Şəhid Urfan Vəlizadənin xanımı: "Ağlıma gəlməzdi ki, yoldaşım vurulan vertolyotda olub"
15-07-2024, 09:28
Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Aprel döyüşləri zamanı şəhid olan mayor Urfan Vəlizadə haqqında reportaj efirə gedib.
Mayor Urfan Vəlizadə özündən başqa baş leytenant Əbu Bəkir İsmayılov və mayor Təbriz Musazadə ilə birgə idarə etdiyi "Mİ-24" helikopteri ilə 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə iştirak edib.
Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı "Mİ-24" helikopteri ermənilər tərəfindən vurulub və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olub. Urfan Vəlizadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Şəhidin həyat yoldaşı Könül Vəlizadə U.Vəlizadənin şəhadətə qovuşduğu gündən bəhs edib. O bu xəbəri anasının doğum günündə öyrəndiyini deyib. "Həmin gün mənim halım çox pis idi. Qonşular dedilər ki, müharibə başlayıb, vertolyot vurulub. İnanın, heç ağlıma gəlməzdi ki, həmin vertolyotda mənim yoldaşım olub", - o söyləyib.
K.Vəlizadə Urfan Vəlizadə ilə sonuncu dəfə şəhid olduğu günün səhəri danışdığını bildirib: "Urfanın bir xasiyyəti var idi. Gün ərzində, bəlkə də, min dəfə zəng edirdi. Hər dəqiqəmizi soruşurdu. Şəhid olduğu gün isə bir xəbər yox idi, səhər zəngindən başqa. Mənə zəng edəndə dedi ki, imtahan veririk. Amma imtahan onun üçün olmadı, mənim həyatla imtahanım başladı".
Ətraflı süjetdə: