Yuri Kim: Cənibi Qafqaz ölkələri çox mühüm seçim etməlidir
26-07-2024, 17:14
İyulun 24-də Dövlət Departamentinin Avropa və Avrasiya üzrə nümayəndəsi Bayden administrasiyasının Cənubi Qafqaz ölkələri ilə bağlı siyasətindən danışaraq bildirib ki, hər üç ölkə çox mühüm seçim etməlidir.
Turan agentliyinin məlumatına görə, Vaşinqtondakı Karnegi Fondunda çıxış edən dövlət katibinin köməkçisinin müavini Yuri Kim “Biz Azərbaycanla tamqiymətli, mükəmməl münasibətlər istəyirik” deyib.
“Bu o deməkdir ki, Azərbaycanın Avropa ilə, məsələn, Cənub Qaz Dəhlizi ilə enerji əməkdaşlığı ilə yanaşı, ABŞ vəziyyətin yaxşılaşdırılması üçün başqa sahələrdə də Azərbaycanı dəstəkləyir. Bu, xüsusən də insan hüquqlarına aiddir. Məsələn, azərbaycanlı alim Qubad İbadoğlunun həbsdən bu yaxınlarda azad edilməsi “düzgün istiqamətə” işarə edir, lakin o, ev dustaqlığına buraxıldığı üçün “iş axıra çatdırılmayıb”, Yuri Kim deyib.
"Prezident Əliyevin noyabrda COP29-da öz ölkəsini dünyaya göstərmək üçün gözəl fürsəti var. O, müasir Azərbaycanın onun hakimiyyəti altında necə olması və dünyaya nə təqdim etmək istədiyi barədə qərar verməlidir", o qeyd edib.
Yuri Kim Rusiyanın qonşuları üçün yaratdığı təhdidlərdən də danışıb və əlavə edib ki, Rusiyanın hər bir qonşusu “gözü açıq yatmalıdır”.
Onun sözlərinə görə, Ermənistan alternativlər axtarır: “Bu, o demək deyil ki, onların Rusiya ilə münasibətləri pisləşir. Biz, həqiqətən, Ermənistanın münasibətlərini şaxələndirmək, təhlükəsizliyini və iqtisadi rifahını gücləndirmək və düşməni ilə sülh müqaviləsi imzalamaq səylərinə mümkün qədər dəstək vermək istəyirik”, o izah edib.
“Vaşinqton Bakı və Yerevan arasında sülh razılaşmasına nail olmaq üçün əlaqələri düzəltməyə çalışmaqla yanaşı, eyni zamanda “digər elementləri” nəzərdən keçirir”, Kim USAID-in köməyinə toxunaraq deyib.
“Bu, cari maliyyə ilində təxminən 77 milyon, cəmi iki il əvvəlkindən iki dəfə çoxdur. Bu vəsaitlər Ermənistanın iqlim və ərzaq təhlükəsizliyi kimi məsələlərdə dayanıqlığına və Ermənistanı təcriddən çıxarmağa yönəldiləcək”, o qeyd edib.
Gürcüstanla bağlı o, “xarici agentlər” qanununu xatırladıb ki, bu qanun gürcü QHT-lərini maliyyələrinin 20 faizdən çoxunu xaricdən aldıqları halda xarici agent kimi qeydiyyatdan keçirməyə məcbur edir.
“Gürcüstan kimi demokratik ölkələr öz xalqını dinləməyə borcludurlar. Bu ölkənin xalqı davamlı olaraq bildirir ki, təkcə iqtisadi inteqrasiya baxımından deyil, həm də institusional mədəni dəyərlər baxımından Avropanın yanında olmaq istəyir. Gürcülərin xarici agentlər haqqında qəbul etdikləri Qanun tamamilə yanlış addımdır. Söhbət Kremlin etdiklərini təkrarlayan qanundan gedir”, o qeyd edib.
Gürcüstanda baş verən son hadisələr məyusluq doğurur, çünki Gürcüstan əvvəllər regionun aparıcı ölkəsi idi.
“Gürcü xalqı ilə yaxınlığımız əvvəlki kimi qalır, lakin “Gürcü arzusu” ilə münasibətlər bizim istədiyimiz kimi deyil”.
“Onlar deyəndə ki, ABŞ Gürcüstanda ikinci cəbhə açmaq istəyir, bu yalandır! Siz Amerika prezidentinin şəxsi nümayəndəsi olan Amerika səfirinin dövlət çevrilişi əməliyyatına hansısa yolla rəhbərlik etdiyini iddia edəndə bu, yenə saxta xəbərdir! Gürcüstana zərər vurmaq istəyən “qlobal müharibə partiyası”nın olduğunu iddia edəndə bu da saxta xəbərdir!”, Kim deyib.
“Gürcü arzusu” hökuməti “öz xalqını təmsil etdiyini və ölkəsinin gələcəyini Avropada və Birləşmiş Ştatlarla sıx münasibətlərdə gördüyünü bəyan edib, sonra da Rusiyadakı adamlarınızın sizə verdiyi tapşırığı yerinə yetirə bilməz. Xüsusilə ölkənin 20 faizi Rusiyanın işğalı altında olduğu bir vaxtda bu, axmaqlıqdır”, o qeyd edib.