“Onların dərdləri, azarları Yazıçılar Birliyini məhv etməkdir, Səməd Vurğunu tənqid edəni üzvlükdən kənarlaşdırdıq”

26-07-2024, 15:16           
“Onların dərdləri, azarları Yazıçılar Birliyini məhv etməkdir, Səməd Vurğunu tənqid edəni üzvlükdən kənarlaşdırdıq”
“Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubileyi qeyd olundu. Təbriklər də aldıq, qonaqlar da gəldi. Türk dövlətlərindən yazıçılar, ictimai-siyasi xadimlər gəlib bizi təbrik etdilər. İndi bir nəfər cavan yazıçı bizi ələ salıb deyir ki, Nəriman Həsənzadə qocalıb, xatirələri maraqlı deyil. Biri deyir ki, qadın çıxış etmədi. Ancaq irad tuturlar. Yaxşı bir şey görmək istəmirlər. Elə bil ki, bunların dərdləri, azarları Yazıçılar Birliyini məhv etmək, tənqid etməkdir. Bir az insafınız olsun da. Bu 90 ildə gördüyümüz işlərim müqavilində bu tənqidlər bizim ünvanımıza olmalı deyil. Qonaqları Şuşaya da apardıq. İndi gedib hamısı Qarabağın azad olunması haqqında, Şuşa haqqında məqalələr yazacaq, öz ölkələrində çap edəcəklər. Bütün bunları görmürlər, amma xırda şeylərə toxunurlar. Qadınlar çıxış etsəydi deyəcəkdilər ki, çıxış etdilər. İrad tutmaq dünyada ən asan işdir. Bunların əlindən ancaq o gəlir”.

Bunu Moderator.az-a özəl açıqlamasında xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib. O daha sonra əlavə edib.

“Onların qayələri odur ki, Azərbaycanda ədəbiyyat yoxdur, cahil bir ölkədir, nə tarixi var, nə də keçmişi. Bəzi bizdən olanlar bunu dırnaqarası “sübut”-a yetirirlər ki, düz deyirsiz, Bəxtiyar Vahabzadə şair deyil. Deyirlər ki, ancaq biz varıq. Siz var olun da. O birilərlə nə işiniz var? Onlara bir cavab verən də yoxdur ki, Bəxtiyar Vahabzadə Azərbaycan xalqının iftixarıdır. O Azərbaycanın ən çətin vaxtlarında milli dəyərlər uğrunda, dilimiz uğrunda mübarizə aparmış görkəmli bir şairdir. Bəxtiyar Vahabzadəyə söz deməyə “layiq” olan adam Azərbaycan üçün nə edib ki, onun haqqında belə sözlər söyləyir?! Heç kim çıxıb danışmır. “Az aşım, ağrımaz başım” məsəlini üstün tuturlar. Kim istəyər ki, cavab versin? Ancaq bütün zərbələri mən və Yazıçılar Birliyi qəbul edir. Səməd Vurğun haqqında nalayiq sözlər deyən adamı Yazıçılar Birliyindən çıxartdıq. Təkcə Səməd Vurğun yox, Mirzə Cəlil, Füzuli haqda da təhqiramiz sözlər söyləmişdi. Halbuki istedadlı adam idi. İndi rəhmətə gedib. Mirzə Cəlili, Sabiri müdafiə edirik. Klassiklər haqqında kitab, məqalə yazıb ad qazanırlar, amma onları müdafiə etmək lazım gələndə susub kənara çəkilirlər. Bütün zərbələri biz qəbul edirik. Bundan sonra da edəcəyik”, - deyə xalq yazıçısı bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.