Ekspert: "Tələbələr üçün gediş haqqının endiriləcəyini gözləməyin, güzəşt başqa cür də ola bilər"
13-07-2024, 18:54
Təhsilin İnkişaf Fondunun iyulun 12-də keçirilən hesabat tədbirində vahid tələbə kartı ilə bağlı yeni məlumatlar açıqlanıb. Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov bu tələbə kartı ilə müxtəlif ödəmə sistemi, giriş kartı, nəqliyyat, keşbek sistemində endirimlərin təmin olunacağını bildirib.
Maraqlıdır, vahid tələbə kartı ilə bağlı güzəştlər ilk olaraq hansı tələbələrə şamil ediləcək və güzəştlər hansı faizlə hesablanacaq?
Təhsil ekspert Elşən Qafarov Oxu.Az-a açıqlamasında bildirib ki, tələbələrin kirayə və nəqliyyat haqlarının ödənilməsi ilə bağlı məsələlər müvafiq orqanlar qarşısında qaldırılıb:
"Tələbələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkədə Elm və Təhsil Nazirliyinin yanında iki böyük fond: Təhsil Tələbə Kredit (TTKF) və Təhsilin İnkişafı fondları (TİF) fəaliyyət göstərir. TTKF ödənişli əsaslarla təhsilalanlara uzunmüddətli kreditlərin verilməsini təmin edir. Həm ödənişli, həm də ödənişsiz təhsil alan tələbələrin kirayə və nəqliyyat haqlarının ödənilməsi ilə bağlı məsələlər müvafiq orqanlar qarşısında qaldırılıb. TİF-in vahid tələbə kartı layihəsinə start verməsi sevindirici haldır. Belə ki, bu təcrübə artıq bir sıra ölkələrdə, o cümlədən qonşu Türkiyə və Rusiyada tətbiq olunur.
Tələbələrə veriləcək vahid kart onların yerüstü və yeraltı nəqliyyatdan (avtobus və metrodan) istifadəsi zamanı keçərli olacaq. Həmin tələbələrə müxtəlif güzəştlər tətbiq olunacaq. Amma bu güzəştlərin tam şəkildə nəyi ehtiva etdiyi, endirim faizləri hələ məlum deyil. Son məlumat Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Bakı Metropoliteni ilə danışıqlardan sonra məlum olacaq".
E.Qafarov əlavə edib ki, tələbələrin nəqliyyat xərclərinin qarşılanması kifayət qədər ciddi problemdir, çünki böyük xərc tələb edir:
"Dünya təcrübəsinə baxdıqda bunlardan həm tələbələrin, həm də vətəndaşların istifadə etdiyini görərik. Amma tələbələr üçün olan kartlar daha çox güzəşti ehtiva edir.
Azərbaycanda vahid tələbə kartlarına hansı güzəştlərin veriləcəyi hələ ki tam məlum deyil. Amma istənilən halda bu, təqdirəlayiq addımdır. Bu, tələbələrin sosial müdafiəsi üçün çox müsbət haldır".
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli də öz fikirlərini Oxu.Az-la bölüşüb. İqtisadçı bildirib ki, tələbələr üçün gediş haqqının endirilməsi gözlənilmir:
"Tələbələrə veriləcək vahid kartdan istifadə zamanı metroda gediş haqqının 50 qəpikdən 40 və ya 30 qəpiyə endirilməsi gözlənilən deyil. Nəqliyyatda keşbek sistemi tətbiq edilə bilər. Nəzərə alsaq ki, artıq bank kartları ilə nəqliyyatda ödəniş etmək mümkündür, bu sistemin tətbiq edilməsi də o qədər çətin olmayacaq.
Mən düşünmürəm ki, tələbələrə xüsusi güzəştlər veriləcək. Dünya təcrübəsində də geniş yayılmış nəqliyyatdan daha çox istifadə edən sərnişinlərə daha yaxşı tariflərin verilməsi həyata keçirilə bilər. Misal üçün, vətəndaş birillik abunə kartı alar və bu kart vasitəsi ilə Bakıda yerüstü və yeraltı nəqliyyatdan istifadə edə bilər. Bu zaman nəqliyyatdan çox istifadə edən vətəndaşların və tələbələrin gediş haqqı xeyli azala bilər. Nəqliyyat sistemimizdə bu addım atılmalıdır. Buna çox böyük ehtiyac var".
Xalid Kərimli illik və ya aylıq kartların istifadəyə buraxılmasının daha məqsədəuyğun olduğunu bildirib:
"İllik, üç və ya altıaylıq kartlar istifadəyə buraxılmalıdır. Bu kartlara fiks bir məbləğ təyin olunmalıdır.
1990-cı illərdə həmin sistem Azərbaycanda tətbiq edilirdi. Daha sonra isə bu, düzgün hesab edilmədi. Nəqliyyatın inkişafı üçün problemlər yaratdığı bildirildi.
Ödəniş sisteminin təkmilləşdirilməsi ilə bağlı dünyanın böyük şəhərlərində bu tipli mexanizmlər mövcuddur. Biz də onlardan istifadə edə bilərik. Bu daha əlverişli üsuldur. Hətta tək tələbələr deyil, ictimai nəqliyyatdan istifadə edən bir çox vətəndaş bu güzəştlərdən yararlana bilər".
Vahid tələbə kartının konkret nə zaman istifadəyə veriləcəyi ilə bağlı sualımıza isə Təhsilin İnkişaf Fondundan bildirildi ki, bununla bağlı məlumat güzəştlərlə bağlı məsələlər tam həll olunduqdan sonra açıqlanacaq.
Aytac Qasımova