Bu tarixdə Ermənistanın hücumu gözlənilir... - Durum dəyişir
30-07-2024, 12:28
Ermənistan son zamanlar davamlı olaraq təxribatlara əl atmaqla tamam başqa məqsədlər güdür. Bu ölkə Fransadan, ABŞ-dən dəstək alaraq Azərbaycana qarşı yeni müharibə cəbhəsi açmaq üçün hazırlıq işləri görür. Hindistanla 600 milyon dollar həcmində Ermənistanın imzalamış olduğu razılaşmaya əsasən artıq yeni silahlar alınır. Digər trəfdən “Avropanın Sülh Fondu” müharibəyə xidmət edən addım kimi Ermənistana 10 milyon avro həcmində hərbi yardım ayırıb.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Amerika konqresi də Ermənistana 65 milyon dollarlıq yardım haqqında qərar qəbul edib:
“Belə bir vəziyyətdə Ermənistan Azərbaycanın COP29-a ciddi hazırlaşdığı ərəfədə təxribata əl atır. Kəlbəcər istiqamətində iri çaplı silahlarla atəşkəsin pozulması, Tovuz və Laçın istiqamətində erməni tərəfinin kəşfiyyat xarakterli uçuşlar həyata keçirməsi anormal davranışların təzahürüdür. Görünən odur ki, Ermənistan indiki halda Azərbaycanın əsəblərini tarıma çəkir. Faktiki olaraq Fransanın təhriki ilə rəsmi İrəvan Azərbaycanda COP29-un keçirilməsinə mane olmağa çalışır”.
Partiya sədri avqust-sentyabr aylarında sərhəd boyu istiqamətlərdə erməni təxribatlarının daha intensiv hal alması ehtimalına da toxunub:
“Sözsüz ki, Azərbaycan Ermənistanın hücum taktikasına heç də sona kimi səbrlə yanaşmayacaq. Azərbaycan Müdafiə Nazirliyinin bu yaxınlarda yaydığı bəyanatda deyildiyi kimi Ermənistanın təxribatlarına qarşı ən sərt addımlar atılacaq. Yəni COP29 ərəfəsində Azərbaycana qarşı təxribat baş verərsə, Bakı heç nəyə baxmadan Ermənistana qəti şəkildə cavab verəcək”.
Fəzail Ağamalıya görə, bu gün Azərbaycan Prezident İlham Əliyev dəmir iradəsinə əsasən bütün sferalarda öz maraqlarını ən yüksək səviyyədə qoruya bilir:
“Sadəcə olaraq qarşı tərəf anlamalıdır ki, yeni müharibə Ermənistanın sonu olacaq. Qalib Azərbaycanın Silahlı Qüvvələri hazırda bütün prosesə nəzarət edir. Bu gün xalqımız Müzəffər Ali Baş Komandanın ətrafında birlik, həmrəylik nümayiş etdirir. Məhz bu kontekstdə hadisələrin gedişi onu göstərir ki, biz Ermənistanla son döyüşə hazır olmalıyıq. 2020-ci ilin sentyabrındakı 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında anti-terror tədbirlərində Ermənistana sarsıdıcı zərbə vurulsa da onlar bundan nəticə çıxarmayıb. Görünən odur ki, Ermənistan Azərbaycanı yeni müharibəyə təhrik edir. Ermənistan öz davranışları və təxribatları ilə yanaşı konstitusiyasında və digər hüquqi-normativ sənədlərində Azərbaycana qarşı ərazi iddialarından imtina etməməklə ölkəmizi yenidən müharibəyə sürükləyir. Bu halda biz müharibəyə hazır olmalıyıq. Bu isə Azərbaycanla Ermənistan arasında son müharibə olacaq. Yeni müharibənin nəticəsi isə Ermənistanın bir dövlət kimi sonu deməkdir”.