insan ayağı dəyməmiş yerlərinə yerləşdirin! Niyə yapışmısınız bu Cənubi Qafqaz ərazisindən? Azərbaycanla Rusiya arasında strateji müttəfiqlik haqqında müqavilə var. Bu müqavilədə bir-birinin daxili işlərinə qarışmamaq haqqında müddəalar da var. 44 günlük müharibədə Azərbaycan qoşunları Xankəndi yaxınlığında olanda oradan ermənilər qaçıb getmişdi. Bölgəyə gələn Rusiya təkcə bu ərazidən gedən erməniləri geri qaytarmadı. Xankəndidən 40 min nəfər çıxmışdısa, 60 mindən çox erməni geri qaytarıldı. 20 mindən çox erməni Livan ABŞ, Suriya, İraq və digər yerlərdən gətirilmişdi. İndi daşlar öz yerinə oturub, gələnlər başa düşüblər ki, bu torpaq onların deyil və vaxtilə onları da buraya Rusiya imperiyası köçürmüşdü. Söhbət həmin 40 min nəfərdən gedir. Gördülər ki, bu torpaqlarda onların yaşamaq perspektivi yoxdur, çıxıb getdilər.

- Bəzi ekspertlər bildirirlər ki, Kremlin əsas hədəflərindən biri Türkiyənin Şuşada konsulluq açmasına mane olmaqdır. Yəni, bizə icazə verilmirsə, Türkiyənin də konsulluğu olmasın...

- Onsuz da Türkiyə Şuşada konsulluq açmağa tələsmir. Biz də bu məsələdə tələsmirik. Sülh müqaviləsi imzalanandan, kommunikasiyalar açıldıqdan, xüsusilə də Türkiyə ilə Ermənistan arasında əlaqələr yarandıqdan sonra yəqin ki, Şuşada Türkiyənin konsulluğu açılacaq. Bunun Rusiyaya heç bir dəxli yoxdur. Rusiya özünü bu bölgədə leqallaşdırmağın daha hüquqi yolunu tapmağa çalışsın. Başqa cür olsa, bu, qarşıdurmaya və ciddi narazılığa gətirib çıxaracaq.

- Bu arada erməni diasporunun, Rusiyanın və Fransanın Ermənistanda dəstəklədiyi anti-hökumət “Tavuş hərkatı”nın aksiyaları qeyri-sivil məcraya keçib. Toqquşmalar baş verir, yüzlərlə həbs edilənlər var, sizcə, qarşıda proseslər necə gedəcək?

- “Tavuş hərəkatı” və ya başqa bir hərəkat - bunlar hamısı kilsənin beynindən, ideoloji mətbəxindən çıxan hərəkətlərdir və bu hərəkətlərin meydana gəlməsində erməni diasporunun, Rusiya xüsusi xidmət orqanlarının, eləcə də “beşinci kolon”un misilsiz xidmətləri var. Onlar əvvəlcə dinc yürüşlərə başlamışdılar və Nikol Paşinyan hökuməti bu adamlara qarşı həddindən artıq mülayim davrandı. Açıqca görünürdü ki, xarici ölkənin təşkil etdiyi və içərisinə siyasətlə məşğul olmağa haqqı olmayan kilsənin də qarışdığı bu hərəkat böyüyə, zərərli nəticələrə gətirib çıxara bilər. Artıq vəziyyət o həddə gəlib çatıb ki, keçmiş bənna, ömründə bəlkə də bir kitab oxumamış dələduz Qalstanyan Ermənistanda yeni inqilabi şəraitə başçılıq edir. İntellektdən kasıb, siyasi praktikası olmayan Qalstanyan dövləti qurmağın yolları haqqda tutqun təsəvvürlərə belə malik deyil. Ona görə də hər gün etirazçıların sıraları seyrəlir. Hakimiyyət də qətiyyətli hərəkət etməyə başlayıb. Bu cür adamların dərisini soysan, yenə azdır. Çünki onlar başqa ölkənin düzüb-qoşduğu və indi də əl altdan idarə etməyə çalışdığı bir hərəkatına qoşulublar.

- Azərbaycanın Ermənistandakı hadisələrə yanaşmasını necə qiymətləndirirsiz? Bakı necə mövqe tutmalıdır?

- Azərbaycan rəhbərliyinin bu hadisələrə yanaşması ölçülü- biçilidir. Ermənistana, eləcə də onun siyasi rəhbərliyinə qarşı hər hansı bir tənqid eşidilmir. Üstəlik, belə bir xəbər də mətbuata sızdırıldı ki, lazım gəlsə, Türkiyə və Azərbaycan xüsusi təyinatlıları Ermənistandakı vəziyyətin qaydaya salınması üçün müdaxilə edə bilərlər. Bu, rəsmi surətdə təsdiqlənməsə də, kuluarlarda belə bir fikir səsləndirilib. Paşinyan çox sakitdir və o, bilir ki, ölkədəki əhalinin 60 faizdən çoxu onun hakimiyyətini müdafiə edir. Bu cür avantüristlər kənardan - üçüncü bir ölkədən qızışdırılırlar. Mənə elə gəlir ki, Paşinyan bundan sonra daha kəskin hərəkətlər edəcək. Aranı qarışdıranları, heç nəyə əhəmiyyət vermədən, hətta demokratik imicinin zədələnməsinə baxmayaraq, zərərsizləşdirmək üçün həbsxanalara atacaq. Hakimiyyətin mənbəyi xalqdır. Xalq hakimiyyəti formalaşdırır. Lazım gələndə də xalq hakimiyyəti seçkilər yolu ilə vəzifədən kənarlaşdırır. Lakin bu gün Ermənistanda baş verən zorakılıq aktları kənardan istiqamətləndirilir. Mən burada Rusiyanın adını qeyd edə bilərəm. Kreml Nikol Paşinyan hökumətini devirmək üçün maksimum səylər göstərir. Amma Paşinyanın müxalifətçi opponentlərinin Nikolu devirə biləcək qədər resursları və insan ehtiyatları yoxdur. Qalstanyana gəlincə, yəqin ki, onun həyatı həbsxanada başa çatacaq.


- Ermənistanda etirazlar sülh prosesinə necə təsir edə bilər? Bu, Paşinyanı növbəti addımlardan - Konstitusiyanı dəyişdirməkdən çəkindirə bilərmi?

- Ermənistandakı hadisələr sülhyaratma prosesinə ciddi əngəldir. Hakimiyyətin siyasi manevrlərini, prosesi sürətləndirmək imkanını ləngidir. İnanmıram ki, Paşinyan nə vaxtsa sülhyaratma prosesindən çəkilsin. O, yaxşı bilir ki, sülh müqviləsi imzalandıqdan sonra ölkədə etirazlar səngiyəcək.

- Gürcüstanda da vəziyyət gərgindir, parlamentin spikeri qalmaqallı qanunu imzaladı. Payızada keçiriləcək seçkilərə qədər qonşu ölkədə nələr baş verə bilər? Olanları Qərb-Rusiya toqquşmasının regionda növbəti təzahürü adlandırmaq mümkündürmü?

- Bəli, Gürcüstanda da xalqın fəallığı ölçüyəgəlməz dərəcədə yüksəlib. “Gürcü Arzusu” partiyası hakimiyyətə gələndən bəri xalqa verdiyi vədlərin birini də yerinə yetirməyib. “Gürcü Arzusu” partiyasının başçısı Bidzina İvanaşvili acgöz həşarat kimi Gürcüstan iqtisadiyyatının canına daraşıb. Üzüm plantasiyalarını, digər əkin sahələrini, şərab zavodlarını bir sıra digər fabrik və zavodları ələ keçirərək Rusiyadan gələrkən malik olduğu iki milyard dollarlıq vəsaitini indi beş milyard dollara qədər çatdırmağı bacarıb. Bu adam həddən artıq hiyləgərdir. Özü vəzifə tutmadığını bəyan etsə də, əslində bütün vəzifələri, necə deyərlər, öz əlində saxlayır və onun direktivləri, göstərişləri olmadan hər hansı siyasi hərəkəti həyata keçirmək mümkün olmur. Mən belə güman edirəm ki, xalq artıq boğaza yığılıb. Xalq zorakılıq yolu ilə olmasa da, payızda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində Bidzinaya və başına yığdığı dəstəyə imkan verməyəcək ki, qalib gəlsinlər. Bununla da “Gürcü arzusu” partiyasının Gürcüstandakı hökmranlığına son qoyulacaq.

- Qabil bəy, regionun əsas hadisəsi - Rusiya-Ukrayna müharibəsinin gedişatı haqda nə düşünürsüz? Qərbin öz silahlarından Ukrayna ərazisini vurmağa icazə verməsi mövcud qüvvələr balansını dəyişə bilərmi?

- Rusiya-Ukrayna müharibəsində də ciddi dönüşlərin olacağını proqnozlaşdıra bilərik. Rusiya nə qədər böyük qoşun toplasa, Çindən, Şimali Koreyadan, Hindistandan, İrandan yardım alsa da, “kollektiv Qərb” bütün gücünü birləşdirib Ukraynanın hərbi potensialını bərpa edir. Co Bayden artıq çəkinmədən bildirir ki, Ukrayna qoşunları öz sərhədlərindən kənardakı hərbi obyektləri də sıradan çıxara bilər. Bunun üçün silahlar da verilməkdədir. ATACMS-lar, ağır bombalar Ukrynaya göndərilir. Bu nöqteyi nəzərdən “F-16”-ların ATACMS və ağır bombalarla təchizatı Ukraynaynın havada üstünlüyünə səbəb olacaq. Ukrayna ordusu yenidən qurulur. Yenidən əks-hücuma keçəcək.

- Rusiya rəsmiləri Qərbi adekvat zərbələrlə hədələyir, hətta nüvə silahından istifadə gündəmə gətirilir. Sizcə, müharibənin daha da böyüməsi və yeni ölkələrin cəlb olunması mümkündürmü?

- Rusiyanın nüvə silahları haqda təsəvvürü olan biri kimi deyə bilərəm ki, o, Qərbin nüvə silahlarından geri qalır. Rusiyanın nüvə hədəsi sadəcə, quru sözdən ibarətir. Rusiya nüvə silahından istifadə etsə, NATO ölkələri qabaqlayıcı zərbələr endirməklə onu məhv edəcək. Düzdür, heç kim nüvə silahından istifədəni arzulamır. Bunun hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətin deyil. Amma Rusiyanın Medvedev tipli başıboş siyasiləri “biz taktiki nüvə silahını işə salarıq” deyirsə, onda Qərb qabaqlayıcı zərbələr endirəcək. Nüvə müharibəsində qabqlayıcı zərbə mühüm əhəmiyyət kəsb edir. Bu məsələdə də NATO Rusiyanı 3-4 dəqiqə qabaqlayır. Zənnimcə, bu məsələni Rusiyada da yaxşı bilirlər. Nüvə silahları haqda danışdıqları sözlər ritorikadan başqa bir şey deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.