Deputatların 90 faizi qalacaq - Seçkiylə bağlı ilginc PROQNOZ
14-07-2024, 17:34
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “AzPolitika”ya müsahibə verib.
Həmin müsahibənin bit hissəsini təqdim edirik:
…Düşünürəm ki, yeni seçkilərdən sonra parlamentin tərkibi 90 faiz dəyişməyəcək.
- Yəni köhnə deputatlar yenə qalacaq?
- Köhnə deputatların 90 faizi qalacaq. Hökumət 3-5 nəfəri dəyişəcək.
- Kimlərin dəyişəcəyini ehtimal edirsiniz?
- Biri Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğludur. REAL partiyasından iki nəfər, Ağ Partiyadan da bir nəfərə deputatlıq verəcəklər. Müsavatdan da iki nəfər olacaq.
- Bəs İsa Qəmbərin şansı varmı?
- İsa Qəmbərin namizəd olacağını düşünmürəm.
- Amma iddia olunur ki, Adil Əliyevin “boşaltdığı” 20-ci Seçki Dairəsindən namizəd olacaq...
- Onların Məclisinin qərarı olub. Qərarda İsa Qəmbərin və Arif Hacıyevin namizədliyi yoxdur. Görünür, hökumət Müsavatı da parlamentə buraxmaq istəyir, amma birinci və ikinci şəxs qismində yox. Üçüncü və dördüncü şəxsləri, ya da vaxtilə parlament təcrübəsi olan adamları buraxmaq istəyirlər...
- Arzu Səmədbəyli kimi...
- Bəli.
- Dediyinizdən belə çıxır, AXP sədri Pənah Hüseyn də seçilməyəcək?
- Yox
- Bəs Asim Mollazadə ilə Fəzail Ağamalı?
- Fəzail Ağamalının partiyasından kimsə gedəcək. Sabir Rüstəmxanlının yerinə həyat yoldaşı gələcək. Siyahı bizdə var...
- Bəs parlament rəhbərliyində dəyişiklik olacaqmı?
- Fəzail İbrahimli çox güman ki, müavin olmayacaq. Onun yerinə isə Fazil Müstafa keçəcək. Spiker Sahibə Qafarova öz postunda qalacaq. Dediyim kimi, parlamentdə ciddi bir dəyişiklik gözlənilmir.
- Bəs, Asim Mollazadə? O, İlqar Məmmədovla eyni dairəyə düşür...
- Ola bilsin bu dəfə Asim Mollazadəni seçkiyə buraxmasınlar. Əli Məsimli və Tahir Kərimlinin də seçkidə iştirakı gözlənilmir. Çünki bu 6 nəfəri müxalifət adı ilə parlamentə yerləşdirmək lazımdır.
- Bəs Ümid Partiyasının sədri İqbal Ağazadə?
- Məncə İqbalı da buraxmayacaqlar.
- Rauf Arifoğlunun şansı varmı?
- Azərbaycanda söhbət şansdan getmir, hökumətə münasibətdən gedir. Rauf Arifoğlu kifayət qədər hökumətə yaxındır və onun siyasətini mətbuatında ciddi şəkildə həyata keçirir, bunu gizlətməyə ehtiyac yoxdur. Hətta lazım gələndə milli maraqlarımıza zidd mövqeləri də müdafiə edir. Bu baxımdan, iqtidarın fəlsəfəsindən Arifoğlu qədər parlamentə düşməyə haqq qazanan ikinci bir adam yoxdur...