“Dövlətin təqdim etdiyi dərmanların keyfiyyətsizliyi haqqında insanları qorxudurlar” - PROFESSOR
17-07-2024, 13:03
“Bütün bunlar pasiyentdən nələrsə qopartmaq üçündür...”
Azərbaycan Respublikasının hər bir vətəndaşı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərtib etdiyi Xidmətlər Zərfi çərçivəsində ödənişsiz tibbi yardım ala bilir. Agentlik təminatı nəzərdə tutulan müayinə, müalicə və əməliyyat kimi proseslərin həyata keçirilməsi üçün bir sıra tibb müəssisələri ilə razılaşır.
Bir gün ərzində xəstəxanalara həm öz təşəbbüsü əsasında, həm də icbari tibbi sığorta vasitəsilə gələn pasiyentlər müraciət edir. Bəs onlara təqdim edilən tibbi xidmətlər necə təmin olunur?
Bəzi tibb müəssisələri dövlətin yox, özünün xidmətlərini təklif edir. Məsələn, xəstəxana izah edir ki, özündə olan tibbi ləvzimatlar Amerikadandır, ancaq pasiyent icbari tibbi sığorta vasitəsilə yalnız Hindistana məxsus olan keyfiyyətsiz tibbi malları əldə edə bilər.
Mövzu ilə bağlı Azərbaycanın tanınmış cərrahı, professor Adil Qeybulla “Hürriyyət”ə bildirir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərdiyi pasiyenti aldatmaq doğru deyil. Onun sözlərinə görə, vətəndaşlara düzgün məlumat verilməlidir ki, seçimini azad şəkildə edə bilsin:
“Özəl sektorda bəzi yerlərdə vətəndaşlara “o firma yox, başqa firma var” deyirlər. Elə ola bilir ki, dövlətin təqdim etdiyi dərmanların keyfiyyətsizliyi haqqında insanları qorxudurlar. Bunlar qətiyyən yolverilməzdir. Məsələn, Hindistanda tibb çox inkişaf edib. Oradakı təbabəti kiçik görməməliyik. Hansı ki, İngiltərədən, Amerikadan gələn təbabətdir. Orada kifayət qədər oturuşmuş əczaçılıq sənayesi var. Cərrahiyyə prosesini də yüksək səviyyədə həyata keçirirlər. Bu baxımdan, sözügedən ölkədə istehsal olunan müxtəlif sərfiyyat materiallarının keyfiyyəti də standartalara uyğundur.
İkinci tərəfdən də dövlətin təqdim etdiyi ayrı-ayrı materiallar necə, hansı keyfiyyət parametrlərinə malik olur-olsun, vətəndaşları aldatmaq lazım deyil. Bütün bunlar pasiyentdən nələrsə qopartmaq üçündür və bu, yolverilməzdir. Əslində, həm də dövlətin bu istiqamətdəki strategiyasına ziddir. Ona görə də, bunu edən tibb müəssisələri və həkimlər çox ciddi məsuliyyət daşıyırlar. Yəqin ki, bu məsələnin izinə düşüləcək”.
Dərman ticarəti məsələsinə toxunan professor qeyd edir ki, icbari tibbi sığorta ilə həkim qəbuluna gələn vətəndaşın dərmanların tərkibi barədə maraqlanmaq hüququ var:
“İcbari tibbi sığorta pulsuz olduğundan heç bir ödənişdən söhbət gedə bilməz. Ona görə də ödənişlər, istər rəsmi, istər qeyri-rəsmi həyata keçirilsə də, qanunsuzdur. Xəstənin ona vurulan dərman preparatları, müxtəlif vasitələr və s. haqqında təsəvvürü aydın, dəqiq məlumatlara sahib olmalıdır.
Amma pasiyentin yüngül və ya ağır əməliyyatdan keçməsini, müalicənin düzgün aparılıb-aparılmamasını xəstə özü təyin edə bilməz. Əgər şikayəti olsa, Səhiyyə Nazirliyinə müraciət etməlidir ki, oranın mütəxəssisləri bunları müəyyən etsin.
Dərmanlar ölkəyə idxal olunur. Kommersiya şirkətləri bəzi psixotrop dərmanları dövlət xətti ilə gətirir. Bu dərmanların keyfiyyət parametrlərinə, əlbəttə, onu idxal edən şirkət cavabdehdir. Preparatların keyfiyyət parametrlərinin müəyyən standartlara cavab verməsi çox ciddi şərtdir. Hər kəs öz məsuliyyətini bu məsələdə bilməlidir. Ölkə bazarında cürbəcür saxta təbabət vasitələrinin peyda olması zaman-zaman olub. Amma dövlət bu məsələni hansısa bir formada nəzarətdə saxlayır”.
Adil Qeybullanın fikrincə, İcbari tibbi sığorta vasitəsilə və öz pul vəsaiti hesabına xəstəxanalara müraciət edən pasiyentlərin müalicəsi zamanı fərqlilik müşahidə olunmur:
“Tibbi müalicənin tətbiqində heç bir fərq ola bilməz. İcbari tibbi sığorta ilə gələn xəstənin ödənişi agentlik tərəfindən ödənilir. Öz hesabına özəl sektorda müalicə olan xəstənin xərclərini vətəndaş özü ödəyir. Burada xərclərin ödənilməsi ayrı-ayrı mənbələrdəndir, biri dövlətin, biri də öz hesabına. Bunun əməliyyata dəxli ola bilməz. Əməliyyat hamıda eyni tərzdə və eyni metadologiyada aparılmalıdır.
Azərbaycanda qəbul edilən, eləcə də bütün dünyada tətbiq edilən, sınaqdan çıxan və ölkəmizdə reyestrə daxil edilən müalicə üsulları istifadə olunmalıdır. Ona görə, xəstəxanaların akkreditasiyası aparılır. Yəni bilinsin ki, həmin tibb müəssisələri səhiyyənin qanunlarına nə dərəcədə əməl edir”.
Cəmilə ƏZİMOVA
Hurriyyet.az