Kursk əməliyyatı buna görə başladı: Ağardan şok detallar

23-08-2024, 10:40           
Kursk əməliyyatı buna görə başladı:
Türkiyənin Baxçaşəhər Universitetinin Strateji Araşdırmalar Mərkəzinin sədri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağarın Axar.az-a müsahibəsi:

- Abdullah bəy, Ukrayna ölkə ərazisində müharibə gedə-gedə Kurskda irəliləməyə necə nail oldu?

- Artıq 16 gündür ki, Ukrayna ordusu Kurskdadır və baş verənlər digərlərindən çox fərqlidir. Hazırda təxminən 1200 kvadrat kilometr, yəni 40 km enində və 30 km dərinlikdə Rusiya ərazisi Ukraynanın nəzarətindədir. İndi əsas sual Ukraynanın burada daimi şəkildə qalıb-qalmamağı ilə bağlıdır. Çünki Rusiya da əks-həmlə üçün böyük hazırlıq içərisindədir. Əks-həmlə qələbə ilə bitməsə, rəsmi Moskva daha ağır nəticələrlə üzləşməli olacaq. Bəs bunu necə bacardılar? Əlbəttə, burada ABŞ və Böyük Britaniyanın böyük dəstəyi var. 44 günlük Qarabağ müharibəsi beşinci nəsil müharibənin ilk nümunəsidir. Ukraynada isə bu, daha böyük miqyasda icra edilir. Fikrimcə, Ukrayna HHM sistemlərinə inteqrasiya edilmiş bir sıra elektron döyüş metodları ilə Rusiyanın hərbi kəşfiyyatının imkanlarını məhdudlaşdırdı, onu hətta kor etdi. Daha sonra kamikadze PUA-ları və s. vasitəsilə rus mövqelərini atəşə tutublar. Atəş eyni zamanda artilleriya ilə də davam etdirilib. Ardınca hər tərəfdən “döyülən” və nə baş verdiyini anlamayan, zəiflik göstərən rus qüvvələrinə qarşı qurudan hücum edilib və kiçik bir ərazi ələ keçirilib. Bənzər taktika davam etdirilib. Yəni “ildırımsürətli hərəkat” gedib. İndi isə rus ordusunun ələ keçirilən ərazilərdəki qalıqlarının mühasirəni yarması, eyni zamanda dəstəyin gəlməsini əngəlləmək üçün körpülər vurulur, Ukrayna ordusu özünə mövqe tutur.

- Sizcə, Kiyev Kursk hərəkatı ilə geosiyasi baxımdan nəyi hədəfləyir?

- Hazırda Rusiya Ukrayna ərazisinin beşdə birini işğal edib və Kurskda ələ keçirilən ərazi bunun yüzdə biridir. Ona görə ərazilərin qarşılıqlı şəkildə geri qaytarılması məsələsinin müzakirəsi ehtimalı azdır. Əsas məsələ Kursk hərəkatının xüsusi hədəfidir və bu, Vladimir Putinin Azərbaycana səfəri zamanı cənab İlham Əliyevlə müzakirə edilən əsas mövzulardan biri olub. İndiki məqamda Qərbin təbii qaza çox böyük ehtiyacı var.

Müharibədən əvvəlki rəqəmlərə görə, AB-nin illik qaz ehtiyacı 541 milyard kubmetrdir. Bunun 216 milyard kubmetrini “Türk axını”, “Yamal” və Ukrayna vasitəsilə Rusiya təmin edirdi. Bu il Ukrayna üzərindən qazın nəqli ilə bağlı müqavilənin müddəti bitir. Ehtiyac isə o qədər böyükdür ki, onu başqa yerdən təmin etmək üçün infrastrukturun yenidən qurulması lazımdır. Ukraynadan keçən qaz kəmərinin həcmi isə 120 milyard kubmetrdir. Əsas gündəm mövzularından biri Azərbaycan qazının Ukrayna üzərindən Avropaya nəqlidir. Yəni Türkiyə ilə Azərbaycanın Rusiya qazından istifadə etməsini, çıxarılan təbii qazın isə Avropaya göndərilməsini istəyirlər. Hətta Vladimir Putinin təyyarəsinin Bakıya enməsindən sonra “Qazprom”un rəhbərlərini daşıyan təyyarənin gəldiyi ilə bağlı xəbərlər var. Kurskda isə Rusiyadan Ukraynaya daxil olan qaz kəmərinin əməliyyat mərkəzi yerləşir. Buranı da son əməliyyatla Ukrayna ələ keçirdi. Yəni Avropanı qazla təmin edəcək əsas boru xətti ilə bağlı təşəbbüsü Ukrayna vasitəsilə ABŞ və İngiltərənin əlinə aldığını görürük. “Şimal Axını-1” və “Şimal Axını-2” ilə birbaşa Almaniyaya 55 milyard kubmetr qaz ixrac ediləcəkdi. Təxribat baş verdi və xətt bağlandı. Bununla yanaşı, Rusiya Qara dəniz üzərindən Türkiyəyə gələn “Türk Axını” və “Mavi Axın”a qarşı sabotajın qarşısının alındığını açıqladı. Moskva bununla bağlı Ankaraya şikayət etdi və Ukraynanın Türkiyənin əsas qaz təminatı xəttini kəsməyə çalışdığını bildirdi. Sadaladığımız faktları göz önünə gətirdiyimiz zaman Kursk hərəkatının təməlində qorxunc geosiyasi enerji müharibəsinin dayandığını deyə bilərik.

- Geosiyasi mübarizənin qızışmasının Azərbaycan və Türkiyə üçün gətirdiyi riskləri necə dəyərləndirirsiniz?

- Baş verənlər Ankara və Bakıya da çox təsir edir. Çünki Rusiya ilə Trakya bölgəsində habın yaradılması ilə bağlı razılıq var idi. Yəni Türkiyə və Azərbaycan yalnız təbii qazı satmaq və tranzitlə mənfəət əldə etmir. Bu, həm də geosiyasi və təsir gücü ilə bağlı məsələdir. Demək ki, böyük mərkəzlər Rusiya və Qərb münasibətlərdə balansı qoruya bilən, daim ölkələrin ərazi bütövlüyü prinsipindən çıxış edən Azərbaycanla Türkiyənin təşəbbüsü ələ alaraq geosiyasi cəhətdən güclənməsini əngəlləmək istəyir. Bir də burada tək Azərbaycandan yox, Xəzər dənizi üzərindən nəql ediləcək qazdan da söhbət gedir. Özündə təhlükəsizliklə bağlı çox böyük risk daşıyan böyük geosiyasi proseslərlə qarşı-qarşıyayıq. Baş verənləri diqqətlə izləməli və addımlarımızı da buna görə atmalıyıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.