Rusiya prezidentinin Azərbaycana səfəri - Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl şərh edir
28-08-2024, 12:04
Rusiya prezidenti Vladimir Putin avqustun 19-da Azərbaycana iki günlük rəsmi səfər edib. Səfər zamanı Rusiya və Azərbaycan arasında bir sıra sənədlər imzalanıb. Rusiya prezidenti Azərbaycan prezident İlham Əliyevlə görüş zamanı Moskvanın Azərbaycan və Ermənistan arasında sülh prosesində vasitəçilik səylərini davam etdirməyə sadiq qaldığını bildirib. Bir sıra ekspertlər Rusiya prezidentinin səfərinin vaxtı və onun məqsədləri ilə bağlı suallar qaldırır. Vladimir Putinin səfəri Ukrayna hərbi qüvvələrinin Rusiyada Kurskda əməliyyatlarını davam etdirdiyi fonda edib. ABŞ-ın keçmiş Sovet İttifaqında milli məsələlər üzrə keçmiş müşaviri və Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl Amerikanın Səsinə müsahibədə səfərin məqsədləri və Rusiyanın regionda rolu haqda danışıb.
Amerikanın Səsi: Rusiya prezidenti Vladimir Putin iki günlük rəsmi səfərlə Azərbaycanda olub. Səfər zamanı prezident Putin və prezident Əliyev ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Siz vaxtı baxımından bu səfər və onun məqsədi barədə nə söyləyə bilərsiniz?
Paul Qobl: Ən əsas onu qeyd etmək lazımdır ki, cənab Putinin Beynəlxalq məhkəmənin qərarına görə həbs riski olmadan gedə biləcəyi ölkələrin sayı çox deyil. Amma Azərbaycan heç vaxt Roma Əsasnaməsini (Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi) ratifikasiya etməyib və ona görə də cənab Putin narahat olmadan Bakıya gedə bilər. Putinin Azərbaycana səfəri bir müddət əvvəl nəzərdə tutulmuşdu, lakin çoxları Ukraynanın Kursk vilayətinə müdaxiləsinə görə onun səfəri ləğv edəcəyini gözləyirdi. Onun bunu etməməsi faktı hər şeyin qaydasında olduğu və orada baş verənləri nəzərə alsaq, Kurskdakı hadisələrlə bağlı çox narahat olmağa ehtiyac olmadığına dair açıq şəkildə mesaj vermək cəhdidir. Bu, bir çox rusların ürəyincə deyil və Moskvadakı şərhçilər və Rusiya diasporu arasında çox tənqid olundu.
Cənab Putinin nəyə nail olmağa ümid etdiyinə gəlincə, əgər Putin indiki kursunu davam etdirmək istəyirsə, o, Qafqaz, Mərkəzi Asiya və ya Xəzər dənizindən keçən Şimal-Cənub dəhlizi adlanan Şimal-Cənub əlaqələrinin davam etdiyinə əmin olmalıdır. Çünki ona İrana və onu təchiz edəcək digər ölkələrə çıxış lazımdır. Buna görə də cənab Putinin birinci prioriteti bu dəhlizin açıq qalmasını təmin etməyə çalışmaqdır.
İkincisi, məncə, aydındır ki, Azərbaycan və Ermənistan 30 illik münaqişənin həlli ilə bağlı razılaşmaya yaxınlaşdığı vaxt, Moskvanın Cənubi Qafqazda təsir rıçaqları xeyli azalıb. Moskva Bakı ilə Yerevan arasında gərginlikdən öz maraqlarını təmin etmək üçün həmişə istifadə edə bilərdi. Bu, artıq belə deyil və buna görə də cənab Putin aşkar şəkildə vəziyyətdən istifadə edərək, iki ölkə arasında daha güclü olan Azərbaycana dəstək nümayiş etdirməyə çalışır. Düşünürəm ki, biz Moskvanın Bakıya daha çox diqqət yetirdiyini görəcəyik, çünki bir neçə il əvvəl çox müdrik azərbaycanlı şərhçinin dediyi kimi, Moskva üçün Cənubi Qafqazda Gürcüstan bir alət, Ermənistan vasitə, Azərbaycan isə mükafatdır və Putin birtəhər parçaları yığmağa çalışır. Bakı təkcə balanslaşdırılmış xarici siyasət deyil, həm də ümumilikdə həm Qərblə, həm də Moskva ilə sıx əlaqələr saxlayırdı. Buna görə də cənab Putinin bundan artıq nəyə nail ola biləcəyi bəlli deyil. Əslində, iki prezidentin birbaşa danışıqları, faktiki danışıqlar cəmi 3 saata yaxın davam edib, müəyyən tərcümə və başqa şeyləri nəzərə alsaq, əslində onların çox da uzun müddət danışmadıqlarını göstərir. Cənab Putinin azərbaycanlıları rus dilindən istifadəni müdafiə etdiklərinə görə tərifləməsi, bunu vurğulaması faktı Rusiya lideri üçün çətin ki, əhəmiyyətli nailiyyətdir.
Mən hesab edirəm ki, üçüncü məsələ ondan ibarət idi ki, Putinin xaricə gedə bilmək və dövlət səfəri etmək üçün harasa gedə biləcəyini göstərməyə böyük ehtiyacı var idi. Azərbaycanlılar buna məmmuniyyətlə razılaşdılar və o, Bakıya səfər etdi. Amma düşünürəm ki, bunun Moskvada əks təsiri olacaq, əksər insanlar onun Azərbaycanda rus dilinin istifadəsini təşviq etməkdənsə, Kurskda və ya Ukraynada baş verənlərə diqqət yetirməli olduğunu düşünürlər.
Amerikanın Səsi: Sizin qeyd etdiyiniz kimi, səfər Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların aparıldığı vaxta təsadüf edir. Keçən ay NATO sammiti çərçivəsində dövlət katibi Blinkenin iki ölkənin xarici işlər nazirləri ilə görüşü zamanı Vaşinqton tərəfindən diplomatik təkan verildi. Prezident Putin səfəri zamanı bildirib ki, Rusiya, onun dediyi kimi, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalara əsaslanan sülh sazişinə nail olmaq üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin asanlaşdırılması istiqamətində səylərini davam etdirəcək. Sizin fikrinizcə, Rusiya indiki mərhələdə sülh prosesinə necə töhfə verə bilər?
Paul Qobl: Düşünmürəm ki, verə bilər. Fikrimcə, mane olur. Gəlin açıq deyək: bir neçə il əvvəl 44 günlük müharibədən sonra qəbul edilən bəyannamədə onun əsas prinsipi kimi təkcə işğala, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması deyil, həm də hər bir ölkədən digər ölkənin istifadə edə biləcəyi tranzit yollarının açılması qeyd olunurdu. O vaxtdan bəri danışıqlar davam etdikcə, həm Bakı, həm də Yerevan bu yaxınlarda nəqliyyat marşrutlarının açılması ilə bağlı hər hansı bir məsələnin daxil edilməsi qərarından imtina etdilər, ona görə ki, onların bildirdiyinə görə, onlar bu məsələdə irəliləyişə nail ola bilmirlər. Buna görə də əslində, Moskvanın istifadə etməyi planlaşdırdığı bu tranzit marşrutlarının yenidən açılması ilə bağlı bəyan etdiyi məqsədi hətta sülh sazişi imzalansa belə reallaşmayacaq. Çox vaxt mürəkkəb məsələ ilə bağlı razılaşmaya yaxınlaşdığınız zaman razılaşma sadəcə olaraq bir çox məsələlərdən narahat olmamaq qərarına gəlmək yolu ilə əldə olunur. Beləliklə, sülh sazişi bir çox insanın gözlədiyi qədər əhatəli olmayacaq. Hesab edirəm ki, Rusiya sülh sazişindən istədiyini əldə etməyəcək. Bu da istifadə edə biləcəyi tranzit yollarının açılmasıdır. Amma əvəzində biz onun Cənubi Qafqazda təsirinin azaldığını görəcəyik, çünki o artıq Ermənistanı Azərbaycana, Azərbaycanı isə Ermənistana qarşı qoya bilməyəcək. Düşünürəm ki, hələ də cəhd edəcək, amma Rusiyanın bunu etmək qabiliyyətinin azalacağını düşünürəm. Buna görə də düşünürəm ki, çoxlarının gözlədiyi kimi, yaxın olan sülh sazişi bu ilin sonunda imzalansa, bu, Rusiya üçün uğur deyil, məğlubiyyət olardı və Moskva bərpa olmaq üçün əlindən gələni etməyə çalışacaq. Amma indiki məqamda bu baxımdan irəliləyişə nail olduğunu görmürəm.
Amerikanın Səsi: Siz həmçinin nəqliyyat marşrutlarını qeyd etdiniz. Bu, prezident Putinlə prezident Əliyev arasında müzakirələrin bir hissəsi olub. Sizin fikrinizcə, Moskvanın Ankara və Tehranla münasibətləri baxımından Rusiyanın regionda siyasi və iqtisadi məqsədləri nədən ibarətdir?
Paul Qobl: Hazırda cənab Putin üçün ən vacib şey onun İranla yaranmış ittifaqıdır. Çünki İran Moskvanı silahla təmin etmək iqtidarındadır və bunu edir. Və bu silahların bir hissəsi Azərbaycandan keçirdi. Cənab Putin açıq şəkildə daha çox şeyə ümid edir. [Silahları]Azərbaycandan keçirmək imkanı, burada dəmir yolu tutumu Xəzərdə daşıma qabiliyyəti və ya Mərkəzi Asiyadan daha uzun və daha mürəkkəb marşrutdan daha böyükdür. Buna görə də bu, cənab Putini narahat edən əsas məsələ idi. O həmçinin bəzən Moskva ilə işləyən, lakin daha çox onun əleyhinə çalışan Türkiyənin artan təsirini balanslaşdırmaq üçün İranın Cənubi Qafqazda rol oynamasını istəyir.